Məhkəmə qərarları › İş №3(074)-649/2024

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-649/2024

13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-649/2024 13.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş protokol baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, protokol düzgün tərtib edilmədiyindən və məhkəmə icraatı çərçivəsində isə tamamlanması mümkün olmadığından protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bu Məcəllənin 43.2-1-ci və 54.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər istisna olmaqla, rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli, 1361 nömrəli fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 45-ci bəndinə əsasən Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol: 45.1. malların istehsalına münasibətdə (qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehsalı istisna olmaqla) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi adından – bu Siyahının 40cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər; 45.2. qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin satılması, yaxud qida məhsulları, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı qadağan edilmiş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) istisna olmaqla malların satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 8.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər; 45.3. qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehsalına və ya satılmasına, yaxud qida məhsulları, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) münasibətdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi adından – bu Siyahının 18-1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən tərtib edilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan isə, həmin protokolun Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən tərtib olunması müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-in 442-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduğundan, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 43, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı Rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar