Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-69/2021 09.03.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Vəlxan oğlunun iştirakı ilə, xx.xx.1975-ci ildə Şamaxı rayonu Mirikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Şamaxı rayonu, Mirikənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Vəlxan oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Vəlxan oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 23.09.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Şamaxı Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli, 3(074)-319/2020 saylı qərarı ilə Şəxs Vəlxan oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində göstərilən inzibati xətanın tərkibi olmaması əsası ilə, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan tələbkar Zərərçəkmiş şəxs apellyasiya qaydasında şikayət verərək Şamaxı Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli, 3(074)-319/2020 saylı qərarının ləğv edilməsini və onun pulunun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsnin 07.01.2021-ci il tarixli, 3(105)-2/2021 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Şamaxı rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 3(074)-319/2020 saylı qərarı ləğv edilərək, işə yenidən baxılması üçün material Şamaxı rayon Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Vəlxan oğlu izahat verib bildirdi ki, o, barəsində olan məhkəmə qətnaməsinin icrasından yayınmır. Lakin İİ qrup əlil olduğundan işləmir. O, Bakı şəhəri Binəqədi rayonunda və Şamaxı rayonu Mirikənd kəndində olan özünə məxsus torpaq sahələrini satışa çıxarmış, ancaq indiyədək sata bilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, icra sənədi 2019-cu ildən icraya yönəldilsə də, indiyədək ona Şəxs Vəlxan oğlu tərəfindən cəmi 200 manat pul ödənilmişdir. Şəxs Vəlxan oğlunun borcunu ödəməyə maddi imkanı olsada hazırda qətnamənin icrasından yayınır. Buna görə də barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli 2(074)-1928/2018 saylı icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs Yasamal rayonu Yeni Yasamal yaşayış massivi 12 mərtəbəli yaşayış binasının 2-ci girişinin 11-ci mərtəbəsində yerləşən sahəsi 82 kv.m olan 143-cü mənzilinin əldə edilməsi üçün “xxxx” MMC-yə ödənilmiş 24000 manat pul vəsaitinə iddiaçının 1/2 hissədə payı müəyyən edilməli və həmin paya uyğun olaraq cavabdeh Şəxs Vəlxan oğlundan 12000 (on iki min) manat məbləğində pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 27 mart 2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs Vəlxan oğluna 10 gün müddətində icranı dərhal təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 27 mart 2019-cu il tarixli bildirişindən görünür ki, borclu Şəxs Vəlxan oğluna icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 8(074)-126/2019 saylı qərardadı ilə Şamaxı rayonu Mirikənd kəndində yerləşən JN 0074, kod 41013018 saylı Dövlət aktında göstərilən 2,95 ha torpaq sahəsinin borclu Şəxs Vəlxan oğluna məxsus hissəsinə həbs qoyulmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya şöbəsinin 10 dekabr 2019-cu il tarixli 5569/4 saylı məktubundan görünür ki, tələbkar Zərərçəkmiş şəxs ünvanlanmış məktubda torpaq sahəsinin borc məbləği əvəzinə götürülməsi ona təklif edilmişdir. İş materiallarında olan X1 26 avqust 2020-ci il tarixli 323 saylı məktubundan görünür ki, Şəxs Vəlxan oğlunun mülkiyyətində olan Şamaxı rayonu Mirikənd kəndində yerləşən 0,12 ha torapq sahəsi açıq hərraca çıxarılsa da, iştirakçı olmadığından hərrac baş tutmamışdır. Tələbkar Zərərçəkmiş şəxs 07 sentyabr 2020-ci il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinə teleqram göndərərək ona təklif edilmiş torpaq sahəsini qəbul etməkdən imtina etmişdir. İş materiallarında olan 23 sentyabr 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs Vəlxan oğlu icra vərəqəsi üzrə borcundan 200 manat ödəniş etmişdir. İş materiallarında olan borclu Şəxs Vəlxan oğlunun 23 sentyabr 2020-ci il tarxdə Şamaxı rayon İcra və Probasiya şöbəsinə verdiyi izahatda göstərmişdir ki, İİ qrup əlildir, 243 manat pensiya alir, icra sənədinin pensiyasına yönəldilməsini xahiş edir. İş materiallarında olan Şəxs Vəlxan oğlu haqqında olan sorğu sənədində onun əlilliyə görə 243,94 manat pensiya alması göstərilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Vəlxan oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Vəlxan oğlunun uzun müddət ərzində yəni icra məmuru tərəfindən icraatın başlandığı 27.03.2019-cu il tarixdən hal hazıradək məhkəmə qərarlarının icrasına laqeyd yanaşması, yalnız onun barəsində inzibati tənbeh təhdidinin mövcud olma hissini anladıqdan sonra borcun az bir hissəsini ödəməsi (23.09.2020-ci il tarixdə 200 manat) dövlət adından qəbul edilmiş məhkəmə qətnaməsinin üzrsüz səbəbdən icra edilməməsinə dəlalət edir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs Vəlxan oğluna inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Vəlxan oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Vəlxan oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-69/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-69/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver