Məhkəmə qərarları › İş №3(074)-76/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-76/2022

22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-76/2022 22.02.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X2, Zərərçəkmiş şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1989-cu ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 22.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında göstərdi ki, Şamaxı rayon Sabir qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs 18.12.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə və Şamaxı rayon polis Şöbəsinə müraciət edərək Yeddi Gümbez qəbirsanlığında mərhum həyat yoldaşı Mais Əliyevin məzarının ətrafına çəkilmiş dəmir barmaqlıqların oğurlanmasını bildirmişdir. Faktla əlaqədar Şamaxı rayon polis şöbəsinin İstintaq Bölməsində araşdırma aparılmış və həmin 65 metr uzunluğunda dəmir barmaqlıları oğurlayan şəxsin Şəxs olduğu müəyyən edilmiş, daha sonra həmin şəxsi 22.02.2022-ci il tarixində oğurluq etdiyi üçün polis şöbəsinə gətirilərkən o, polis əməkdaşlarının qanuni tələbərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 227 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 14.12.2021-ci il tarixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində olan “Yeddi Gümbəz” adlanan qəbiristanlığa mərhum atası Nəzirin qəbrini ziyarət etmək üçün getmiş, həmin zaman qəbiristanlıqda tanımadığı qəbirin ətrafına çəkilmiş dəmir hasarların olduğunu görmüş və düşünmüşdür ki, gecə gəlib həmin dəmirləri oğurlayıb aparıb evinin yanında olan bağçanın ətrafına çəkər və elə bu məqsədlə də 16.12.2021-ci il tarixdə, saat 23 radələrində Şamaxı rayonu Şəhriyar qəsəbəsində olan “Yeddi Günbəz” adlanan qəbiristanlığa gedərək oradan 65 metr dəmir barmaqlıqları sökmüş və idarə etdiyi Niva markalı, **-TT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin damına yığaraq iplə bağlayıb yaşadığı Şəhriyar qəsəbəsində olan evinə gətirərək evin həyətinə yığmışdır. Onun “Yeddi Gümbəz” adlanan qəbiristanlıqda qəbirlərin ətrafına çəkilmiş dəmir barmaqlıqları oğurlamaqda məqsədi həmin dəmir barmaqlıqların nasaz hissələrini təmir edərək qoz bağının ətrafına mühafizə hasarı çəkmək olmuşdur. Onun oğurladığı “Yeddi Gümbəz” adlanan qəbiristanlıqda qəbirin ətrafına çəkilmiş dəmir barmaqlıqlar yaşadığı Şamaxı rayonu Şəhriyar qəsəbəsindəki evinin həyətindədir, onları qaytara bilər. O, “Yeddi Gümbəz” adlanan qəbiristanlıqda cəmi bir qəbirin ətrafına çəkilmiş dəmir barmaqlıqları oğurlamışdır. Oğurladığı qəbrin ətrafına çəkilmiş dəmir barmaqlıqların kimə məxsus olmasını bilməsə də, sonradan ona məlum olmuşdur ki, həmin oğurladığı dəmir barmaqlıqlar Zərərçəkmiş şəxs mərhum həyat yoldaşının qəbirinin ətrafına çəkilmiş barmaqlıqlardır. Zərərçəkmiş şəxsdən üzr istəmiş və etdiyi əməldən peşman olmasını bildirmişdir. Eyni zamanda 22.02.2022-ci il tarixdə o, evinə gələrkən yolda polis əməkdaşları ilə rastlaşmış, onlar onu polis şöbəsinə dəvət etmişlər, lakin o, onlara paltarlarının pis vəziyyətdə olduğu üçün evə gedib paltarlarını dəyişdikdən sonra onlarla birgə polis şöbəsinə gedəcəyini bildirmiş, lakin polis əməkdaşı onu tutaraq buraxmamış, o, polisin əlindən çıxıb evə girmiş, onun ardıncada polis əməkdaşı da həyətə daxil olmuşdur. Bu zaman onun saxladığı it polis əməkdaşının üstünə qaçıb onu ayağından dişləmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkir. Barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, Şəxs heç bir polis əməkdaşlarına tabesizlik etməmiş, sadəcə paltarlarının pis vəziyyətdə olduğu üçün evə gedib paltarlarını dəyişdikdən sonra onlarla birgə polis şöbəsinə gedəcəyini bildirmiş, eyni zamanda xırda talama ilə bağlı Şəxs etdiyi əməli səmimi etiraf etmiş, etdiyi əməldən peşman olmasını, eləcədə zərərçəkmiş şəxsdən dəfələrlə üzr istəmişdir. Müdafiəçi bunların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, onun həyat yoldaşı Mais Əliyev 1989-cu ildə dünyasını dayişmişdir. Onlar onu Şamaxı rayonu Yeddi Gümbəz qəbristanlığında dəfn etdirmişlər. Onlar sonra qəbrin üzərinə daş saldırmışlar, məzarın ətrafında təxminən 10 metr enində 13 metr uzununda yeri dəmir barmaqlıq düzəltdirərək çəpər çəkmişlər. Həmin vaxtdan indiyə kimi müxtəlif vaxtlarda qəbristanlığa gedərək həyat yoldaşı Maisin qəbrini ziyarət etmişlər. Sonuncu dəfə 15.12.2021-ci il tarixdə oğlu Kamal Əliyev dünyasını dəyişmiş qohumlarını dəfn etməyə gələrkən atasının qəbrini ziyarət etmiş, həmin vaxtı dəmir barmaqlıqlar yerində olmuşdur. 18.12.2021-ci il tarixdə o, həyat yoldaşı Maisin məzarını ziyarətə gedən zaman, məzarın ətrafına çəkilmiş dəmir barmaqlıqların yerində olmadığını, oğurlandığını görmüşdür. Bundan sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq məlumat vermişdir. Hesab edir ki, Şəxs həyat yoldaşı Maisin məzarının ətrafına çəkilmiş dəmir barmaqlıqları qəsdən oğurlamışdır. Şəxsla barışmamış, ondan şikayətçidir. Buna görə də, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş RPŞ-İTB-nin polis sahə nəfəri, polis serjantı X4 izahat verib bildirdi ki, Zərərçəkmiş şəxs mərhum həyat yoldaşının qəbrindən dəmir barmaqlıqların oğurlanması ilə bağlı təhqiqat araşdırması zamanı oğurluq edən şəxsin Vüqar adlı şəxs olduğu onlara məlum olmuş, həmin şəxsi Şamaxı Rayon Polis Şöbəsinə dəvət etmişlər, həmin şəxs gəlməkdən imtina etmiş və tabesizlik edərək yanlarından uzaqlaşıb getmək istəmişdir. Onlar onun yaşadığı ünvana getmişlər, yaşadığı ünvana çatarkən onlara müqavimət göstərərək Şəhriyar qəsəbəsində yerləşən evindən küçə ilə qaçmağa başlamış, polis əməkdaşları Famil Məmmədov onun arxası ilə qaçarkən həyətə girmək istəmiş, qapı açılarkən Famil onlardan öndə olduğundan həmin şəxsə çatmış və küçə qapısına çatarkən Famil onu tutmuş, lakin həmin şəxs öz hərəkətlərini davam etdirmiş, küçə qapısı açıq olduğundan Vüqar adlı şəxsə məxsus it Familin üstünə qaçıb onu sağ ayağından dişləmişdir. Vüqar həyətə daxil olarkən səslər çıxararaq iti Familin üstünə salmışdır. Sonra Familə köməklik göstərərək iti uzaqlaşdırıb Famili Şamaxı RMX-na aparmışlar. Daha sonra Şamaxı Rayon Polis Şöbsinin əməkdaşları tərəfindən həmin şəxs Şamaxı RPŞ-nə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş RPŞ-İTB-nin polis sahə nəfəri, polis baş serjantı X1 şahid RPŞ-İTB-nin polis sahə nəfəri, polis serjantı X4 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 04 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Şamaxı rayonu, Sabir qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs qzının müraciəti əsasında aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, 16.12.2021-ci il il tarixdə Şəxs Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən “Yeddi Künbəz” adlanan qəbirstanlıqda Zərərçəkmiş şəxs mərhum həyat yoldaşı Mais Əliyevin məzarının ətrafına çəkilmiş ümumi dəyəri 455 manat olan dəmir barmaqlıqları gizli olaraq talamışdır. Toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, həmin şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin barəsində qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Şamaxı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, proses iştirakçılarının izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən etdi. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və İXM-nin 227-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin sanksiyası çərçivəsində 1(bir) ay 15 (on beş) gün müddətə inzibati həbs olunsun. İnzibati həbs etmənin əvvəli 22 fevral 2022-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar