Məhkəmə qərarları › İş №3(074)-76/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-76/2023

03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-76/2023 03.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Şamaxı RPŞ-nin İTB-nın sahə rəisi X1 iştirakı ilə, xx.xx.1988-ci ildə Qazaxıstan Respublikasının Cambul vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Konserv zavodu a/y-da qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə İnzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuşdur ki, o, xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində Şamaxı rayonu, “Ağsu dairəsi” adlanan yerdə uca səslə nəlayiq ifadələr işlətmiş və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etirafedici izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Şamaxı rayonu, “Ağsu dairəsi” adlanan yerdə tanışı ilə telefonla danışarkən, əsəbləşib nəlayiq ifadələr işlətmişdir. Həmin vaxt yaxınlıqda bir neçə şəxs də olmuşdur. Daha sonra ətrafda olan polis əməkdaşları yaxınlaşıb, ona xəbərdarlıq etsələr də, o, əsəbli olduğundan, polis əməkdaşlarının tələbinə tabe olmamış və aralarında mübahisə yaranmışdır. Hazırda əməlindən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında Şamaxı RPŞ-nin İTB-nın sahə rəisi X2 göstərdi ki, Şəxs adlı şəxs xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində Şamaxı rayonu, “Ağsu dairəsi” adlanan yerdə, ətrafında olan kənar şəxslərin yanında telefonla danışarkən, ucadan nəlayiq ifadələr işlətmiş və ona yaxınlaşıb intizama dəvət edən xidmətdə olan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla bağlı, tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə İnzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi Qorxmaz Eynullayevin raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində Şamaxı şəhəri, “Ağsu dairəsi” yaxınlığında xidmətdə olarkən, adı sonradan məlum olan Şəxs telefonla danışarkən, ucadan ünvansız nəlayiq ifadələr işlətməsini eşidib, həmin şəxsə yaxınlaşmış, özünü təqdim edib, ictimai qaydanı pozmasını izah edərkən, sonuncu ona “get işinlə məşğul ol” deyərək, öz qanunsuz əməllərinə davam etmiş və o, həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsə də, sonuncu onun qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən, həmin şəxsi rayon polis şöbəsinə dəvət etmiş və polis şöbəsində həmin şəxsin Şamaxı şəhər sakini Şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan İnzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli AZA 019659 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 09:10-da inzinbati qaydada tutulmuş və xx.xx.2023-cü il tarixdə, saat 09:30-da azad edilmişdir. Göründüyü kimi, Şəxs tərəfindən inzibati xətaların törədilməsi onun etirafedici izahatı, iş materialları və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və o, daha ciddi xətanı əhatə edən İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə cəza təyin olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq edilərkən, Şəxs xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu müddət nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu müddət nəzərə alınmaqla, üzərində qəti olaraq 7 (yeddi) gün müddətinə inzibati həbs saxlanılsın. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il tarix, saat 12:00-dan hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı Rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar