Məhkəmə qərarları › İş №3(074)-78/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-78/2021

25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-78/2021 25.02.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Şamaxı rayonu, Lenin sovxozunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 24.02.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında göstərdi ki, Şəxs 24.02.2021-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan bir ədəd “İJ” 58 markalı, P- 15107 nömrəli, iki lüləli, 16 kalibrli ov silahını Şamaxı rayonu, Kələxana kəndində öz üzərində daşımış və həmin silahla ov qaydalarını kobud şəkildə pozaraq lazımi icazə olmadan bir ədəd “çöl ördəyi” ovlamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü və 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 24.02.2021-ci il tarixdə təxminən saat 15:30 radələrində Şəhriyar qəsəbəsində yaşayan tanışı Kavus Şirəliyev ilə birlikdə ov ovlamaq məqsədi ilə Kələxana kəndi istiqamətinə getmişlər. Kələxana yaxınlığında göl kənarlarında olan zaman hər biri ov silahı ilə bir ədəd yaşılbaş ördək vurmuş, bir qədər sonra polis əməkdaşları onlara yaxınlaşmış, ov silahlarının sənədlərini tələb etmiş, silahın sənədlərinin olmadığını bildirdikdə isə, onları rayon polis şöbəsinə dəvət etmişlər. İş materiallarında olan 24.02.2021-ci il tarixli raportdan görünür ki, 24.02.2021-ci il tarixdə Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X4 RPŞ-nin İTB polis nəfərləri Ziya Məmmədov və X2 rayonu, Şəhriyar qəsəbəsi yaxınlığında xidmətdə olan zaman iki nəfər şəxsin ov etdiklərini görmüş və onlara yaxınlaşmış, onların hər birinin üzərində bir ədəd ov silahı və bir ədəd “çöl ördəyi” olmuş, daha sonra həmin şəxslərin Kavus Şiraliyev və Şəxs olduqları məlum olmuş, Kavus Şiraliyev üzərində daşıdığı ov silahının qardaşı Qahir Şiraliyevə məxsus olduğunu bildirsə də, Şəxs üzərində daşıdığı ov silahının sənədlərinin olmadığını bildirmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü və 590.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün məhkəməyə verdiyi izahatı, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunmuş normalarını əsas götürərək Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını həmçinin İXM-nin 34.3-cü maddəsinin tələblərini nəzərə alıb, hesab edir ki, Şəxs İXM-nin 272.3-cü və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və ona İXM-nin 272.3-cü maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın törədilməsində istifadə olmuş alət müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın törədilməsində istifadə olmuş bir ədəd “İJ” 58 markalı, P-15107 nömrəli, iki lüləli, 16 kalibrli ov silahı müsadirə edilməklə 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar