Məhkəmə qərarları › İş №3(074)-83/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-83/2021

18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-83/2021 18.03.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şamaxı rayon Polis Şöbəsinin MN ******* nömrəli, 26.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində qəbul edilmiş, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şamaxı rayon Polis Şöbəsinin MN ******* nömrəli, 26.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 26 fevral 2021-ci il tarixdə şəxsi avtomobili ilə Şamaxı rayon Sabir qəsəbəsi ərazisində olarkən, Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən, saxlanılaraq avtomaşını yoxlanılmış, bu zaman avtomaşında ona məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq, qanuni iki ov silahı (üzlükdə) aşkar edilmişdir. O, silaha aid sənədi təqdim etmiş, lakin Şamaxı rayon polis şöbəsinin əməkdaşlarının işbilməməzliyi üzündən o, avtomaşını ilə birlikdə polis şöbəsinə aparılmış, orada qərar qəbul edərək protokol tərtib edilmişdir. Saxlanıldığı yerdə isə heç bir akt və ya protokol tərtib olunmamışdır. Hesab edir ki, barəsində tərtib olunmuş qərar və inzibati protokol inzibati prosessual normalarının tələblərinə uyğun tərtib edilməmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, o, həmin vaxt ərazidə avtomobilindən 100 metr kənarda olmuşdur. Avtomobilində iki ədəd səndləri qaydasında olan silahı olmuşdur. Polis əməkdaşları ondan sənədlərini yoxlamaq üçün silahları gətirməsini xahiş etmişdir. O, protokolu hadisə yerində yazmalarını polis əməkdaşlarına bildirmişdir. Bundan əvvəl isə silahlar onun əlində olmamış, onlar qablarında avtomobildə olmuşlar. Həmçinin onu da bildirdi ki, onun silahları həmişdə avtomobilində olur. Buna görə də şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin izahatını dinləyərək, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şamaxı rayon Polis Şöbəsinin MN ******* nömrəli, 26.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X4 26.02.2021-ci il tarixdə Şamaxı rayonu Sabir qəsəbəsi ərazisində avtomobilində özünə məxsus iki ədəd sənədli silahın daşınması və saxlanması qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə təqsirli bilinərək, 50 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 05.02.2016-cı il tarixli 14 nömrəli şəhadətnamənin surətindən görünür ki, X3 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi tərəfindən “Maqnum” markalı, bir lüləli, 94-1208742 nömrəli yivsiz ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmişdir. İş materiallarında olan 17.12.2016-cı il tarixli 1499 nömrəli şəhadətnamənin surətindən görünür ki, X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən 12 kalibrli, “MR-155” markalı, ********** nömrəli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmişdir. İş materiallarında olan X2 Şamaxı rayon Polis Şöbəsinə verdiyi izahatdan görünür ki, o, 26.02.2021-ci il tarixdə Şamaxı rayon Sabir qəsəbəsində olan dayısı Elşənə məxsus bağa dayısının yanına getmiş, həmin vaxt dayısı Elşənin əlində özünə məxsus mülki ov silahı olmuşdur. Dayısı Elşənlə söhbət edən zaman həmin ərazidə xidmət edən polis əməkdaşları onlara yaxınlaşmış, mülki ov silahının saxlanma və daşınma qaydalarını pozduğunu dayısı Elşənə izah etmiş, həmin vaxt o, öz avtomobilinin yük yerini açdığı zaman yük yerində özünə məxsus bir ədəd 12 kalibirli MR-155 markalı ********** nömrəli, bir ədəd Maqnum markalı 94-1208742 nömrəli mülki ov silahınə götürmüşlər. Silahlar söklü vəziyyətdə silah çantasında olmadığı üçün silahın saxlama və daşınması qaydasını pozduğunu bildirərək onu rayon polis şöbəsinə dəvət etmişlər. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması” qaydalarının 3.13-cü bəndinə görə vətəndaşlar əldə etdikləri mülki silahı və onun döyüş sursatını özlərinin yaşayış yerlərində həmin silah və sursatın mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən onların ələ keçməsini istisna edən, etibarlı şəkildə bağlı olan yerlərdə saxlamalıdırlar. Həmin qaydaların 4.4-cü bəndinə əsasən vətəndaşlar özləri ilə onlara məxsus olan özünümüdafiə silahını hər zaman, odlu ov və idman silahını isə müvafiq olaraq ovla məşğul olduqları zaman və ya idman yarışlarının, yaxud təlim-atəş məşqlərinin keçirilməsi zamanı gəzdirə bilərlər. Həmin qaydaların 4.6-cı bəndinə əsasən silahların, onların gəzdirilməsi zamanı döyüş vəziyyətində olmasına, bir qayda olaraq, yol verilmir. Silahlar gəzdirilərkən onların döyüş vəziyyətinə gətirilməsinə yalnız zəruri müdafiə və son zərurət şəraitində qanunvericiliklə müəyyən edilmiş hallarda yol verilir. Həmin qaydaların 4.7-ci bəndinə əsasən yivli və yivsiz odlu uzun lüləli ov silahları çexolda, qısa lüləli və idman silahı isə qoburda gəzdirilməlidir. X2 Şamaxı rayon Polis Şöbəsinə verdiyi izahatdan görünür ki, həmin vaxt silahlar söklü vəziyyətdə silah çantasında olmadığı üçün polis əməkdaşları ona silahın saxlama və daşınması qaydasını pozduğunu bildirmişlər. Həmçinin o, məhkəmə iclasında da ona məxsus olan silahların həmişdə avtomobilində olduğunu bildirmişdir. Göründüyü kimi X2 iş üzrə verdiyi izahatlarla inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şamaxı rayon Polis Şöbəsinin MN ******* nömrəli, 26.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunidir və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şamaxı rayon Polis Şöbəsinin MN ******* nömrəli, 26.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar