Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-91/2021 29.03.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Şamaxı rayonu, Sabir qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Şamaxı rayonu, Qızmeydan kəndində qeydiyyatda olan və Şamaxı rayonu, Sabir qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 29.03.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında göstərdi ki, 18.03.2021-ci il tarixdə Şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "19 nömrəli "xxxx" MMC-nin qarşısında həmin idarənin işçilərini nəlayiq söyüşlərlə söyüb təhqir edərək ictimai asayişi pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, yol idarəsinin müdiri Nazim adlı şəxsi uzun müddətdir ki tanıyır. Onunla münasibətləri normal olub, aralarında hər hansısa bir düşmənçilik və ədavət olmamışdır. 18.03.2021-ci il tarixində təxminən saat 16:00 radələrində o, ustanın qaz balonunu götürmək məqsədi ilə Sabir qəsəbəsində yerləşən yol idarəsinə getmiş, orada olan zaman o, işçilərə balonu niyə vermədiyini soruşmuş, bu zaman orada olan işçilər küçəyə çıxaraq və onunla mübahisə etməyə başlamışlar. Ola bilsin ki, həmin vaxt əsəbi olduğundan o, da işçilərə səsini yüksəltmiş və onlarla kobud danışmışdır. Buna görə də hazırda etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, 19 saylı yol idarəsində sahə rəisi vəzifəsində işləyir. İntiqam adlı şəxsi əvvəllər tanımayıb. Aralarında hər hansısa bir ədavət və düşmənçilik olmayıb. 18.03.2021ci il tarixində idarədə olan zaman idarənin qarşısında səs küy olduğunu görüb ora yaxınlaşmış və orada bir nəfər şəxsin işçilərin və müdriyyətin ünvanına nalayiq ifadələr işlətdiyini görmüşdür. Onu orada sakitləşdirmək istəsələrdə o, hədə qorxu gələrək idarəni tərk etmələrini və 15 dəqiqədən sonra oranı partladacağını bildirmişdir. Həmin şəxsin içkili olduğunu və öz əməllərini davam etdirdiyini görüb DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verib bildirdi ki, İntiqam adlı şəxs 18.03.2021-ci il tarixində işlədiyi yol idarəsinə gələrək səs-küy salmış, səbəbsiz yerə küçədə işçiləri və rəhbərliyi nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Onu sakitləşdirmək istəsələrdə o, hədə qorxu gələrək idarəni tərk etmələrini və 15 dəqiqədən sonra oranı partladacağını bildirmişdir. İntiqamın ilk baxışdan sərxoş olduğu göründüyü üçün ona qarşı hər hansı bir hərəkət etməyərək onun barəsində müvafiq araşdırma aparılması üçün DİNnin 102 xidmətinə məlumat verərmişlər. Hadisə təxminən 15-20 dəqiqə davam etmiş və həmin zaman ətrafda başqa insanlar da yığışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verib bildirdi ki, o, əvvəllər həmin idarədə işləmişdir. İntiqam adlı şəxsi yaşadığı qəsəbədən tanıyır. O, işdən çıxdıqdan sonra İntiqam və Ağamikayıl adlı şəxslər tez-tez onun ünvanına gələrək təklif etmişlər ki, yol idarəsinin müdiri Nazim adlı şəxs barəsində birlikdə böhtan xarakterli şikayətlər yazsınlar, lakin bunlarla razı olmamışdır. Həmin şəxslərin məqsədi Nazim adlı şəxsin vəzifədən kənarlaşdırmaq olmuşdur. 18.03.2021-ci il tarixdə orda olmamış, bu barədə işçilərdən xəbər tutmuşdur. İş materiallarında olan 18.03.2021-ci il tarixli raportdan görünür ki, Şamaxı rayonu, Pirsaat ərazisində yerləşən "19 nömrəli "xxxx" MMC-nin işçisi Zeynallı X2 İntiqam adlı şəxsin onun işlədiyi idarəyə gələrək münaqişə etməsi, onları videoya çəkməsi və rəhbərliyi təhqir etməsi barədə məlumat vermişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, onun yaşını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 510-cu maddəsinin sansiyasında nəzərədə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-91/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-91/2021
29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver