Məhkəmə qərarları › İş №3(074)-91/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-91/2022

04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-91/2022 04.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Ona görə ki, Şəxs Şamaxı rayon Məhkəməsinin 16.10.2019-cu il tarixli 2(074)-1096/2019 saylı icra sənədinin icrasından yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, həmin borcu götürüb başqasına vermiş, elə bilmiş ki, həmin şəxs ödənişlər edir, amma nəticədə heç bir ödəniş olunmayıb. Bu gün borcundan 50 manat ödəniş etmişdir. Qalan borcunu isə ödəyəcəyini bildirdi. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahat verib bildirdi ki, Şəxs borcunun ödənilməsindən boyun qaçırmamış, sadəcə həmin borcu götürüb başqasına vermiş, elə bilmiş ki, həmin şəxs ödənişlər edir, amma nəticədə heç bir ödəniş olunmayıb. Bu gün borcundan 50 manat ödəniş etmiş, qalan borcunu isə çalışıb ödəyəcəkdir. Müdafiəçi bunların nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verib bildirmişdir ki, Şamaxı rayon Məhkəməsinin 16.10.2019-cu il tarixli 2(074)-1096/2019 saylı icra sənədinə əsasən borclu Şəxs "xxxx" MMC-nin xeyrinə cəmi 1275 manat borc və 30 ödənilməmiş dövlət rüsumu tutulmalııdır. Borclu Şəxs borcunu ödəməsi barədə rəsmi və şifahi xəbardarlıq edilməsinə baxmayaraq o, icra sənədinin icrasından yayınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 16.10.2019-cu il tarixli 2(074)- 1096/2019 saylı icra vərəqəsinin surətindən görünür ki, icra sənədinə əsasən borclu Şəxs "xxxx" MMC-nin xeyrinə cəmi 1275 manat borc və 30 ödənilməmiş dövlət rüsumu tutulmalııdır. İş materiallarında olan 04.03.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Şəxs borcundan 50 manat ödəniş etmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 21.01.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, borclu Şəxs icranı dərhal həyata keçirməsi tələb olunmuşdur. Məhkəmə baxışında müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcundan yayınmamış və boyun qaçırmamışdır. O, 04.03.2022ci il tarixdə borcundan 50 manat ödəniş etmişdir. Həmçinin borcundan ödəyəcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, borclu icra sənədinin icrasından yayınmamış, əməlində inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 3cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 1 saat hüquqi yardıma görə 6 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 1 saat hüquqi yardıma görə 6 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən Vəkil hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar