Məhkəmə qərarları › İş №3(074)-93/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-93/2021

31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-93/2021 31.03.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Qobustan rayonu, Cəmcəmli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 31.03.2021-ci il tarixli, MN ******* saylı və 31.03.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokollar baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında 31.03.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, 30.03.2021-ci il tarixində saat təxminən 23:00 radələrində Şamaxı RPŞ-nin DYPB-yə məxsus olan Kia markalı **-YP-*** dövlət qeydiyyat nömrəli avtomaşınla polis əməkdaşları Rauf Ağayev və Ruxsar Məmmədovla birlikdə xidmətdə olarkən **-GH-*** dövlət qeydiyyat nömrə nişanlı vaz 2106 markalı avtomaşınının sürücüsü uzaqvuran işıqlardan düzgün istifadə etmədiyi üçün həmin sürücüyə saxla işarəsi verilmiş, lakin sürücü onların qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 30.03.2021-ci il tarixində Qobustan rayonunda yaşayan bacısı gilə qonaq getmiş, həmin gün axşam saat 20:00 radələrində yemək yeyərkən bir qədər spirtli içki qəbul etmiş, daha sonra vaz 2106 markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Şamaxıya gəlmiş, Şamaxı şəhərində M.Hadi küçəsində evə çatmamış yol patrul xidmətinin avtomobili ona saxla işarəsi vermiş, o, idarə ediyi avtomobili yolun kənar hissəsində saxlamış, yol patrul xidmətinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdə, o, idarə etdiyi avtomobildən düşmüş, polis əməkdaşları avtomobilin sənədlərini istəyərkən ondan spirtli içki iyi gəldiyi üçün, spirtli içki qəbul edibetmədiyi soruşulmuş, o, polis əməkdaşlarına bir qədər spirtli içki qəbul etdiyini bildirmiş, polis əməkdaşları onun spirtli içki qəbul etdiyi üçün avtomobilinin rayon polis şöbəsinin müvəqqəti duracağına yerləşdirilməli olduğunu bildirmişdir. O, polis əməkdaşlarına avtomobildə ailəsinin olduğunu, onları evə apardıqdan sonra gələcəyini bildirmiş, lakin polis əməkdaşları onun sözünə etiraz edib avtomobili polis şöbəsinə gətirmək istədikdə onlar arasında mübahisə yaranmış, bir neçə dəqiqə sonra post patrul xidmətinin əməkdaşları ora gələrək onu post patrul xidmətinini avtomobilinə əyləşdirərək rayon polis şöbəsinə gətirmişlər. Buna görə də əməlindən peşmandır. Barəsində cərimə cəzasının seçilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşı X3 izahat verib bildirdi ki, 30.03.2021-ci il tarixində gecə təxminən 23:00 radələrində Şamaxı RPŞ-nin DYPB-yə məxsus olan Kia markalı **-YP-*** dövlət qeydiyyat nömrəli avtomaşınla postaçı yoldaşı polis leytenantı Ruxar Məmmədovla birlikdə xidmətdə olarkən **-GH-*** dövlət qeydiyyat nömrə nişanlı vaz 2106 markalı avtomaşınının sürücüsü uzaqvuran işıqlardan düzgün istifadə etmədiyi üçün həmin sürücüyə saxla işarəsi vermiş, avtomaşının sürücüsü saxla işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirərək Şamaxı şəhər C.Əliyev küçəsində yolun kənar hissəsində saxlamışdır. Sürücüyə yaxınlaşıb özünü təqdim edib etdiyi qayda pozuntusunu izah etdikdə, sürücüdən kəskin spirt iyi gəldiyi üçün sürücünün avtomaşından düşməsini istəmiş, avtomaşını idarə edən və sonradan adının Şəxs olduğunu bildiyi şəxs sükandan düşmək istəməmiş, bir neçə dəfə həmin şəxsi nizam-intizama dəvət etdikdə o, öz hərəkətlərini davam etdirərək qanunun tələblərinə əməl etmədiyi üçün bu barədə efir vasitəsi ilə kömək istəmiş, təxminən bir neçə dəqiqə sonra rayon polis şöbəsinin post patrul xidmətinin əməkdaşları hadisə yerinə gəlmiş, Şəxs bir neçə dəfə nizam-intizama dəvət etsələr də, o, polisin qanuni tələblərinə tabe olmadığı üçün Şəxs post patrul xidmətinin avtomaşınına əyləşdirərək rayon polis şöbəsinə gətirərək idarə etdiyi avtomaşını müvəqqəti duracaqa yerləşdirərək qanuna uyğun protokol tərtib etmişdir. Şəxs spirtli içki qəbul etdiyi üçün həkim müayinəsindən keçərkən, ağır dərəcəli sərxoş olduğu müəyyən olunmuşdur. Həmçinin onun sürücülük hüququ olmamışdır. İş materiallarında olan 30.03.2021-ci il tarixli BB № 018957 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 30.03.2021-ci il tarixdə saat 23:00 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Şamaxı RPŞ-nin DYPB-nin rəisinin 31.03.2021-ci il tarixli arayışından görünür ki, Şəxs sürücülük vəsiqəsinin olub-olmaması Azərbaycan Respublikasının DİN-nin BDYPİ-nin mərkəzi məlumat bazasında yoxlanılmış və onun sürücülük vəsiqəsinin olmaması müəyyən edilmişdir. İş materiallarında olan 31.03.2021-ci il tarixli Sərxəşluq vəziyyətinin tibbi müayinəsi barədə 91 saylı aktdan görünür ki, Şəxs 31.03.2021-ci il tarixdə saat 00:10 radələrində ağır dərəcədə sərxoş olmuşdur. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd edilən Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli isə onun ayıldığı yəni 31 mart 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 31 mart 2021-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar