Məhkəmə qərarları › İş №3(074)-94/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-94/2025

28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-94/2025 28.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Səlahiyyətli orqan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri X4 və X6, Şikayət vermiş şəxs X1 və onun müdafiəçisi “AAA” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və barəsində aparılan iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 23 yanvar 2025-ci ildə özünü Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı kimi təqdim edən şəxslər tərəfindən "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi (şimal hissəsi) ünvanda yerləşən aqrokimyəvi maddələrin saxlanc anbarına plandankənar yoxlama aparılması adı ilə baxış keçirilmişdir. Yoxlamanın keçirilməsinin səbəbi barədə heç bir məlumat verilməmişdir. Yoxlama zamanı tərtib olunan MN ******* saylı, 23 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokolda anbarda istifadə müddəti bitmiş aqrokimyəvi maddənin mövcud olduğu və guya onun tərəfindən (vəzifəli şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Protokol əsassız və qanunsuz olduğundan imzalamaqdan imtina etmişdir. 24 yanvar 2025-ci ildə daxil olmuş Agentliyin Bakı Regional Bölməsinin 23 yanvar 2025-cii il tarixli, 3-44-1/2-1-433/25 saylı məktubu ilə inzibati xəta haqqında işə baxılmasında iştirak etmək üçün 31 yanvar 2025-ci il tarixində saat 17:00-da Agentliyin Bakı Regional Bölməsinə gəlməyi tələb edilmişdir. 31 yanvar 2025-ci il tarixində göstərilən saatdan da əvvəl 16:30-da vəkil-nümayəndə ilə birlikdə göstərilən ünvanda olmuşlar. Onları Bölmənin əməkdaşı X7 qəbul etmişdir. Çox böyük təəssüflə qeyd edir ki, görüşün ilk dəqiqələrində inzibati xəta haqqında işə baxılması üçün dəvətin “formal olduğu, sadəcə görünüş yaratmaq məqsədilə təşkil olunduğu aydın olduşdur. Belə ki, hələ heç bir araşdırma aparılmadan, hər hansı etirazlarının, sübutun olub-olmaması aydınlaşdırılmadan, mövqeyləri öyrənilmədən Rəşad Əbdülzadə artıq tərtib və təsdiq edilmiş inzibati tənbehvermə haqqında qərarı təqdim etmiş və qərarın hazır olduğu bildirmişdir. Qarşılaşdıqları qanunsuz mənzərə qarşısında etirazlarını bildirərək, belə olan halda hansı səbəbdən dəvət edildiklərini, nəyə görə mövqeyləri öyrənilmədən və iştirakları olmadan təyin edilmiş vaxtdan əvvəl inzibati xəta haqqında işə baxıldığı və inzibati tənbehvermə barədə qərarın qəbul edilməsini soruşduqda Əbdülzadə heç bir izah verə bilməmiş və məsələnin dərhal aktlaşdırılması tələbləri qarşısında rəhbərliyə məlumat verməklə aktlaşdırmanı təmin edəcəyini bildirmişdir. Görünən odur ki, etirazlarından sonra uzun müddət ərzində ciddi müzakirə aparan Bölmə rəhbərliyi yol verilmiş qanunsuzluğu ört-basdır etmək üçün çarəni kobud və hədə-qorxu xarakterli danışıqlarda tapmış və rəis müavini və adını və vəzifəsini təqdim etməyən əməkdaş onları qəbul edərək kiçik bir uşağı aldadırmışcasına gah qəbul edilmiş qərarın mövcud olmadığını, gah qərarı dəyişə biləcəklərini, əgər etirazları onları qane etsə qərarı ləğv edə biləcəklərini bildirməklə məsələnin öz xeyirlərinə həllinə nail olmağa çalışsalar da, onların qanunsuz hərəkətlərinə etiraz edərək, şikayət edəcəkləri bildirmişlər. Bundan sonra artıq inzibati tənbehvermə haqqında qərarı imzalamış rəis vəzifəsini icra edən Elşad Cəbrayılovun qəbuluna dəvət edilmişlər. Cəbrayılov da yol verilmiş qanunsuzluğun fərqinə vardığından gah belə qərarın qəbul edilmədiyini, gah inzibati xəta haqqında işə onun tərəfindən baxıldığını, əgər istəsə qərarı ləğv edə biləcəyini bildirməklə etirazlarının qarşısını almağa çalışmışdır. Təəssüf ki, mövqeyləri ətraflı şəkildə izah etslərdə və etirazlarına əks olan hər hansı dəlilə istinad edilə və hüquqi mövqe ifadə edilə bilməsə də, qəbul edilmiş hazır qərar dəyişdirilmədi və görüşün sonunda yenidən onlara təqdim edilmişdir. Qərarın rəsmi qəbul edilməsi ilə bağlı təqdim edilmiş qəbzdə müvafiq qeydlər etməklə imza etmişdir. Odur ki, MN ******* saylı, 31 yanvar 2025-ci il tarixli İnzibati tənbehvermə haqqında qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X1 müdafiəçisi Vəkil şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ilk növbədə, anbarda plandankənar yoxlama keçirilməsi üçün heç bir hüquqi və faktiki əsas olmamış, inzibati orqanın istinad etdiyi 16 yanvar 2025-ci il tarixli, YPK/0031-25 saylı Yoxlama aparılması haqqında qərarda guya plandankənar yoxlamanın keçirilməsi üçün əsas kimi “insaların həyat və sağlamlığına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə kütləvi informasiya vasitəsində yayılmış məlumat, bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi təhlükəsi, bir və ya bir neçə insanın ölümü halının baş verməsi” göstərilsə də, inzibati orqan qərarda istinad olunan halları təsdiq edən hər hansı məlumatı təqdim edə bilməmiş, yoxlamanın əsasının qərəzli və subyektiv mülahizələrdən irəli gəldiyini gizləməyə çalışmışdır. İnzibati orqan tərəfindən İnzibati Xətalar Məcəlləsinin 61, 109, 112, 114-115-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. X5 tərəfindən hər hansı inzibati xəta hadisəsi törədilməmişdir və istinad olunan əməldə inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinə əsasən, saxlama müddəti ötmüş məhsulların satılması ilə istehlakçıların hüquqlarının pozulmasına görə inzibati xəta haqqında məsuliyyət nəzərdə tutulmuşdur. Yəni həmin normanın dispoziyasına görə, inzibati xəta tərkibinin təsdiq olunması üçün 1) malların saxlama müddətinin ötməsi; 2) satış faktının mövcudluğu; 3) konkret istehlakçının olması və alğının olması; 4) nəticə etibarı ilə istehlakçının hüququnun pozulması. Göründüyü kimi tərkib əlamətləri mövcud olmamışdır. Digər tərəfdən, mallar konkret təsərrüfat təyinatlı olmaqla sahibkarlıqla məşğul olan subyektlərə satılır, onların isə istehlakçı hesab edilməsi absurd yanaşımdır. Satış məqsədi subyektiv əlamətdir, onun realizəsi konkret nəticəyə yönələn hərəkətin olmasını əhatə etmədikdə hüquqi əhəmiyyət kəsb edə bilməz. Halbuki, X5 tərəfindən istifadə müddəti bitmiş aqrokimyəvi maddələrin satılmasına yol verilməmiş, belə hal müəyyən olunmamışdır. İnzibati orqan isə sadəcə həmin malların “satış məqsədilə” anbarda saxlanılması ilə bağlı uydurma niyyətə istinad edərək onun məsuliyyətə cəlb edilməyi qənaətinə gəlmişdir. Belə hal hüquqi nihilizm xarakterli olmaqla qanunun tələblərinin açıq-aşkar inkarı, inzibati xəta haqqında işə baxan səlahiyyətli şəxslərin inzibati xəta tərkibi anlayışına əhəmiyyət vermələrinə dəlalət edir. Yoxlama keçirilən aqrokimyəvi maddələrin saxlanc anbarıdır, orada aqrokimyəvi maddələrin açıq qaydada satışı həyata keçirilmir və anbarda satış vitrini mövcud deyil, alıcılar anbara daxil olmur və hər hansı aqrokimyəvi maddəni seçməklə onun satışı həyata keçirilmir. Maddələrin satışı ilə bağlı alıcılarla müvafiq qaydada müqavilə bağlanılır, elektron qaimə tərtib edilir, həmin qaimə əsasında anbardar sifariş olunan maddələrin istifadəyə yararlı, qablaşdırılmasının tam və pozulmamasını yoxladıqdan sonra ayıraraq, alıcıya təhvil vermək üçün hazır vəziyyətə gətirir. Yoxlanılmış mallar alıcı tərəfindən baxış keçirilməklə müvafiq elektron qaimə əsasında nəqliyyat vasitəsinə yerləşdirilməklə təhvil alınır. İstifadə müddəti bitmiş malların saxlanc anbarında qalması həmin malların satılması anlamına gəlmir və istinad olunan inzibati xəta əməlinin mövcudluğunu göstərmir. İnzibati orqanın inzibati xəta haqqında işə baxan səlahiyyətli şəxsləri inzibati xəta əməlinin törədilməsinin, yəni malın satılması, faktiki olaraq alıcıya təqdim edilməsi, alıcı tərəfindən təhvil alınması ilə ifadə olunmalı olan əməl ilə malın anbarda olması arasındakı fərqin mahiyyətinə varmadan, böyük ustalıqla uydurulmuş “satış məqsədilə” anlayışına istinad edərək əsassız olaraq mənim məsuliyyətə cəlb edilməli olduğu qənaətinə gəlmişdir. Odur ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və barəsində aparılan iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən X5 müdafiəçisinin verdiyi izahat ilə razı olduğunu və əlavəsinin olmadığını bildirdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, onların anbarında müddəti bitmiş aqrokimyəvi maddələr mövcud olmuş, amma onları satış üçün saxlamamışlar, sadəcə kənarda yığıb saxlamışlar. O, həmin maddələrin məhv edilmə qaydalarını bilməmişdir. Hesab edir ki, bununla bağlı barəsində qərar qəbul edilə bilər. O, həmin vəzifəyə yeni təyin edilmiş, ondan əvvəldə həmin aqrokimyəvi maddələr orada olmuşdur. "xxxx" MMC-nin satış mağazası yoxdur, mallar alınan zaman onlara sorğu verilir, həmin aqrokimyəvi maddələrin olmasına, istifadə müddətlərinə baxılır sonra müştəriyə məlumat verilir. Sonra onlar tərəfindən həmin aqrokimyəvi maddələr müştərinin istəyi ilə maşına yüklənilir və alıcıya çatdırılır və ya alıcının öz maşınına yüklənilərək təhvil verilir. Sonradan bu barədə məumatları olmuşdur ki, istifadə müddəti bitmiş aqrokimyəvi maddələr aşkar olunanda onlar tərəfindən həmin aqrokimyəvi maddələrin məhvi ilə bağlı X2 müraciət olmalıdır. Hal-hazırdada vaxtı keçmiş həmin aqrokimyəvi maddələrin məhvi ilə bağlı onlar X2 müraciət etmiş, müqavilə bağlanılmış və rüsumlar ödənilmişdir. Gələcəkdə də belə hallar baş versə, yəni istifadə müddəti bitmiş aqrokimyəvi maddələr olarsa artıq onlar bilirlər hara müraciət etməlidirlər. Məhsulun bitməsi ilə bağlı mühasib qeydiyyat aparır. O, bir ildir ki həmin vəzifəyə təyin edilib, təyin edilən zaman təhvil-təslim apaılmamışdır. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan nümayəndəsi X4 izahat verərək bildirdi ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, "xxxx" MMC-nin istifadəsində olan “Gübrələrin topdan və pərakəndə satış anbarında” plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Yoxlama zamanı müəssisəyə məxsus anbarda istifadə müddəti bitmiş aqrokimyəvi maddə aşkar olunmuşdur. maddə aşkar edilmişdir. Vəzifəli şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Şikayətin təmin ediməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X8 digər nümayəndənin verdiyi izahat ilə razı olduğunu bildirib əlavə izahat vermədi. Əlavə olaraq bildirdi ki, həmin aqrokimyəvi maddələr bitkilər üçün istifadə olunur. Aqrokimyəvi maddələrin keyfiyyəti bitdikdə sahibkara iqtisadə ziyan vurar. Bundan əlavə Musa Atakişiyevin idarədə olarkən kimlərin qəbulunda olmasına dair məlumatları məhkəməyə təqdim edərək bildirdi ki, Musa Atakişiyevin bildirdiyi kimi onlar idarəyə gələndə inzibati tənbehvermə haqqında qərar hazır olmamış, inzibati işə baxılmış və qərar qəbul edilmişdir. Yoxlmanın keçirilməsi əsasları qərarda texniki səhv yazılmışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, yoxlama zamanı müəssisəyə məxsus anbarda istifadə müddəti bitmiş 4 adda “Codifrost Plus”-52 ədəd, “Fitokontrol Ca-Flow” ə/n 94 ədəd, “Fitokontrol-K” ə/n 151 ədəd, “Biorad-20” ə/n159 ədəd aqrokimyəvi maddə aşkar edilməsinə görə vəzifəli şəxs X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, vəzifəli şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan KY252268791 nömrəli, xx.xx.2025-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində Binəqədi şossesinin sağ tərəfi ünvanında yerləşən "xxxx" MMC-nin istifadəsində olan “Gübrələrin topdan və pərakəndə satış anbarında” xx.xx.2025-xx.xx.2025-ci il ərzində plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin YPK-0031-25 31 yanvar 2025-ci il tarixli yoxlamanın nəticələri üzrə qərarının surətindən görünür ki, müəssəyə məxsus pestisid və aqrokimyəvi maddələrin saxlanc anbarında plandankənar yoxlama zamanı aşkar edilmiş istifadə müddəti bitmiş-ötmüş (xx.xx.2023 son istifadə müddəti), istehsalçısı “CODİAGRO” olan 52 ədəd hər biri 5 litr maye halında “Codifrost Plus” əmtəə nişanlı aqrokimyəvi maddə, (xx.xx.2024 son istifadə müddəti) istehsalçısı “CODİAGRO” olan 94 ədəd hər biri 5 litr maye halında “Fitokontrol Ca-Flow” əmtəə nişanlı aqrokimyəvi maddə, (xx.xx.2023 son istifadə müddəti) istehsalçısı “CODİAGRO” olan, 151 ədəd hər biri 5 litr maye halında “Fitokontrol -K” əmtəə nişanlı aqrokimyəvi maddə və (xx.xx.2025 son istifadə müddəti) istehsalçısı “CODİAGRO” olan 159 ədəd hər biri 5 litr maye halında “Biorad-20” əmtəə nişanlı aqrokimyəvi maddələrin satışının qadağan edilməsi və dövriyədən çıxarılması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və va məhv edilməsi Qaydaları”na uyqun zəruri tədbirlərin görülməsi təmin edilməsi, İnzibati xəta əlamətləri aşkar olunduğundan inzibati xəta haqqında isə dair zəruri tədbirlərin görülməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC-nin VÖEN-i ********** olmaqla, direktoru X3r. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Xüsusi lisenziyanın əlavəsinin surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 84, Hökumət evi) tərəfindən “ 11 iyun 2018-ci il tarixində İN/L-368/2018 qeydiyyat nömrəsi ilə verilmiş xüsusi lisenziya əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Sabunçu rayonu, Sülh (Bakıxanov qəs.), ev 8, mənzil 35, VÖEN **********) Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində Binəqədi şossesinin sağ tərəfi ünvanında bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalının həyata keçirilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinə görə saxlama müddəti ötmüş məhsulların satılması istehlakçıların hüquqlarının pozulması kimi qiymətləndirərək həmin əməli inzibati xəta kimi müəyyən etmişdir. X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, təqdim edilmiş fotoşəkillərdən proses iştirakçılarının məhkəmə iclasındakı izahatlarından da görünür ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində Binəqədi şossesinin sağ tərəfi ünvanında yerləşən "xxxx" MMC-nin istifadəsində olan “Gübrələrin topdan və pərakəndə satış anbarında istifadə müddəti bitmiş-ötmüş aqrokimyəvi maddələr satış üçün nəzərdə tutulmuş ambarda olmuşdur. Məhkəmə qeyd edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci iltarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunidir və onun ləğv edilməsi üçün heç bir əsas yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci iltarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar