Məhkəmə qərarları › İş №3(074)-99/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-99/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-99/2025 15.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X11 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, səlahiyyətli orqan - Şamaxı rayonu Yol Patrul Xidmətinin inspektoru X2 iştirakı ilə, Şamaxı rayonu Yol Patrul Xidmətinin inspektoru X2 İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şamaxı rayonu Yol Patrul Xidmətinin inspektoru X2 İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarına əsasən, X4 xx.xx.2025-ci il tarixdə, saat 08:55-də Şamaxı şəhəri, N.Nərimanov küçəsində “Toyota Camry minik” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, yolayrıcını keçmə qaydalarını pozmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. X4 şikayətlə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Yol Patrul Xidmətinin inspektoru X2 İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, 18 fevral 2025-ci il tarixdə, saat 08:40 radələrində yol vərəqəsi əsasında idarə etdiyi “Toyota Camry” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şamaxı şəhəri, M.Hadi küçəsindən N.Nərimanov küçəsinə dönərkən, qarşıdan təxminən 100 metr məsafədə yol patrul xidməti avtomobilinin ona qarşı hərəkət etdiyini görmüşdür. Təxminən 300-400 metr hərəkət etdikdən sonra, qarşısından keçən YPX avtomobili onun arxasınca hərəkət etməyə başlamışdır. O, saat 08:49-da iş yeri olan "xxxx" ASC-nin inzibati binasının həyətinə daxil olmuşdur. Daha sonra təxminən 5 dəqiqə sonra Yol patrul xidmətinin avtomobili filialın qarşısına keçərək, onun çölə çıxmağını tələb etmişdir. O, çölə çıxdığında, hər iki inspektor onun sərxoş vəziyyətdə olduğunu güman etdiklərini bildirmişlər. O isə, səhhəti ilə bağlı antibiotik qəbul etdiyini və spirtli içki istifadə etmədiyini bildirdikdən sonra, onlar həmin yerdən getmişdirlər. O, özlüyündə inspektorun onun dediyi sözlərlə razılaşaraq, barəsində inzibati xəta haqqında protokol tərtib etmədən, çıxıb getdiyini düşünmüş və işə qayıtmışdır. Axşam işdən çıxarkən, saat 19:07-də ona gələn bildirişdən məlum olmuşdur ki, səhər saat 08:55də (idarə etdiyi avtomobil filialın inzibati ərazisində olarkən) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərinin pozmağı göstərilməklə, Şamaxı Rayon Polis X10 X7 patrul xidmətinin inspektoru X5 tərəfindən 3 bal, 100 manat cərimə olunmuşdur. O, həmin qərarı qanunsuz və əsassız hesab edir. Şamaxı Rayon Məhkəməsinin 3(074)-99/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə X4 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. X4 apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 3(074)-99/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, Şamaxı rayonu Yol Patrul Xidmətinin inspektoru X2 İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-195/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Şamaxı Rayon Məhkəməsinin 3(074)-99/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv olunması və materialın yenidən baxılması üçün birinci instansiya məhkəməsinə, yeni məhkəmə baxışı mərhələsinə qaytarılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, X3 hansı pozuntunu törətməsi ona izah olunmalı olduğu halda, əməl olunmamış, Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş, bundan başqa birinci instansiya məhkəməsində şikayət verən şəxsin iştirakı təmin olunmamışdır. Odur ki, tərəflərin iştirakı ilə, iş üçün əhəmiyyət kəsb edən bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılmalı, şikayət ərizəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma keçirilməli və nəticəsindən asılı olaraq, qanunun tələblərinə cavab verən qərar qəbul edilməlidir. Yeni məhkəmə baxışında Şamaxı rayonu Yol Patrul Xidmətinin inspektoru X5 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə xidməti avtomobillə Şamaxı şəhəri, N.Nərimanov küçəsində hərəkətdə olan zaman, “Toyota Camry” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün yolayrıcında əsas yolda olan nəqliyyat vasitələrinin axımını gözləmədən və digər nəqliyyat vasitələrinə təhlükə yaradıb, yola çıxaraq, hərəkətə başladığını müəyyən etmişdir. Bununla da, həmin sürücü yolayrıcını keçmə qaydalarını pozmuşdur. Həmin nəqliyyat vasitəsinin sürücüsünə “saxla” əmri verilsə də, sürücü avtomobilin yanında saxlayaraq, bankda işlədiyini və işə gecikdiyini bildirərək, hərəkətini davam etdirmişdir. O da, həmin nəqliyyat vasitəsinin arxasınca avtomobili idarə edərək, sürücünün işlədiyi iş yerinin qarşısına çatmışdır. İlk əvvəl bankın əməkdaşı, daha sonra isə sürücünün özü onlara yaxınlaşmışdır. Həmin sürücünün şəxsiyyətini müəyyən edildikdən sonra, inzbatı xəta haqqında protokol tərtib edilmişdir. Qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı qanuni hesab edərək, həmin qərardan verilmiş şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, şikayət verən X4 məhkəmə iclasına gəlmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, materiala şikayət verən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayonu Yol Patrul Xidmətinin inspektoru X2 İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarından görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 08:55-də Şamaxı şəhəri, N.Nərimanov küçəsində “Toyota Camry minik” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, yolayrıcını keçmə qaydalarını pozmuşdur. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən edildi ki, xx.xx.2025-ci il tarixdə, saat 08:53-də “Toyota Camry minik” markalı, **- PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şamaxı şəhəri, N.Nərimanov küçəsində nizamlanmayan yolayrıcına daxil olarkən, sağından hərəkətdə olan nəqliyyat vasitələrini gözləmədən, hərəkətə başlayaraq, yolun hərəkət hissəsinə çıxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1“Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməli, yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, yol örtüyünü zədələməməli və ya çirkləndirməməli, yol nişanlarını çıxarmamalı, qarşısını kəsməməli, zədələməməli, özbaşına yol nişanları, svetoforlar və hərəkətin təşkilinin digər texniki vasitələrini quraşdırmamalı, hərəkətə maneçilik törədən əşyaları və ya materialları ataraq, boşaldaraq və ya yolda qoyaraq yol hərəkətini çətinləşdirməməli və ya onun təhlükəsizliyi üçün qorxu törətməməli, (bu cür maneənin və ya təhlükənin yaranmasına yol verməmək mümkün olmadıqda, onların mümkün qədər tez aradan qaldırılması üçün lazımi tədbirlər görməli, bunu dərhal etmək mümkün olmadıqda isə, əl altında olan vasitələrlə digər hərəkət iştirakçılarının xəbərdar edilməsini və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təmin etməlidirlər), yol hərəkəti qanunvericiliyinə riayət olunması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarını yerinə yetirməli, nəqliyyat, yol, kommunal və digər müəssisə və təşkilatların vəzifəli şəxsləri, yolda hər hansı bir iş aparan fəhlələr, eləcə də digər şəxslər müəyyən edilmiş yol hərəkəti qaydalarına təsir göstərə biləcək maneələr yaratmaqdan və başqa hərəkətlərdən çəkinməlidirlər. Həmin Qanunun 36-cı maddənin 2-ci bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 77-ci maddənin 1-ci bəndinə əsasən, eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Həmin Qanunun 77-ci maddənin 3-cü bəndində əsasən, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir qanuni əsas müəyyən edilməmiş və bununla da, qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin inzibati xətanın törədilməsində təqsiri tam sübuta yetirildiyindən, həmin şəxsin barəsində qəbul edilən inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şamaxı rayonu Yol Patrul Xidmətinin inspektoru X2 İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayət təmin olunmasın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar