Məhkəmə qərarları › İş №3(075)-1/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-1/2021

05.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-1/2021 05.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair iş materiallarını nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Şəxs QSC-nin (VÖEN **********) xx xxx 2020-ci il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********9165 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən Türkiyədə fəaliyyət göstərən “X2.İns.San. Ve Tic.LTD” şirkətindən ünvanına gələn “MAN TGA 41.360” markalı xüsusi təyinatlı nəqliyyat vasitəsini Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, xx xxx 2020-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitəsinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsini verməməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin TB-nin böyük təhqiqatçısı, gömrük xidməti leytenantı X1 tərtib etdiyi xx xxx 2020-ci il tarixli, DGK-A seriyalı, 079457 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər İXM-nin 18.5-ci maddəsinə əsasən məhkəməyə göndərilərək Şəki rayonu Qoxmuq kəndində yerləşən hüquqi şəxs Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. İşə məhkəmə tərəfindən xx xxxxxx 2020-ci il tarixdə baxılaraq 3(075)-368/2020 saylı qərar çıxarılmış, qərarının surəti poçt vasitəsi ilə proses tərəflərinə göndərilmişdir. Şəxs Qapalı Səhmdar Cəmiyyəti xx xxxxxxx 2020-ci il tarixdə yenidən məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(075)-368/2020 saylı qərarının surəti həmin tarixdə təkrarən onlara göndərilmişdir. Şəxs Qapalı Səhmdar Cəmiyyəti Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(075)-368/2020 saylı qərarından narazı qalmış, onların apellyasiya şikayəti xx xxxxxx 2020-ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuş, xx xxxxxx 2020-ci il tarixdə apellyasiya şikayəti baxılması üçün iş materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(107)-287/2020 saylı qərarı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(075)-368/2020 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün xx xxxxxx 2020-ci il tarixdə Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İşə məhkəmə tərəfindən xx xxxxxx 2021-ci il tarixdə baxılaraq 3(075)-1/2021 saylı qərar çıxarılmış, qərarının surəti poçt vasitəsi ilə proses tərəflərinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 3(075)-1/2021 saylı qərarından narazı qalmış, onların apellyasiya şikayəti xx xxxx 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, xx xxxx 2021-ci il tarixdə apellyasiya şikayəti baxılması üçün iş materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 3(107)-81/2021 saylı qərarında göstərilmişdir ki, Şəxs QSC-nin inzibati məsuliyyətə cəlb olunması barədə tərtib edilmiş inzibati xəta haqqında xx xxx 2020-ci il tarixli, 14000-1462/20 nömrəli protokol düzgün tərtib olunmadığı və işə baxılarkən bunu tamamlamaq mümkün olmadığı nəzərə alınaraq birinci instansiya məhkəməsi inzibati xəta haqqında protokolun onu tərtib etmiş orqana geri qaytarılması barədə qərardad qəbul etməli olduğu halda bunu etməmişdir ki, bu da İXM-in tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozduğundan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarının ləğv edilməsi üçün əsasdır. Odur ki, həmin qərarla Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 3(075)-1/2021 saylı qərarı ləğv edilmiş və iş İXM-nin 109.1.6-cı maddəsinə uyğun baxılması üçün bu gün, yəni xx xxxxx 2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.5-ci mddəsinə əsasən, protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 101-ci maddəsində isə göstərilmişdir ki, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır (İXM-nin 102.1-ci maddəsi). İstinad olunan prosessual hüquq normalarının məna və mahiyyətində görə, inzibati xəta haqqında protokol inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin əsas hüquqi aktı olmaqla tərtib edilir və bundan sonra şəxsə inzibati qaydada tənbeh tətbiq edilir. Yəni, şəxsin inzibati qaydada tənbeh edilməsinin əsası kimi inzibati xəta haqqında protokol mühüm əhəmiyyət daşıyan sənəd kimi çıxış edir. Məhz bu səbəbdən də qanunverici protokolu ciddi hesabat sənədi hesab etmiş, onun nömrələnmiş blanklarda tərtib olunmasını göstərmiş və protokolun forması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilmişdir. “İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 466 nömrəli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 1.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “İnzibati xəta haqqında Protokol”un forması təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən İnzibati xəta haqqında Protokol”un forması təsdiq edilsin (2 nömrəli əlavə).

3. “İnzibati tənbeh vermə haqqında Elektron Qərar”ın forması təsdiq edilsin (3 nömrəli əlavə).

4. “İnzibati tənbeh vermə haqqında Qərar”ın forması təsdiq edilsin (4 nömrəli əlavə).

5. “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar”ın forması təsdiq edilsin (5 nömrəli əlavə).

6. “İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında Qərar”ın forması təsdiq edilsin (6 nömrəli əlavə).

7. “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Qərar”ın forması təsdiq edilsin (7 nömrəli əlavə).

8. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə Qərardad”ın forması təsdiq edilsin (8 nömrəli əlavə).

9. “Nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən Sənəd”in forması təsdiq edilsin (9 nömrəli əlavə). O da qeyd olunmalıdır ki, məhkəmənin icraatında olmuş digər inzibati xətalara dair işlər üzrə müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi) struktur tərkibinə daxil olan qurumlar əməli fəaliyyətlərində Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respulikası Maliyyə Nazirliyinin sifarişi ilə çap olunmuş inzibati xəta haqqında protokollardan istifadə edirlər. İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır (Həmin Məcəllənin 4-cü maddəsi). İXM-nin qanunçuluq prinsipinə görə isə inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir (maddə 6.1). Hüquqi müəyyənlik prinsipindən çıxış edən məhkəmənin qənaətinə görə, şəxsə inzibati xətaya görə inzibati tənbeh yalnız o halda verilə bilər ki, həmin şəxs İXM-nin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilsin. Əks halda bununla bağlı qəbul edilmiş hər hansı qərar şübhədən kənar olmayacaq. İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş protokol düzgün tərtib olunmadığından məhkəməyə təqdim edilmiş sənədlər natamam hesab olunur və işə baxarkən tamamlamaq mümkün deyildir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdim edilmiş protokol düzgün tərtib olunmadığından, materiallar natamam olduğundan və onun tamamlanması mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq,

QƏRARA ALDİM:

Şəki Rayon Məhkəməsinə göndərilmiş Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qaytarılsın.

Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar