Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1000/2023 22.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Muşviq oğlunun katibliyi, X1 iştirakı ilə, X1 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, X7 İdarəsinin Şəki şəhər şöbəsinin barəsində tərtib etdiyi inzibati xəta haqqında EQ/17526273 saylı protokol və həmin protokol əsasında qəbul edilən xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan **-RB-*** dövlət nömrə nişanlı avtomobil həyat yoldaşı X2 tərəfindən Şəki şəhəri Salman Mümtaz küçəsindən Zaqatala istiqamətində idarə olunan zaman, sürət həddini keçməsi səbəbilə elektron cərimə olunmuşdur. Lakin, həmin cəriməni ödəmək istəyən zaman müəyyən olunmuşdur ki, eyni vaxta həmin avtomobilə onun adına həm sürət həddini aşma, həm də İXM-nin 332.2-ci maddəsinin tələblərini pozma səbəbilə EQ/17526273 saylı protokol və xx.xx.2023-cü il tarixli qərar tərtib olunmuşdur. Onun İXM-nin 332.1-ci maddəsi ilə cərimə olunmağı tamamilə qanunsuz olmuşdur. Belə ki, onun sürücülük hüququ olmadığı üçün heç vaxt o, həmin avtomobili idarə etməmiş, həmişə həyat yoldaşı idarə etmişdir. İkincisi isə İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Lakin yuxarıda da qeyd etdiyi kimi o, həm sürət həddini aşmağa görə, həm də idarə etmə hüququnun olmadığına görə cərimə olunmuşdur. X7 İdarəsinin Şəki şəhər şöbəsinin barəsində tərtib etdiyi inzibati xəta haqqında EQ/17526273 saylı protokol və həmin protokol əsasında qəbul edilən xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərar (hansı ki, həmin qərar ona təqdim olunmamışdır) qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmalıdır. Məhkəmə iclasında şikayətçi X3 şikayət ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, X2 ilə 27 mart 2023-cü il tarixdə nikaha girmiş, avtomobili isə xx.xx.2023-cü il tarixdə almışlar. Avtobil onun adına qeydiyyatdan keçsə də onların birgə mülkiyyətidir. Bu səbəbdən də şikayətin təmin edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyərək, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş 17 oktyabr 2023-cü il tarixli, EQ 17526273 nömrəli inzibati xəta haqqında elektron qərardan görünür ki, X3 İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “X5”ndan çıxarışdan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə İXM-nin 332.2-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İş materialları ilə nəqliyyat vasitəsinin şikayətçi tərəfindən idarə edilməsi sübuta yetirilmir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, nəqliyyat vasitəsi birgə mülkiyyətdədir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X7 İdarəsinin Şəki şəhər şöbəsinin X3 barəsində tərtib etdiyi inzibati xəta haqqında EQ/17526273 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X1 inzibati qaydada tənbeh edilməsinə dair Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən qəbul olunmuş 17 oktaybr 2023-cü il tarixli, EQ seriyalı, 17526273 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-1000/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1000/2023
22.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver