Məhkəmə qərarları › İş №3(075)-1004/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1004/2025

30.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1004/2025 30.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hаkim Musayev Kamran İbrahim оğlunun sədrliyi, X1 kаtibliyi ilə, X2 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 32289070 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 32289070 saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, 28 noyabr 2025-ci il tarixdə etibarnamə ilə adına olan Toyota Camry markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Bakı-Şamaxı-Yevlax yolunun 164.5-ci kilometrliyində müşahidə kamerası vasitəsi ilə barəsində İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə və 3 (üç) ballıq cərimə olmaqla xx.xx.2025-ci il tarixli, EQ 32289070 saylı inzibati protokol tərtib edilmişdir. Həmin tarixdə o, Şəki rayonunda işdə olmuşdur. Amma son etibarnamə onun adına olduğuna görə cərimə protokolu onun adına tərtib edilmişdir. Həmçinin həmin protokolun tərtib edilməsinə səbəb olan qayda pozuntusunun görüntülərini TŞ müşahidə kamerası vasitəsi ilə çəkilmişdir. Əslində həmin kamera müşahidə kamerası olduğundan onun vasitəsi ilə cərimə vurula bilməz. Belə ki, həmin qayda pozuntusu edildikdə yaxınlıqda olan yol polis əməkdaşına məlumat verilməli, həmin yol polis əməkdaşı yaxınlaşaraq görüntü təqdim etdikdən sonra yerində protokol tərtib və təqdim etməli idi. Lakin bu belə olmamışdır. Ona görə də, TŞ müşahidə kamerası vasitəsi ilə ona cərimə verilməsi qanunsuzdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli EQ 32289070 saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğdə inzibati cərimə edilmişdir. Məhkəmə şikayəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, X2 şikayəti qismən təmin edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, İXM-nin 327.2-ci maddəsi ilə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün hazırkı halda əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydaları pozulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən qərar qəbul edilərkən inzibati xətanı törədən şəxsin şəxsiyyəti müəyyən edilməli, həmin pozuntunun həqiqətən Tərlan Rəsulov tərəfindən törədilməsi müəyyən edildikdən sonra müvafiq qərar qəbul edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hallar işin hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxara bilər. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İXM-nin 134.1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati işə baxılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan, İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən, qərar ləğv edilməli, İXM-nin tələblərinə əməl edilməsi, inzibati xəta törətmiş fiziki, vəzifəli və ya hüquqi şəxsin müəyyən edilməsi, nəticəsindən asılı olaraq inzibati xəta haqqında işə baxıb qərar qəbul edilməsi və ya aidiyyəti üzrə göndərilməsi üçün iş səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilmiş 28 noyabr 2025-ci il tarixli EQ 32289070 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar