Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-101/2025 28.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X6 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair DİN BDYPİ X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 25626099 nömrəli qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: DİN BDYPİ X2 tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025ci il tarixli, EQ seriyalı, 25626099 nömrəli qərara əsasən X6 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 80 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında qərar və protokoldan narazı qalan X6 oğlu şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X6 oğlu şikayətini onunla əsaslandırmışdır ki, saat 12:15-də mobil telefonuna elektron protokolun yazılması barədə bildiriş gəldi. Avtomobilin (**-OG-*** dövlət nömrə nişanlı) Sabit Rəhman küçəsində, yolun sağ kənar hissəsində, meyvə köşklərinin qarşısında dayanma və durma qaydalarını pozmayan yerdə saxlamışdır. Bildirişin yol hərəkət qaydalarının əsasında 346.4 maddəsi ilə yazılmış protokol olduğunu görmüş və dərhal avtomobilini park etdiyi yerə getmiş. O, özlüyündə inzibati xətanı pozmadığı qənaətinə gəlib, elektron protokolun altında qeyd olunan "şikayət et" düyməsini sıxaraq öz şikayətini etmişdir. Avtomobilini 2(iki) hissəli, 1 (bir) zolaqlı küçənin sağ yan tərəfində, meyvə köşkünün qarşısında, hərəkətə heç bir maneəçilik göstərmədiyi yerdə park etmiş və maşınının sağ tərəfində maşın yoxdur. Yolun hərəkət hissəsində, sağ kənarında meyvə köşkləridir. Avtomobilini meyvə köşklərinin yanında saxlamış və ikinci cərgədə dayanmadurma olmamışdır. DYP əməkdaşının qərəzli şəkildə, yolun hərəkət hissəsində, hərəkətin əks istiqamətində saxlanılan avtomobil (hansı ki, heç bir dövlət qeydiyyat nişanı olmayan, meyvə köşkünün anbarı kimi istifadə olunan) ilə onun avtomobilinin şəklini birlikdə çəkərək həqiqətən ikinci zolaqda saxlamağını sübut etmək istəyib. O protokol tərtib olunan anda avtomobilini park etdiyi yerin geniş şəkillərini çəkmiş və həmin şəkilləri şikayətə əlavə etmişdir. Sabit Rəhman küçəsində yolun hərəkət hissəsində quraşdırılan köşklər daim maneə törədir və polis əməkdaşları belə halların görməzlikdən gəlirlər. Bütün bunları sübut etmək üçün Sabit Rəhman küçəsi ilə Mikayıl Müşfiq küçəsinin kəsişməsində quraşdırılan nəzarət kamerasında izləmək mümkündür. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında qərarından şikayət verilmiş DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərarından şikayət verilmiş DİN BDYPİ-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X6 oğlu şikayət ərizəsində göstərdiklərini qeyd edərək barəsində tətib olunmuş, protokol və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25626099 saylı qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İş materiallarında olmaqla məhkəmə baxışında tədqqq edilmiş; DİN BDYPİ X2 tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025ci il tarixli, EQ seriyalı, 25626099 nömrəli qərardan görünür ki, X6 oğlu nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Fotoşəkillərdən görünür ki, X6 oğlu “VAZ 21104” markalı **-OG-*** nömrəli avtomaşını yolun sağ kənar hissəsində, meyvə köşklərinin qarşısında dayanma və durma qaydalarını pozmayan yerdə saxlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında qərarda göstərilməlidir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi vəya dəyişdirilməsi üçün əsasdır. 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 52-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Məhkəmə baxışında şikayətçinin izahatı və iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, X5 tərəfindən ona məxsus olan “VAZ 21104” markalı **-OG-*** nömrəli avtomaşını yolun kənarında (meyvə-tərəvəz satışı yerinin qarşısında) saxlayan zaman yol patrul xidməti əməkdaşı tərəfindən nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması səbəbindən DİN BDYPİ X2 tərəfindən barəsində İXM-nin 346.4-cü maddəsi ilə qərar qəbul olunmuşdur. X5 barəsində qəbul edilmiş qərarla razılaşmayaraq, məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə, şikayətin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, X5 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamışdır. Qanunun tələbinə görə, İXM-nin 346.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün o, nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmalı idi. Hazırki iş üzrə səlahiyyətli orqan tərəfindən nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması müəyyən edilsə də həmin pozuntunu sübut edə biləcək fotoşəkillərdən də görünür ki, o, yolun kənarında olan meyvə-tərəvəz satışı yerlərinin qarşısında saxlamışdır. Göründüyü kimi X5 barəsində inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. X5 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda inzibati xəta haqqında işə baxılarkən səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş hallar göstərilməmiş, o, avtomobili yolun kənarında (meyvə-tərəvəz satışı yerinin qarşısında) saxlamasına baxmayaraq həmin yolun hərəkət hissəsinin birinci, ikinci və ya sonrakı hissəsi olması müəyyən edilməyərək qərarın məzmununda sadəcə X4 məxsus nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmaqla (İXM-nin 346.4-cü maddəsinin dispozisiyasının məzmununu) kifayətlənilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, qanunvericilik İXM-in 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq, həmin işlər üzrə faktiki halları hərtərəfli araşdırmaqla qərar qəbul etmək səlahiyyətini məhkəməyə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə etmişdir (İXM-nin 43.1-ci maddəsi, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndi). Beləliklə, məhkəmə hesab edir ki, X6 oğlunun İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işin yuxarıda qeyd olunan mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları və ziddiyyətli məqamları araşdırılmadığından xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25626099 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DİN BDYPİ X1 göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X6 oğlunun Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair DİN BDYPİ X2 tərəfindən xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 25626099 nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN BDYPİ X1 göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-101/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-101/2025
28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver