Məhkəmə qərarları › İş №3(075)-1016/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1016/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1016/2024 30.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki ŞRPŞ-nin nümayəndəsi İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X8, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Hacı-X1 iştirakı ilə, xx xxxxxx 1980-cı il tarixdə Şəki rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, subay, işləməyən, Şəki rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 29 sentyabr 2024-cü il tarixli İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs 28 sentyabr 2024-cü il tarixdə, saat 15:00 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Miraj” kafesində ictimai qaydaları pozmuş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən ŞRPŞ-nin nümayəndəsi İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X12 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində Şəki şəhəri, təzə bazarın yaxınlığında “Miraj” yeməkxanasında bir nəfər şəxs ictimai yerdə nalayiq ifadələr işlətmiş, nalayiq hərəkətlər etmiş, ünvansız küçə söyüşləri söymüşdür. Bu zamanda Şəki ŞRPŞ-nin PPXTnin polis nəfəri, polis baş-serjantı Turan Camılov həmin şəxsə yaxınlaşaraq onu nizamiltizama dəvət etmiş, ictimai qaydaları pozmamasını bildirmişdir. Lakin həmin şəxs polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini daha da aqresiv şəkildə davam etdirmişdir. Həmin vaxt həmin şəxsdən kəskin spirtli içki qoxusu da gəlmişdir. Həmin şəxs öz hərəkətlərini davam etdirim, ictimai qaydaları pozduğu üçün Şəki ŞRPŞ-nə gətirilmişdir. Polis şöbəsində həmin şəxs alkotester vasitəsilə yoxlanılan zaman sərxoş olması öz təsdiqini tapmışdır. Onun ayılmasını gözlədiklərindən həmin gün izahatını ala bilməmişdir. Yalnız növbəti iş günü izahatını almışdır. İnzibati xəta haqqında protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, nahar vaxtı tanışı ilə birlikdə “Yedin dur” kafesinə gedərək yemək yeyib, içmişlər. Nahar zamanı, həmin kafedə təxminən 750 qram spirtli içki olan araq qəbul etmişlər. Bundan sonra kafedən qalxmış, çay içmək üçün yaxınlıqda yerləşən “Miraj” kafesinə getmişlər. O, kafeyə daxil olub çay sifariş vermişdir. Bildirmişdir ki, onun şikayətçi İlhamə Ağayeva ilə hər hansı düşmənçiliyi, ədavəti yoxdur. O, kafedə İlhamə Ağayevaya qarşı hər hansı əxlaqsız hərəkət etməmişdir. Sadəcə spirtli içkinin təsiri altında olduğu üçün öz hərəkətlərini idarə edə bilməmişdir. X14 söyüb, təhqir etməmişdir. Bundan sonra həmin yerə polis əməkdaşı yaxınlaşmışdır. O, sərxoş olduğu üçün ilk öncə polis əməkdaşını tanıya bilməmişdir. Polis əməkdaşı özünü təqdim etdikdən sonra onun polis olduğu anlamışdır. Lakin sərxoş olduğu üçün polis əməkdaşına qarşı tabesizlik göstərmişdir. Lakin baş verən hadisələri sərxoş olduğu üçün tam olaraq xatırlaya bilmir. Əməlindən peşmandır. Gələcəkdə bu gür əməllərə yol verməyəcəkdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X3 oğlu məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahat verərək bildirdi ki, o, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Miraj” kafesində aşbaz işləyir. Bildirmişdir ki, xx.xx.2024cü il tarixdə, saat 15:00 radələrində əvvəllər tanımadığı Şəxs adlı şəxs kafeyə sərxoş vəziyyətdə gəlmiş, çay sifariş vermişdir. Həmin şəxs çay sifariş verdikdən sonra mətbəxə gəlib, ona qarşı əxlaqsız təkliflər etmişdir. O, həmin şəxsi itələyib mətbəxdən kənara çıxarmışdır. Bundan sonra Şəxs kafedə əyləşən digər müştərilərin yanında onu təhqir etmiş, onun ünvanına nalayiq ifadələr işlətmiş, şərəf və ləyaqətini alçatmışdır. Daha sonra kafedə olan şəxslər Şəxs sakitləşdirmişlər. Bundan sonra kadeyə polis əməkdaşı gəlib, özünü təqdim edərək həmin şəxsi aparmışdır. Bildirmişdir ki, həmin şəxs 10 gün qabaq oradan keçəndə ona əxlaqsız söz söyləmişdir. Həmin gün sərxoş olmuş, mətbəxə keçərək ona əxlaqsız təkliflər etmişdir. Əvvəllər Qoxmuq körpüsündən keçən zaman da ona əxlaqsız sözlər söyləmiş, ona göz qaş etmişdir. Bu səbəbdən həmin şəxsin barəsində polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. O, Şəxs şikayətçidir. Barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin Post-patrul xidməti bölüyü polis nəfəri polis baş-serjantı X13 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində xidmətdə olan zaman, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Miraj” kafesində səs-küy eşidərək ora yaxınlaşmışdır. Kafenin zalında bir nəfər şəxsin ictimai yerdə, camaatın yanında nalayiq ifadələr işlətdiyi eşidib, ona yaxınlaşaraq özünü təqdim etmişdir. O, həmin şəxsi nizam-iltizama dəvət edərək, ictimai qaydaları pozmamasını bildirmişdir. Lakin həmin şəxs onun qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini aqresiv şəkildə davam etdirmişdir. O, həmin şəxslə ünsiyyətdə olan zaman ondan kəskin spirtli içki qoxusu gəlmişdir. Həmin şəxsi sakitləşdirib, xidməti iş otağına dəvət etmişdir. “Miraj” kafesində aşbaz işləyən qadın ona həmin şəxsin barəsində şikayət ərizəsi təqdim edərək, ona qarşı əxlaqsız təkliflər irəli sürdüyü, ünvanına nalayiq ifadələr işlədərər təhqir etdiyini bildirdi. Bildirmişdir ki, həmin qadın hazırki hadisənin dəfələrlə təkrarlanmasını bildirdi. O, hadisə zamanı mülki geyimdə olmuşdur. Özünü təqdim edən zaman polis vəsiqəsini təqdim etmişdir. Bundan sonra həmin yerə kömək çağıraraq həmin şəxsi polis şöbəsinə aparmışlar. Polis şöbəsinə gedən zaman da həmin şəxs təhqir edici ifadələr işlətmişdir. Şəki ŞRPŞ-də həmin şəxsin Şəki şəhəri, 125-ci kvartalda yaşayan Şəxs olması müəyyən olundu. Polis şöbəsində yoxlanılan zaman həmin şəxsi orta dərəcəli sərxoş olması müəyyən olundu. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək bildirdi ki, o, “Miraj” kafesində ofisiant işləyir. Təxminən 4 gün olar ki, həmin kafedə işə başlamışdır. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində əvvəllər tanımadığı bir nəfər şəxs kafeyə gələrək ona yaxınlaşmış, çay sifariş vermişdir. Həmin şəxsin hərəkətlərindən onun sərxoş olduğunu hiss etmişdir. O, mətbəxə yaxınlaşıb, çayniki dəmə qoyub, siqaret çəkmək üçün eyvana çıxmışdır. Bu zaman səs-küy eşidib, geri qayıtmışdır. Həmin vaxt görmüşdür ki, ona çay sifariş verən şəxs mətbəxə keçmiş, kafedə aşbaz işləyən xanıma nalayiq ifadələr işlədərək təhqir edir. O, həmin şəxsə yaxınlaşıb, onu sakitləşdirməyə çalışsa da, o, öz hərəkətlərini davam etdirərək ictimai yerdə nalayiq ifadələr işlətmişdir. Həmin yerə çoxlu sayda insan toplaşmışdır. Bu vaxt tanımadığı Turan adlı polis əməkdaşı kafiyə gəlib, həmin şəxsə yaxınlaşaraq özünü təqdim etdi. Polis əməkdaşı mülki geyimdə olmuş, vəsiqəsini çıxardıb həmin şəxsə göstərdi. Polis əməkdaşı həmin şəxsi nizamiltizama dəvət edərək sakitləşdirməyə çalışdı. Lakin buna baxmayaraq həmin şəxs polisin qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirdi. Bundan sonra həmin şəxs polis əməkdaşı tərəfindən Şəki ŞRPŞ-nə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, xx.xx.2024cü il tarixdə, saat 15:00 radələrində o, tanışı Natiqlə bir yerdə Şəki şəhərində yerləşən “Miraj” kafesində çay içmək üçün əyləşmişdir. Bu zaman bir nəfər tanımadığı şəxs səndəlləyə-səndəlləyə həmin kafeyə gələrək çay sifariş verdi. Həmin şəxsin hərəkətlərindən sərxoş olması hiss olunurdu. Çay sifariş verdikdən sonra həmin şəxs mətbəxə keçib, qəfildən mübahisə etməyə başladı. Mətbəxdə işləyən İlhamə adlı qadını təhqir edərək alçaltmış, ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin şəxsin səs-küyünə kafeyə bir çox adam yığışmışdır. Bundan sonra kafeyə polis əməkdaşı gəlmiş, mülki geyimdə olmuşdur. Polis əməkdaşı həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş, vəsiqəsini göstərmişdir. Polis əməkdaşı həmin şəxsi nizam-iltizama dəvət edib, sakitləşdirməyə çalışsa da, o, polis əməkdaşlaşının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirdi. Bundan sonra polis əməkdaı tərəfindən həmin şəxs aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - “İnzibati qaydada tutulma haqqında” 28 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 21:30-da tutulmuş, xx.xx.2024-cü il tarixdə, saat 08:30-da azad edilmişdir. - “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” 28 sentyabr 2024cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində qara kəmər, bir ədəd mobil telefon aşkar edilərək götürülmüş, növbətçi hissəyə təhvil verilmişdir. - 28 sentyabr 2024-cü il tarixli, “Jupiter X” markalı alkotester nəticəsindən görünür ki, müayinə zamanı Şəxs 0.2609 litr həcmində sərxoşluq aşkar edilmişdir. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidlərin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs ictimai yerdə nalayiq ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, söyüş söymüş, İlhamə Ağayeva adlı vətəndaşı təhqir etmiş, ictimai qaydanı pozmuşdur. Polis əməkdaşının iradlarına əməl etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, X6 törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində ona inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 30 sentyabr 2024-cü il saat 17:00-dan hesablansın. Şəxs 28 sentyabr 2024-cü il tarix, saat 21:30-dan 30 sentyabr 2024-cü il tarix saat 08:30-dək inzibati qaydada tutulması nəzərə alınmaqla, ona təyin olunmuş inzibati həbs azaldılaraq 14 (on dörd) gün müəyyən olunsun. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar