Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1023/2023 28.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, X1 iştirakı ilə, X2 barəsində qəbul edilən xx.xx.2023-cü il tarixli, EQ-17885940 nömrəli inzibati tənbeh vermə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində olan xx.xx.2023cü il tarixli, EQ-17885940 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraara xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində olan BMW X-5 minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil onun xalası oğlu X7 tərəfindən idarə edilərkən Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinin tələbləri pozulduğuna görə cərimə edilmişdir. Lakin Sonra AsanPay vasitəsi ilə ödəniş etmək istəyərkən ona məlum olmuşdur ki, protokol Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə deyil, Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə tərtib edilmişdir və həmin maddənin sanksiyası çərçivəsində 300 manat cərimə edilmişdir. Həmin avtomobili o idarə etməmişdir. Sükan arxasında xalası oğlu X7 oturmuş, o isə onun yanında sərnişin yerində oturmuşdur. Hesab edir ki, DİN Baş Dövlət Yol Polis İdarəsinin 06 noyabr 2023-cü il tarixli EQ 17885940 saylı inzibati tənbeh vermə barədə qərarı qanunsuz, əsassız və ədalətsizdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 şikayətdə qeyd edilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, barəsində tərtib edilmiş qərar üzrə cərimə məbləği 50 manat olduğu halda onun barəsində 300 manat cərimə yazılmışdır. Odur ki, onun barəsində qəbul edilmiş mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə inzibati qərarı qəbul etmiş Şəki ŞRPŞ məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə Şəki ŞRPŞ–nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ-17885940 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə X4 barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, EQ-17885940 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati xətanın törədilməsinə görə 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Göründüyü kimi X4 barəsində inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. Bu isə qərarın ləğv edilərək icraata xitam verilməsi üçün deyil, qərarın dəyişdirilməsi üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, EQ-17885940 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilərək X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət qismən təmin edilməli, qərar dəyişdirilərək X3, təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X4 barəsində xx.xx.2023-cü il tarixli, EQ-17885940 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilsin. X4 təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-1023/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1023/2023
28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver