Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-1042/2025 15.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Şəki Rayon Prokurorluğu tərəfindən başlanılmış icraata dair sənədləri nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Şəki Rayon Prokurorluğu tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 25-1-2-2- 451-0009-1 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, fiziki şəxs Şəxs 30 oktyabr 2025-ci il tarixdə, saat 15 radələrində Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən qardaşı X5 məxsus ünvansız fərdi yaşayış evinin həyətində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin Böyük Yerquruluşu üzrə mühəndisi vəzifəsində işləyən X3 xidməti vəzifələrini icra edərkən “omba” nahiyəsinə təpiklə zərbə vuraraq sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən büzdün nahiyyəsində qançır xəsarəti yetirmiş, eyni zamanda həmin vaxtı orada olan öz bacısı X2 baş nahiyəsinə yumruqla zərbə vuraraq fiziki ağrı vermiş, bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xətasını törətmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraat materialları baxılması üçün Şəki Rayon Prokurorluğundan Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarıvə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın deyil, cinayətin əlamətləri olduğundan material onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.3-cü maddəsinin tərkib əlamətlərinin olub-olmaması ibtidai istintaq orqanı tərəfindən geniş araşdırılmalı və daha sonra müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.1-ci maddəsinə əsasən işin və ya müvafiq materialların məhkəmədə baxılması ilə əlaqədar hakimi, habelə onun yaxın qohumlarını öldürməklə, onların sağlamlıqlarına zərər vurmaqla, əmlakını məhv etməklə və ya əmlakını zədələməklə hədələmə - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin məcəllənin 288.2-ci maddəsinə əsasən eyni əməllər işin və ya müvafiq materialların məhkəmədə baxılması və ya ibtidai istintaqın aparılması, hökmün yaxud digər məhkəmə qərarlarının icrası ilə əlaqədar prokuror, müstəntiq və ya təhqiqatçı, müdafiəçi, ekspert, icra məmuru, habelə onların yaxın qohumları barəsində törədildikdə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin məcəllənin 288.3-cü maddəsinə əsasən bu Məcəllənin 288.1 və ya 288.2-ci maddələrində nəzərdə tutulmuş əməllər həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.03.205-ci il tarixli 1 nömrəli qərarının 23-cü bəndinə əsasən həyat və ya sağlamlığ üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki şəxsə ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 288-ci maddəsi “Ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə” şəklindədir. İş materialalrından müəyyən edilir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(107)-763/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq ərazi idarəsinin mütəxəssislərinin qarşısında suallar qoyulmuş, məhz həmin sualların cavablandırılması məqsədilə Əmrah X1 evinin həyətində olmuş və hadisə də həmin yerdə baş vermişdir. X10 məhkəmə qərarının icrası məqsədilə X4 evinin həyətində olmuş və Şəxs tərəfindən ona qarşı zorakılıq hərəkətləri olmuşdur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Şəki Rayon Prokurorluğu tərəfindən başlanılmış icraat materialları geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Şəki Rayon Prokurorluğu tərəfindən başlanılmış icraat materialları Şəki Rayon Prokurorluğuna geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-1042/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-1042/2025
15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver