Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-106/2021 09.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi ilə X1 Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin 10 fevral 2021ci il tarixli, MN-1022419 nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 ərizə ilə məhkəməyə müraciət edərək, 10 fevral 2021-ci il tarixli, MN-1022419 nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq X3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. X3 06 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuiş ərizəsində üzürlü səbəblərə görə məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmiş və iştirakı olmadan işə baxılmasını və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi isə nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə X1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. X3 şikayət ərizəsində göstərmişdir ki, o, 10 fevral 2021-ci il tarixdə açıq havada işə gedərkən Yasamal RPİ-nin 27-cı Polis Bölməsinin polis nəfəri ona yaxınlaşaraq şəxsiyyət vəsiqəsini ondan istəmişdir. O da öz şəxsiyyət vəsiqəsini təqdim etmiş, maskasının qaydasında olduğunu və heç bir qayda pozuntusu etmədiyini və nə səbəbə şəxsiyyət vəsiqəsini istədiyini soruşmuşdur. Polis nəfəri onunla aqressiv danışaraq kobudluq etmiş və şəxsiyyət vəsiqəsinin şəkilini telefonu vasitəsi ilə çəkib vəsiqəsini ona qaytarmışdır. O, polis əməkdaşı olduğuna görə həmin əməkdaşlar kobud rəftar etməmişdir. Lakin, həmin hal onu narahat etdiyindən “asanpay.az” saytına daxil olmuş və COVİD-19-la bağlı ona cərimənin tətbiq edildiyinin görmüşdür. Lakin onun barəsində tərtib olunmuş COVİD 19-la bağlı protokoldan məlumatı olmamışdır. Ona heç bir sənəd təqdim olunmamışdır. Göründüyü kimi qanunvericiliyin tələbləri pozularaq barəsində olan həmin inzibati xəta haqqında işə baxılarkən o, inzibati işə baxılma yeri və vaxtı barədə məlumatlandırılmamış, barəsində olan inzibati xəta haqqında işə onun iştirakı olmadan və ona məlumat verilmədən baxılmışdır. Göründüyü kimi törədildiyi bildirilən inzibati xəta hadisəsinin törədilməsində qanunla müyyən edilmiş qaydada hər hansı bir təqsiri və qarşılıqlı əlaqəsi olmadan barəsində əsassız və qanunsuz qərar qəbul edilmişdir. Buna görə də həmin qərardan şikayət etməli olmuşdur. Bütün bunları nəzərə alaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru X5 tərtib etdiyi 10 fevral 2021ci il tarixli, MN-1022419 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X8 10 fevral 2021-ci il tarixdə Bakı şəhərində qoruyucu tibbi maskadan istifadə etməyərək karantin rejimi qaydalarını pozması əsası ilə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin rəisi X7 qəbul etdiyi 10 fevral 2021ci il tarixli, MN-1024566 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 10 fevral 2021-ci il tarixdə Bakı şəhərində qoruyucu tibbi maskadan istifadə etməyərək karantin rejimi qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Lakin, inzibati xəta haqqında protokolda və inzibati tənbehvermə haqqında qərarda X2 qaydalarını hansı şəkildə, harada pozması konkret olaraq qeyd edilməmişdir. Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən və həmin protokol əsasında inzibati tənbehvermə haqqında qərar qəbul edilərkən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati xəta haqqında qərarla razı olub-olmadığı da qeyd edilməmiş, ümumiyyətlə X4 iştirakı təmin edilməmişdir. Məhkəmə tərəfindən məhkəmə iclasları dəfələrlə təxirə salınmaqla, X4 barəsində qeyd edilən protokolun tərtib edilməsi üçün əsas olmuş sənədlərin, sübutların, əgər bunlar yazılı sübutlardırsa, təsdiq edilmiş surətlərinin (izahat, fotoşəkil, videogörüntü və sair) məhkəməyə göndərilməsi ilə bağlı Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə məktublar göndərilmişdir. Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən məhkəmənin məktubları cavablandırılmamış və Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən həmin inzibati xətanın törədilməsinin xüsusi texniki avadanlıqlar vasitəsilə qeyd alınması barədə hər hansı foto və ya video görüntülər, vardırsa, şikayətçinin izahatı təqdim edilməmiş, həmçinin protokol hər hansı digər bir sübutla əsaslandırılmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görəfiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə 29 may 2020-ci il tarixli qərarının 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə 1.1 şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Həmin Qərarın 3-cü maddəsinə əsasən bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında 21 noyabr 2020-ci il tarixdən qüvvəyə minmiş 19 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyriyoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Yoluxucu xəstəliklərin immunoprofilaktikası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər. Yoluxucu və parazitar xəstəlik mənbələrində karantin-təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə 19 noyabr 2020-ci il tarixli qərarının tələblərindən də göründüyü kimi Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru X5 tərtib etdiyi 10 fevral 2021-ci il tarixli, MN-1022419 nömrəli inzibati xəta haqqında protokol əsasında Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin rəisi X10 tərəfindən qəbul edilmiş 10 fevral 2021-ci il tarixli, MN-1024566 nömrəli inzibati tənbeh vermə haqqında qərarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 tərəfindən 10 fevral 2021-ci il tarixdə Bakı şəhərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinin tələblərinin pozulduğu göstərilmişdir. X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə protokolla onun həmin protokolla razılaşıb-razılaşmadığı barədə qeydlər aparılmamışdır. X3 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin rəisi X10 10 fevral 2021-ci il tarixli, MN-1022419 nömrəli inzibati xəta haqqında protokola istinad etməklə X4 200 manat məbləğində inzibati cərimə edilməsinə dair qərar qəbul etmişdir. Qanunvericiliyin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bundan başqa inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinin də tələbindən də göründüyü kimi inzibati xəta hadisəsinin fotosu həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək saxlanılmalıdır. Lakin, məlumat verilməsinə baxmayaraq, X4 həmin vaxt törətdiyi inzibati xəta hadisəsinin fotosu, video görüntüsü məhkəməyə təqdim edilməmiş, ümumiyyətlə, X4 həmin vaxt Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və inzibati tənbeh vermə haqqqında qərar qəbul etmiş şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru X9 tərəfindən tərtib edilmiş 10 fevral 2021-ci il tarixli, MN-1022419 nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin rəisi X10 tərəfindən qəbul edilmiş 10 fevral 2021-ci il tarixli, MN-1024566 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru X9 tərəfindən tərtib edilmiş 10 fevral 2021-ci il tarixli, MN-1022419 nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin rəisi X10 tərəfindən qəbul edilmiş 10 fevral 2021-ci il tarixli, MN-1024566 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 3 (075)-106/2021 09 aprel 2021-ci il X6 (Şəki şəhəri, Bağbanlar küçəsi ev 8/7) Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Şöbəsi (Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 7B) Şəki Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 3 (075)-545/2019 saylı inzibati xəta haqqında iş üzrə qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: 03 vərəqə, 05 səhifə. Hakim Elçin Mehdiyev.
Məhkəmə qərarları › İş №3(075)-106/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-106/2021
09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver