Məhkəmə qərarları › İş №3(075)-106/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-106/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-106/2025 13.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, 01 avqust 1986-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Şəki rayonu YPX inspektoru, polis baş serjantı Şəxs tərəfindən tərtib edilmiş 06 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 06 noyabr 2024-cü il tarixdə, saat 14:14 radələrində İXM-nin 333.1-ci maddəsinin tələbləri pozulmuşdur. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X3 Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 3 (075)-1172/2024 saylı, 09 dekabr 2024-cü il tarixli qərarına əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. 15 yanvar 2025-ci il tarixdə Şəxs Şəki Rayon Məhkəməsinin 3 (075)-1172/2024 saylı, 09 dekabr 2024-cü il tarixli qərarından şikayəti məhkəməyə daxil olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 3 (107)-38/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 3 (075)- 1172/2024 saylı, 09 dekabr 2024-cü il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 14:14 radələrində özünə məxsus olan “Ford Transit” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim edib snədlərini istədi. O, sənədlərini polis əməkdaşına verən zaman, polis əməkdaşı onun təhlükəsizlik kəmərindən istifadə etmədiyini bildirdi. Bundan sonra polis əməkdaşı onu alkotester vasitəsilə yoxlamışdır. Alkotester nəticələrində onda 0,344% sərxoşluq aşkar edildi. Daha sonra onu Oğuz rayonuna həkim narkoloqun yanına apardılar. Həkim tərəfindən yoxlanılan zaman onda 0,3 % sərxoşluq aşkar edildi. Bildirmişdir ki, həkim narkoloq onu küləkli havada yol qırağında yoxlamışdır. O, avtomobil idarə edən zaman sərxoş olmamışdır. Ümimiyyətlə son bir ilə yaxındır ki, o, içki qəbul etmir. Analiz cavabları ilə razı deyil. Hesab edir ki, inzibati xəta haqqında protokol əsassızdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X1 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 14:14 radələrində xidmətdə olduqları müddətdə “Ford Transit” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili saxlatmışlar. Sürücüyə özlərini təqdim edib yoxlayan zaman, həmin avtomobilinin sürücüsündən kəskin spirt qoxusu gəlmişdir. Həmin avtomobil müvəqqəti saxlanma yerinə aparılmış, sürücü isə həkim müayinəsinə aparılmışdır. Həkim komissiyası tərəfindən yoxlanılan zaman sürücünün spirtli içki qəbulu nəticəsində yüngül dərəcəli sərxoş olması müəyyən olunmuşdur. Buna görə də sürücünün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş, X2 izahat verərək bildirdi ki, o, Oğuz Mərkəzi Rayon Xəstəxanasında həkim-norkoloq işləyir. Sürücünün sərxoşluq vəziyyətinin yoxlanma yeri barədə məlumat tam olaraq yadında deyil. Təxmini olaraq bilir ki, yoxlama ya Şəki ŞRPŞ-də, ya da Oğuz Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında keçirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 329.1 və 333.1-ci maddələri ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəki Rayon Məhkəməsinin 3 (075)-1172/2024 saylı, 09 dekabr 2024-cü il tarixli qərarına əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. 15 yanvar 2025-ci il tarixdə Şəxs Şəki Rayon Məhkəməsinin 3 (075)-1172/2024 saylı, 09 dekabr 2024-cü il tarixli qərarından şikayəti məhkəməyə daxil olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 3 (107)-38/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 3 (075)- 1172/2024 saylı, 09 dekabr 2024-cü il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Oğuz Mərkəzi Rayon Xəstəxanasının 495 nömrəli, 06 noyabr 2024-cü il tarixli aktına əsasən sərxoşluq vəziyyətinin tibbi müayinəsindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:55-da sərxoşluq müayinəsindən keçmiş və sərxoş olması halı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin başverdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 333.1-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında iş ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs ilk öncə müayinədən keçirilərkən istifadə olunmuş xüsusi texniki vasitənin göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməli olduğu halda iş materialları ilə həmin halları müəyyən etmək mümkün deyildir. Bundan başqa Şəxs sərxoşluq vəziyyətinin yoxlanmasının açıq hava şəraitində yol kənarında aparıldığını bildirmişdir ki, bunu inkar edən sübutlar da inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qanunvericiliyin normasından da görünür ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar