Məhkəmə qərarları › İş №3(075)-1061/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1061/2023

01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1061/2023 01.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Muşviq oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 iştirakı ilə, X3 barəsində qəbul edilmiş 07 noyabr 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın l’ğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 07:16 radələrində Çöl yolunda (Şəki Penitensiar Xidmətin qarşısından) radarın altından keçəndən sonra Yol Patrul Xidmətinin əməkdaşı, polis baş leytenantı X4 tərəfindən idarə etdiyi ** ER *** dövlət qeydiyyat nişanlı “Mersedes 190” markalı avtomobili saxlanılmış, təhlükəsizlik kəməri taxdığı halda ona qeyri-qanuni olaraq 40 (qırx) manat məbləğində cərimə yazmışdır. Ona görə də ona yazılmış xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbehvermə haqqında qərarın ləğv edilərək işə xitam verilməsi xahiş edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, nəqliyyat vasitəsini idarə etdiyi zaman, təhlükəsizlik kəmərindən istifadə etmişdir. Onun idarə etdiyi nəqliyyat vasitəsi YPX əməkdaşı tərəfindən saxlanılmış, YPX inspektoru baş leytenantı X4, ona bildirmişdir ki, nəqliyat vasitəsini idarə etdiyi zaman təhlükəsizlik kəmərindən istifadə olunmayıb və protokol tərtib etmişdir.Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə dair sübut təqdim etmək öhədliyi protokol tərtib etmiş şəxsin üzərinə düşsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, o, heç bir inzibati xəta törətməmişdir. Göstərilənləri nəzərə alaraq, qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərarından şikayət verilmiş Şəki ŞRPŞ-nin nümayəndəsini iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 07 noyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 Azərbaycan Respublikasının İXM-nin 329.1-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarında olan 07 noyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İXM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Həmin məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmə iclasında müəyyən edildi ki, iş materiallarına əlavə edilmiş 07 noyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokolda və onun əsasında qəbul edilmiş 07 noyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X2 Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, X3 inzibati xəta haqqında protokolda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Şəki rayonu YPX inspektoru, polis baş leytenantı X4 07 noyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokola istinad etməklə X2 Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə təqsirli bilərək, 40 manat məbləğində inzibati cərimə edilməsinə dair qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməməklə, tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair 07 noyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, X3 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair 07 noyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar