Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1075/2024 17.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 17 oktyabr 2024-cü il tarixli İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 17 oktyabr 2024-cü tarixdə Şəki şəhəri, H.Əliyev prospektində işlətdiyi mağazanın qarşısında ucadan səs-küy salaraq və ünvansız nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəki ŞRPŞ-nin PPXB-nin, manqa komandiri Tural Əsədov, Şəki ŞRPŞ-nin PPXBnin polis nəfərləri, Elvin Məmmədov və Rahim Dadaşov birlikdə xidmətdə olduqları zaman Şəki şəhəri, H.Əliyev prospektində yerləşən mağazaların sahiblərinə həmin mağazaların qarşısında müxtəlif mallar satmaqla qanunsuz olaraq küçə ticarəti ilə məşğul olmaları barədə izahedici söhbətlər aparan zaman həmin küçədə mağaza işlədən tanımadıqları bir nəfər şəxs onlara yaxınlaşaraq işlətdiyi mağazanın qarşısında olan əşyaları içəri yığmaq istəmədiyini bildirmişdir. Polis əməkdaşları həmin şəxsə mağazanın qarşısında əşyalar satmaqla qanunsuz olaraq küçə ticarəti ilə məşğul olmasını bildirdikdə həmin şəxs ucadan səs-küy salmağa və ünvansız nalayiq ifadələr işlətməyə başladı. Polis əməkdaşları həmin şəxsi nizam intizama, qanunlara hörmətlə yanaşmağa dəvət etsələrdə o, öz hərəkətlərini daha da aqressiv şəkildə davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Daha sonra həmin şəxs polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində həmin şəxsin ünvan 2 ünvanında yaşayan Şəxs olması müəyyən olundu. Bu səbəbdən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, O, Şəki şəhəri, H.Əliyev prospektində mağaza işlətməklə qazanc əldə edir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onun işlətdiyi mağazaya yaxınlaşaraq, onun işçisi, xanıma küçə ticarəti etməsi barədə irad bildirmişdirlər. Mağazada satıcı işləyən xanım bu barədə onun mobil telefonuna zəng vuraraq məlumat vermişdir. Həmin vaxtı o, xəstə olduğu üçün evdə yatmışdır. Bundan sonra işlətdiyi mağazaya getmişdir. Mağazanın qarşısına çatdıqda o, avtomobilindən düşmüş, polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, küçə ticarəti ilə məşğul olduğunu bildirdilər. O, anidən əsəbiləşmiş, polis əməkdaşları əsəbi halda “bizdən nə istəyirsiz, nə üçün işləməyə qoymursuz” demişdir. Polis əməkdaşları ona küçə ticarəti ilə məşğul olduğunu bildirdikdə, o, daha da əsəbiləşərək özündən asılı olmadan, daha da aqresiv şəkildə səs-küy salmağa başlamışdır. Əsəbi olduğu üçün həmin vaxt özünü itirərək öz-özünə, ünvansız nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da, o, əsəbi olduğundan, eyni zaman da həmin gün xəstə, qızdırmalı olduğundan öz hərəkətlərini davam etdirib səs-küy salmışdır. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etdilər. O, ilk öncə etiraz edib səs-küy salsa da, sonradan polis əməkdaşlarına etiraz etməyərək polis şöbəsin getmişdir. Bildirmişdir ki, onun işlətdiyi mağazanın içərisində yer olmadığı üçün mağazanın qarşısında 2 - 3 ədəd aftafa asılmışdır. Polis əməkdaşları həmin əşyalara görə ona irad bildirmişdilər. Hadisə baş verən gün xəstə olduğu üçün gərgin vəziyyətdə olmuş, özünü narahat hiss etmişdir. Polis əməkdaşları onu polis şöbəsinə dəvət edəndə ilk öncə etiraz etsə də, sonradan polis şöbəsinə getmişdir. O, aprel döyüşləri iştirakçısıdır. Hərbi xidmətdə olduğu dövrdə böyrəkləri xəstələnmiş, hazırda da böyrək xəstəliyindən əziyyət çəkir. Əməlindən peşmandır. O, ailəlidir. Yüngül cəza verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X3 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı X4 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfərləri, Tural Əsədov və Elvin Məmmədlə birlikdə xidmətdə olduqları zaman Şəki şəhəri, H.Əliyev prospektində yerləşən mağazaların sahiblərinə həmin mağazaların qarşısında müxtəlif mallar satmaqla qanunsuz olaraq küçə ticarəti ilə məşğul olmaları barədə izahedicı söhbətlər aparmışlar. Onlar həmin ərazidə yerləşən mağazalardan birinə yaxınlaşdıqda mağazanın qarşısında 2 - 3 ədəd aftafa asıldığını görmüşlər. Mağazanın sahibi mağazada həmin anda olmamışdır. Onlar qanunsuz küçə ticarəti ilə bağlı iradı həmin mağazada işləyən satıcı xanıma bildirmişlər. Daha sonra mağazanın sahibi gəlmişdir. Onlar həmin şəxsə özlərini təqdim edib, mağazanın qarşısında əşyalar satmaqla qanunsuz olaraq küçə ticarəti ilə məşğul olmasını bildirdikdə həmin şəxs ucadan səs-küy salmağa və ünvansız nalayiq ifadələr işlətməyə başladı. Onlar həmin şəxsi nizam intizama, qanunlara hörmətlə yanaşmağa dəvət etsələrdə o, öz hərəkətlərini daha da aqressiv şəkildə davam etdirərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Daha sonra onlar həmin şəxsi polis şöbəsinə dəvət etdilər. Həmin şəxs ilk öncə etiraz etsə də, sonra onlarla birlikdə polis şöbəsinə getdi. Polis şöbəsində həmin şəxsin ünvan 3 ünvanında yaşayan Şəxs olması müəyyən olundu. Bildirmişdir ki, həmin şəxs küçədə öz-özünə, ünvansız nalayiq ifadələrə işlətmişdir. Həmin şəxsin səs-küyü ətrafdakı insanlar tərəfindən eşidilirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X6 digər şahid X4 ilə eyni məzmunlu ifadə verərək bildirdi ki, həmin şəxsə bir neçə dəfə xəbərdarlıq olunsa da, yenə də mağazanın qarşısına əşyalar yığıb, qanunsuz küçə ticarəti ilə məşğul olmuşdur. Onlar mağazaya yaxınlaşanda mağazanın sahibinin özü olmamışdır. Onlar iradlarını mağazada satıcı işləyən xanıma bildirmişdilər. Daha sonra mağazanın sahibinin özü gəlmişdir. Onlar mağazanın qarşısında əşya yığmamasını bildirdikdə əsəbi halda öz-özünə nalayiq ifadələr işlətmişdir. Əsəbi, aqresiv şəkildə danışmışdır. Onlar həmin şəxsi sakitləşdirmək istəsələr də, həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq daha da səs-küy salmışdır. Həmin şəxsin səs-küyünə ətrafdakı insanlar yığılmışdır. Onlar həmin şəxsi polis şöbəsinə dəvət edəndə ilk öncə etiraz etsə də, sonradan onlarla birlikdə polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı X8 digər şahid X4 ilə eyni məzmunlu ifadə verərək bildirdi ki, həmin şəxsə bir neçə dəfə xəbərdarlıq olunsa da, yenə də mağazanın qarşısına əşyalar yığıb, qanunsuz küçə ticarəti ilə məşğul olmuşdur. Onlar mağazaya yaxınlaşanda mağazanın sahibinin özü olmamışdır. Onlar iradlarını mağazada satıcı işləyən xanıma bildirmişdilər. Daha sonra mağazanın sahibinin özü gəlmişdir. Onlar mağazanın sahibinə mağazanın qarşısına əşya yığıb, qanunsuz küçə ticarəti ilə məşğul olmamasını bildirdikdə, ucadan səs-küy salmış, ünvansız nalayiq söyüşlər söymüşdür. Onlar həmin şəxsə əşyaları yığışdırmasını bildirdikdə mağazada yer olmadığını bildirmişdir. Həmin şəxsi sakitləşdirməyə çalışıb, nizam-iltizama dəvət etsələr də, onların qanuni tələblərinə məhəl qoymamışdır. Bundan sonra həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. İlk öncə etiraz etsə də, sonra onlarla birlikdə polis şöbəsinə getmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: - “İnzibati qaydada tutulma haqqında” 17 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 09:45-də tutulmuş, saat 17:15-də azad edilmişdir. - “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” 17 oktyabr 2024cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində bir ədə mobil telefon aşkar edilərək götürülmüş, Şəxs inzibati qaydada tutulmadan azad edildiyi vaxt özünə qaytarılmışdır. Məhkəmə proses iştirakçılarını və şahidi dinləyib, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs qeyri-etik ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, səs-küy salmış, ictimai qaydanı pozmuşdur. Polisin qanuni tələblərinə tabe olmamışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilməlidir. Eyni zamanda onun xx.xx.2024-cü il tarix, saat 09:45-dən xx.xx.2024-cü il tarix saat 17:15-dək inzibati qaydada tutulduğu nəzərə alınaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 31.4-1-ci maddəsi tətbiq edilməklə, təyin ediləcək inzibati cərimənin məbləği azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs xx.xx.2024-cü il tarix, saat 09:45-dən xx.xx.2024-cü il tarix saat 17:15-dək inzibati qaydada tutulması nəzərə alınmaqla, ona təyin olunmuş inzibati cərimə azaldılaraq 150 (yüz) manat məbləğində müəyyən olunsun. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-1075/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1075/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver