Məhkəmə qərarları › İş №3(075)-108/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-108/2022

02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-108/2022 02.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Mustafayev Fəxrəddin Məmməd oğlunun iştirakı ilə, xx xxxxxxx 1960-cı il tarixdə Şəki rayonu, Aşağı Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonu, Aşağı Göynük kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs R-61924 nömrəli, 1960-cı il İjevsk silah zavodunda istehsal olunmuş 16 kalbrli İJK modelli, çaxmaqlı yivsiz ov tüfənginin müvafiq icazə sənədi olmadan saxlama qaydasını pozmuşdur və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nə məlumat verilməsinə baxmayaraq Şəki ŞRPŞ nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, onun vəfat edən atası X1 R 61924 nömrəli, 1960-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş 16 kalbrli ijk modelli, çaxmaqlı ov tüfəngi qalmışdır. Həmin silah saz və yararlı vəziyyətdə olmuşdur.. Atası 2012-ci ildə vəfat etmişdir. Atasının ölümündən sonra silahı müvafiq icazə əsasında sənədləşdirməmişdir. Evinə baxış keçirilən zaman həmin silah polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Silahın sənədləri olmadığı üçün polis əməkdaşları ona silahı saxlama qaydalarını pozduğunu bildirmiş və Şəki ŞRPŞ-nə aparılmışdır. Daha sonra polis şöbəsində barəsində protokol tərtib olunmuşdur. Şəki ŞRPŞ-nin qəbul etdiyi 23 noyabr 2021-ci il tarixi qərara əsasən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanması rədd olunmuşdur. Əməlindən peşmandır. Bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz verir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Şəki ŞRPŞ-nin qəbul etdiyi 23 noyabr 2021-ci il tarixli “cinayət işi başlanması rədd olunması” haqqında qərardan görünür ki, 1 ədəd R- 61924 nömrəli, 1960-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş 16 kalbrli İjk modelli, çaxmaqlı ov tüfəngi Azərbaycan Respublikası DİN-nin Təminat idarəsinə təhvil verilməsi üçün Şəki ŞRPŞ-də saxlanılır. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞdən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini, əməlini səmimi etiraf etməsini və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan iş üzrə maddi sübut olan, Şəki ŞRPŞ-də saxlanılan 1 ədəd R- 61924 nömrəli, 1960-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş 16 kalbrli İjk modelli, çaxmaqlı ov tüfəngi müsadirə edilməklə cərimə olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib iş üzrə maddi sübut olan, Şəki ŞRPŞ-də saxlanılan 1 ədəd R- 61924 nömrəli, 1960-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş 16 kalbrli İjk modelli, çaxmaqlı ov tüfəngi dövlət nəfinə müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar