Məhkəmə qərarları › İş №3(075)-11/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-11/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-11/2021 02.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şikayətçi: X4 oğlunun iştirakı ilə, X1 MN-0625669 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan maddələrinin tələblərinə əməl olunmadan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki ŞRPŞ-ninİTB-nin s/rəisi, polis baş leytenantı X7 imzası ilə təsdiq olunmuş inzibati tənbeh vermə haqqında MN-0625669 saylı qərarın ləğv edilərək, inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclası zamanı ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 19:30 radələrində Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən kafedə qəlyanaltı etmək məqsədi ilə həmin kafeyə daxil olmuş və yemək sifariş vermişdir. Kafenin afısiantı ona verdiyi sifarişin təxminən 15 dəqiqəyə hazır olacağını bildirmişdir. O, sifariş verdiyi yeməyi gözləyərkən kafedə çay-çörək yeyən iki tanışı onu öz stollarına dəvət etmişlər və o da onların təklifinə etiraz etməmişdir. O, tanışlarının stolunda yenicə əyləşmişdir ki, bir neçə polis nəfəri kafeyə daxil olmuş və kafenin işçilərindən kafenin sahibini soruşmuşar. Bir neçə dəqiqədən sonra kafe sahibi gəlmiş və polislər onunla müəyyən söhbət edtikdən sonra Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X9 adlı əməkdaş onun əyləşdiyi masaya yaxınlaşaraq vərəq, qələm çıxarıb ondan kimliyini soruşmuş, o isə “nə olub, nə baş verir, nəyə görə mənim soy ad və adımı soruşursunuz” sual etdikdə həmin polis nəfəri “hələ bilmirsən nə olub?” deyərək yenidən adını və soy adını deməyi tələb etmişdir. O, adını və soyadını demiş, polis əməkdaşı da onun özü barədə dediyi məlumatları vərəqə qeyd etmişdir. Sonra o, kafeyə gəlməyinin səbəbini ayrıca vərəqə yazaraq həmin polis nəfərinə təqdim etmişdir. Polis əməkdaşları kafeyə girəndə və ona yaxınlaşıb adını və soy adını vərəqə yazarkən o, karantin qaydalarına uyğun olaraq sosial məsafəni gözləməklə tibbi masqada olmuşdur. Amma polis əməkdaşı onun karantin rejimi qaydalarına uyğun olaraq sosial məsafəni qorumaqla tibbi maskadan istifadə etməyinə baxmayaraq karantin rejimi qaydalarını pozmağını əsas gətirərək 200 manat cərimə olunduğunu bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə rəsmi olaraq, poçt vasitəsi ilə Şəki Şəhər-Rayon Polis şöbəsinin rəis müavini, polis polkovnikleytenantı cənab Vüqar Xəlilovun imzası ilə xx.xx.2020-ci il tarixli, 189-29422-1220 saylı məktubunu və həmin məktuba tikilmiş inzibati tənbeh vermə haqqında qərarın surətini almışdır. Həmin məktubda qeyd edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 19:30 radələrində Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən kafedə karantin rejimi qaydalarını pozduğu üçün Azərbaycan Respublukası İXM-nin 211.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək 200 (iki yüz) manat cərimə edilmişdir. Göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə insult keçirmiş, hərəkətlərində və yaddaşında problemlər yaranmışdır. Çətinliklə hərəkət edir, işləyə bilmir. Şikayəti müdafiə etdiyini və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Şəki ŞRPŞ nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Şəki ŞRPŞ-nin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki ŞRPŞnin İTB-nin sahə rəisi, polis baş leytenantı X9 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN-0643276 nömrəli protokoldan və onun əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN-0625669 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə İXM-nin 211.1-ci maddəsisilə ilə təqsirli bilinərək 200 manat cərimə olunmuşdur. İşdə olan Şəki rayon mərkəzi xəstəxanası X13 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X5 xx.xx.2021-ci il tarixdə Şəki rayon mərkəzi xəstəxanasında “İşemik insult” diaqnozu üzrə təcili tibbi yardım olunmuşdur. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Ölkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərər alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah müxtəlif şəhər və rayonların ərazisində xüsusi karantin rejiminin yeni qaydalarının tətbiq edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən 2020-ci il 07 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində aşağıdakı sahələr istisna olmaqla, digər sahələr və istiqamətlərdə fəaliyyət dayandırılmışdır. Həmin qərara əsasən taksi fəaliyyəti göstərilməsi icazə verilən siyahıya daxil edilməmişdir. Fəaliyyətinə icazə verilən fəaliyyət sahələri isə aşağıdakılardır. - hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti; - digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti (Nazirlər Kabineti tərəfindən müəyyən edilən say həddi çərçivəsində); - səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri; - kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları); - yük daşımaları və logistika xidmətləri; - Fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti; - kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı fəaliyyəti; - apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti; kütləvi informasiya vasitələrinin fəaliyyəti; - maliyyə təşkilatlarının (bank, sığorta və s.) fəaliyyəti; - mühafizə xidmətləri. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 134.1.3-cü naddəinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göründüyü kimi Covid-19 pandemiyası ilə əlaqədar kafe və restoranların fəaliyyətinin dayandırılması ilə bağlı karantin rejimi xx xxxxxx 2020-ci il tarixdən tıtbiq edilmişdir. X3 xx xxxxxx 2020-ci il tarixdə sözügedən kafedə olmuş və onun barəsində inzibati protokolda həmin tarixdə tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməməklə, tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, protokol tərtib edilən zaman inzibati xəta törətmiş şəxs izahatında karantin rejimi qaydalarını hansı formada pozması barədə fikir bildirməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X4 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN-0643276 nömrəli protokoldan və onun əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN-0625669 nömrəli inzibati tənbeh verilməsi haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şikayət təmin edilsin. X4 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN-0643276 nömrəli protokol və onun əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN-0625669 nömrəli inzibati tənbeh verilməsi haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar