Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-11/2024 08.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X4 iştirakları ilə, X3 barəsində tərtib edilmiş 23 noyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X3 şikayət ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş MN № ******* saylı inzibati protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, bazardan müəyyən meyvə və tərəvəz alaraq evə gedən zaman Şəki ŞRPŞ-nin sahə müvəkkili ona yaxınlaşaraq sən küçə ticarəti edirsən və ona görə də cərimələnməlisən demişdir. O, buna etiraz etdikdə ki, o, bazardan meyvə tərəvəz almış və evə gedir, hazırda da evə getmək üçün avtobus gözləyir. Lakin sahə müvəkkili yox sən küçə ticarəti edirsən deyə bildirərək qanunsuz olaraq onun şəklini çəkib getmişdir. O, sahə müvəkkilinin dediklərinə ilk öncə əhəmiyyət verməmişdir. Lakin bir müddət sonra onun yaşadığı ünvana Şəki ŞRPŞ-nin 27 noyabr 2023-cü il tarixli məktubu gəlmiş və həmin məktubda onun barəsində İXM-nin 454-cü maddəsi ilə MN ******* saylı inzibati protokol tərtib edildiyi və buna görə də 80 manat məbləğində cərimə ödəməli olmağı qeyd edilmişdir. Bundan sonra o, bu haqsızlığın araşdırılması və barəsində qanunsuz tərtib edilmiş inzibati xəta haqqında protokolun surətini almaq üçün Şəki ŞRPŞyə müraciət etmişdir. Lakin Şəki ŞRPŞ-dən ona bildirmişlər ki, narazısan get ver məhkəməyə. O, protokolun surətini istədikdə isə ona bildirmişlər ki, məhkəmə sorğu verməsə protokolun surətini verə bilməzlər. Məhkəmə sorğu verəndə ptotokolu məhkəməyə göndərəcəklər. MN ******* saylı inzibati protokol qanunsuz və əsassızdır və o, Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. O, heç bir küçə ticarəti ilə məşğul olmamış və beləliklə o, qanunvericiliyin tələbini pozmamışdır. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında X3 ərizə təqdim edərək, Şəki ŞRPŞ-nin 23 noyabr 2023-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən X3 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, o, paltar mağzasında çeşidləyici işləyir. Həmin işdən başqa heç bir işlə məşğul deyil. Maşında şəkilləri çəkilən məhsulları o, öz ailəsi üçün almışdır. Şikayətinin təmin edilməsini xahiş etmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X6 məhkəmə iclaslarında izahat verərək göstərmişdir ki, uzun müddətdir ki, o, X2 eyni yerdə dayanaraq küçə ticarəti ilə məşğul olduğunu müşahidə edir. Protokol tərtib edilən günü də o, eyni qaydada X1 ticarəti ilə məşğul olduğunu müşahidə etmiş, ona yaxınlaşaraq özünü təqdim etmiş və daha sonra maşının yük yerində olan məhsulların şəkillərini çəkmişdir. Həmin ərazidə təhlükəsiz şəhər kamerası da var. Həmin kameradan çıxarılmış görüntülərdən də görünür ki, X3 həmin ərazidə küçə ticarəti ilə məşğul olur. Məhkəmə şikayətçinin və Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovnikleytenantı X4 izahatlarını dinlədikdən sonra şikayəti və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməli, 23 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X6 tərəfindən tərtib edilmiş 23 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 10:17 radələrində Şəki şəhəri, M.Müşfiq küçəsində işıqforun yaxınlığında idarə etdiyi avtomobillə qanunsuz küçə ticarəti ilə məşğul olduğuna görə X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 İXM-nin 454-cü maddəsinə əsasən 80 manat məbləğində inzibati cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə - səksən manat məbləğində cərimə edilir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X6 tərəfindən X2 istifadə etdiyi **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və həmin nəqliyyat vasitəsinin yük yerinin (baqajın) foto şəkilləri təqdim edilmişdir. Həmin foto şəkillərdə nəqliyyat vasitəsinin yük yerində 3 qutu meyvə və 3 balon ağartı məhsulu olduğu görünsə də X1 ticarəti etməsi müəyyən edilməmişdir. Bu səbəbdən də görüntülərin əldə edilməsi məqsədilə məhkəmə tərəfindən ünvan 2 ünvanında yaşayan vətəndaş X2 idarə etdiyi “Mersedes” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, həmçinin xx.xx.2023-cü il tarixdə, saat 10:00-11:00 radələrində Şəki şəhəri, M.Müşfiq küçəsində işıqforun yaxınlığında qeydə alınan video görüntüləri barədə məlumatların, həmçinin həmin video görüntü və foto şəkillərin işə baxılanadək, yaxud məhkəmə iclasında Şəki Rayon Məhkəməsinə təqdim edilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş foto şəkillər məhkəməyə göndərilmişdir. Həmin foto şəkillərdə X3 və onun idarə etdiyi nəqliyyat vasitəsi görünsə də, həmin foto şəkillərin hansı tarixlərə aid olması, eyni gündə və ya müxtəlif günlərdə çəkildiyi müəyyən edilmədiyi kimi, X1 ticarəti ilə məşğul olması da həmin foto şəkillərdə öz əksini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 - 137-ci maddərini rəhbər tutaraq, məhkəmə qərara aldi : Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair 23 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-11/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-11/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver