Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1106/2025 26.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, Şəki ŞRPŞ-nin Dövlət yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru X4, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.2001-ci ildə Şəki rayonu, Öryət kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, Şəki rayonu, Öryət kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası DİN-nin Şəki ŞRPŞdən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası DİN-nin Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:40-da “VAZ 21074” minik markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobili sərxoş halda idarə edərək qəza törətmiş, nəticədə zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması ilə nəticələnən hadisə törətmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X7 izahatında bildirdi ki, Şəxs “9 mərtəbə” adlanan ərazidə düzünə hərəkət edən zaman X6 geriyə manevr etmiş, bu zaman toqquşma hadisəsi baş vermişdir. Elektron planşetdə texniki nasazlıqlar olduğundan texniki səhv nəticəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmə qeyd edilmişdir, əslində baş vermiş hadisə ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməli idi. Məhkəmə iclasında müdafiəçi X3 iş üzrə yaranmış anlaşılmazlıqları nəzərə alaraq inzibati xəta üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs hadisənin istənilməyərəkdən baş verdiyini, həmin zaman içkili olduğunu etiraf edərək, nəqliyyat vasitəsinə dəyən zərərin böyük olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək bildirdi ki, geriyə manevr etməni düzgün şəkildə etməmiş, bu zaman toqquşma hadisəsi baş vermişdir. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: Şəki ŞRPŞ-nin Dövlət yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru X7 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati xəta törətmişdir. Şəki ŞRPŞ-nin Dövlət yol polisi bölməsinin inzibati təcrübə üzrə baş inspektoru X7 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2025-ci il tarixli GP 34965595 saylı qərardadla iş baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi ilə bağlı xx.xx.2025-ci ildə aparılmış alkoqol testinin nəticəsində Şəxs sərxoşluq vəziyyəti 1.639 promille müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında xx.xx.2025-ci il tarixdə saat təxminən 23:40 radələrində ehtibarnamə ilə idarə etdiyi “VAZ 21074” minik markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobili ilə Şəki şəhəri M.F.Axundov prospektində hərəkətdə olarkən həmin prospektdə yerləşən “№1 ətir” mağazasının qarşısında dayanmış “VAZ 2106” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil geriyə hərəkət edərək onun avtomobilinin ön hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı avtomobildə tək olduğunu heç bir bədən xəsarəti almadığını qeyd etmişdir. Zərərçəkmiş şəxs X5 izahatında xx.xx.2025-ci il tarixdə saat təxminən 23:40 radələrində ona məxsus “VAZ 2106” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəki şəhəri M.F.Axundov prospektində geriyə manevr edərkən arxadan gələn “VAZ 21074” minik markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobil onun idarə etdiyi avtomobilin arxa hissəsindən toqquşmuşdur. Hadisə zaman heç bir bədən xəsarəti almadığını, heç bir maddi zərər dəymədiyini və şikayətinin olmadığını qeyd etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs xx.xx.2025-ci il tarixdə alkoqoldan istifadə nəticəsində yaranmış sərxoşluq vəziyyətində nəqliyyat vasitəsini idarə etməsi öz təsdiqini tapır. Lakin, məhkəmə hesab edir ki, səlahiyyətli orqan onun həmin əməlini İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə düzgün tövsif etməmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Maddənin məzmunundan göründüyü kimi, şəxsin əməlində o halda İXM-nin 333.3-cü maddəsinin tərkibi yarana bilər ki, o, İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmuş olsun. Belə olan halda məhkəmə hesab edir ki, hazırki material üzrə Şəxs əməlində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya ona maddi ziyan vurulması öz təsdiqini tapmamışdır. Bu səbəbdən Şəxs əməlində İXM-in 333.3-cü maddəsinin deyil, həmin Məcəllənin 333.1-ci maddəsinin tərkibi mövcuddur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibatı Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibatı xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Hazırkı vəziyyətdə İnzibatı Xətalar Məcəlləsində barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlinin daha ağır inzibati xətadan daha yüngül inzibati xətaya tövsif etmək məsələsini tənzim edən prosessual norma olmadığı üçün məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, müvafiq məsələ cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməli İXM-nin 333.3-cü maddəsindən həmin Məcəllənin 333.1-ci maddəsinə tövsif edilməlidir. Onun inzibati məsuliyyətini istisna edən və icraatı rədd edən hallar müəyyən edilməmişdir. Ona görə də, o, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətanın xarakteri, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi nəzərə alınmaqla, Şəxs barəsində cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №3(075)-1106/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1106/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver