Məhkəmə qərarları › İş №3(075)-1114/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1114/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1114/2023 11.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hаkim Musayev Kamran İbrahim оğlunun sədrliyi, X3 kаtibliyi, X1, Zərərçəkmiş şəxs X6 iştirakı ilə, X2 barəsində tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayətə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 şikayətlə məhkəməyə müraciət edərək, Şəki ŞPRŞ-nin xx.xx.2023-cü il tarixli, MN1369986 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xətaya dair barəsində başlanılmış iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Şəki ŞRPŞ-nin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən barəsində 300 manat cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Həmin qərarı aşağıdakılara görə tamamilə qanunsuz və əsassız hesab edir. xx.xx.2023-cü il tarixdə aralarındakı mübahisə əsasında X5 tərəfindən sağlamlığa zərər vurmayan, xəsarətin dərcəsi müəyyən edilməyən xəsarət yetirilmiş, Şəki ŞRPŞ-də aralarında barışıq olmuşdur. Zərərçəkmişlə aralarında barışıq olmasına baxmayaraq Şəki ŞRPŞ tərəfindən iş üzrə icraata xitam verilməmiş, əksinə qanunsuz və əsassız olaraq barəsində inzibati protokol tərtib edərək 300 manat cərimə tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Şəki ŞRPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə Şəki ŞRPŞ-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X7 bildirdi ki, binanın həyətində X9 ilə aralarında zibil atmaq üstündə mübahisə olmuş və daha sonra isə dalaşmışlar. Hadisədən sonra zərərçəkmiş Şəki ŞRPŞ-nə şikayər ərizasi ərizəsi ilə müraciət etmişdir. Bu səbəbdən də onu polisə çağıraraq izahatını almışlar. Qısa müddət sonra o, zərərçəkmişlə barışmışdır. Lakin sonra ona məlum olmuşdur ki, o, 300 manat cərimə edilmişdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq, barəsində inzibati xətaya dair başlanılmış iş üzrə icrata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X9 bildirmişdir ki, X7 ilə aralarında olan münaqişə zibil atmaq üstündə olmuşdur. Onlar dalaşdıqdan sonra hirsli olduğundan polisə müraciət etmişdir. Qısa bir müddət sonra isə Eldəniz ona zəng edərək üzrxahlıq etmiş, bu səbəbdən də onlar barışmışlar. Lakin onu polisə çağırmadıqları üçün barışmalarını polisə bildirməmişdir. Zərərçəkmiş şəxs X9 həmçinin ərizə təqdim edərək, X7 ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, inzibati xəta haqqında iş üzrə icraata xitam veriməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Şəki ŞRPŞ-nin rəis müavini X11 tərəfindən tərtib edilmiş 26 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 300 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, X4 şikayəti qismən təmin edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi səlahiyyətli orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır və bu hallar aradan qaldırılmadan şəxsin əməlinə hüquqi qiymət verilməsi mümkün deyildir. Qanunvericiliyin tələblərinə əsasən inzibati icraat zamanı tərəflərin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, hüquqi yardımdan istifadə etmək, iş üzrə qəbul edilmiş qərardan şikayət vermək kimi hüquqları vardır. İnzibati Xətalar Məcəlləsinin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. İnzibati Xətalar Məcəlləsinin 106.0.6-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmaması məsələsini aydınlaşdırır. Beləliklə, hazırkı iş üzrə İXM ilə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, 26 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman qanunvericliyin normaları düzgün tətbiq edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən həmin pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İXM-nin 134.1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati işə baxılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan, İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən, qərar ləğv edilməli, İXM-nin tələblərinə əməl edilməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxsin barışması da nəzər alınmaqla, inzibati xəta haqqında işə baxıb qərar qəbul edilməsi üçün iş səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə qəbul edilmiş 26 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Şəki şəhərrayon Polis şöbəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar