Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1116/2023 29.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Muşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X3, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxx 1990-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 tərəfindən tərtib edilmiş 29 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-739/2023 saylı, 02 mart 2023cü il tarixli icra sənədinin icrası təmin edilmədiyi üçün borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, e-2(075)-739/2023 saylı icra sənədinə əsasən X12 ilə Şəxs arasında bağlanmış 18 oktyabr 2021-ci il tarixli, 2021- 003649 nömrəli barışıq sazişi təsdiq edilmişdir. X1 və Şəxs birgə nikahdan anadan olmuş uşaqları – 24 fevral 2016-ci il təvəllüdlü X5 və 22 oktyabr 2016-ci il təvəllüdlü X7 anaları X6 himayəsində və yanında saxlanılmalıdır. X12 və Şəxs oğlunun birgə nikahdan anadan olmuş uşaqları – 24 fevral 2016-ci il təvəllüdlü X5 və 22 oktyabr 2016-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 noyabr 2021-ci il tarixdən hesablanmaqla, hər ay bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment hər növbəti ayın birinci yeddi günlüyündə Şəxs tutularaq X8 ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-739/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X12 ilə Şəxs arasında 18 oktyabr 2021-ci il tarixli, 2021-003649 nömrəli barışıq sazişi təsdiq edilmişdir. X1 və borclu Şəxs birgə nikahdan anadan olmuş uşaqları - 24 fevral 2016-cı il təvəllüdlü X5 və 22 oktyabr 2018-ci il təvəllüdlü X7 anaları X6 himayəsində və yanında saxlanılmalıdır, X12 və Şəxs birgə nikahdan anadan olmuş uşaqları - 24 fevral 2016-cı il təvəllüdlü X5 və 22 oktyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 noyabr 2021-ci il tarixdən hesablanmaqla, hər ay bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment hər növbəti ayın birinci yeddi günlüyündə Şəxs tutularaq X8 ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin könüllü icra müddəti ərzində borclu tələbin icrasını təmin etməmişdir. Könüllü icra müddəti bitdikdən sonra məcburi icra tədbirlərinə başlanılmış və borcluya rəsmi xəbərdarlıq göndərilərək borc məbləğinin ödənilməsi ondan tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin, borclu Şəxs natamam aliment ödənişi etmiş və bununla kifayətlənmişdir. Eyni zamanda borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sisteminə sorğu edilmiş və nəticədə banklarda borcluya məxsus pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. Həmçinin borclunun qeydiyyatda olduğu ünvan 1də yerləşən ünvanına baxış keçirilmiş, baxış zamanı tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Borclu Şəxs xx.xx.2023-cü il tarixində izahatı alınmış, icra sənədi üzrə yığılmış aliment borcunun tam ödənilməsi ondan tələb edilmişdir. Lakin borclu verdiyi izahatında aliment borcunu hissə-hissə olmaqla ödəyə biləcəyini bildirmişdir. Hazırda icra sənədi üzrə ödənilməyən aliment borcu 6000 manat təşkil edir. Borclu tərəfindən tələbkarın xeyrinə bu günədək cəmi 1200 manat pulun ödənilməsi təmin edilmişdir. İcra sənədi üzrə aliment borcunun ödənilməsi barədə tələbkar rəsmi ərizə ilə şöbəyə müraciət etmiş və borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Hazıradək alimetin tam ödənilməsi barədə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, tələbkar Günel İbadullahzadənin xeyrinə hər ay imkanı çatan qədər ödənişlər etmişdir. 2023-cü ilin oktyabr ayında 320 manat, noyabr ayında 880 manat olmaqla, cəmi 1200 manat məbləğində aliment pulu ödəmişdir. Hazırda icra sənədi üzrə qalıq aliment borcu 6000 manat təşkil edir. Lakin o, bu məbləğlə razı olmadığı üçün 4800 manat aliment pulunun silinməsi barədə 24 noyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət etmişdir. 6000 manat borcdan ancaq 1200 manat borcu təsdiq edir və bildirir ki, bu borc ona aiddir. Bu günədək tələbkarla qalıq aliment borcunun ödənilməsi baradə hər hansı razılığa gələ bilməyib. Konkret olaraq borcunu tam şəkildə birdəfəlik bağlamağa söz vermir, lakin borcundan hər ay 50 manat ödəniş etməklə cəmi 350 manat aliment ödəyə bilər. Yəni 300 manat aylıq aliment pulu, 50 manat isə borcundan ödəyəcəyinə söz verir. O, bildirir ki, icra sənədinin icrasından boyun qaçırmır. Həmçinin işsiz olduğu üçün bu günədək ödəniş edə bilməmiş, amma qərarı icra etmək istəyir. Barışıq sazişi bağlanan vaxtdan məhkəmədə təsdiq olunan vaxta qədər zərərçəkmişlə birlikdə təsərrüfat aparmışlar. Bu səbəbdən borcun 4800 manat olan hissəsini qəbul etmir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahat verərək bildirdi ki, borclu Şəxs 2021-ci ilin noyabr ayından ona hər ay 300 manat aliment ödəməlidir. Lakin aliment hesablandığı tarixdən ona heç bir ödəniş edilməyib və hazırda ona olan aliment borcu 6000 manat təşkil edir. O, ona verilməli olan 6000 manat aliment borcunun borcludan tam şəkildə alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etdi. Həmçinin birdirdi ki, Şəxs dediyi kimi həmin dövrdə ailə olaraq birlikdə yaşamayıblar. Çox az müddət birlikdə yaşayıblar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Hazırda da icra sənədi üzrə borcdan aylıq 50 manat ödəyə biləcəyini bildirir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 29 noyabr 2023cü il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gəlmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 29 noyabr 2023-cü il tarixdən, saat 10:00-dan, Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 29 noyabr 2023-cü il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 29 noyabr 2023-cü il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-1116/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1116/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver