Məhkəmə qərarları › İş №3(075)-1117/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1117/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1117/2023 30.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs: Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X8 iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx olan, əlilliyi olmayan, orta təhsilli, subay, işləməyən, Şəki şəhəri, Sabir Rəhman küçəsi, ev 11/21 qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşdə olan Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X10 tərəfindən 30 noyabr 2023-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 30 noyabr 2023-cü il tarixdə Şəki şəhəri, S.Rəhman küçəsində ucadan səs-küy salaraq nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmayaraq xırda xuliqanlıq növündə inzibati xəta törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X10 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 30 noyabr 2023-cü il tarixdə Şəki şəhəri, S.Rəhman küçəsində ünvansız nalayiq söyüşlər söymüş və polisin qanuni tələblərinə qəsdən tabe olmadığından polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Bundan sonra Şəxs barəsində 30 noyabr 2023-cü il tarixdə İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 29 noyabr 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında yerləşən mağazadan spirtli içki alaraq qəbul etmişdir. Axşam saatlarında yaşadığı binanın qarşı blokuna daxil olmuşdur. Sərxoş vəziyyətdə olduğu üçün həmin binanın beşinci mərtəbəsində yerləşən qapını döyərək siqaretini yandırmaq üçün ona alışqan verməsini bildirmiş, lakin həmin evin sahibi qapını açıb ona gec olduğunu irad bildirərək evinə getməsini demişdir. Ev sahibi ona alışqan vermədiyi üçün əsəbləşmişdir. Bundan sonra qapının yanında olan dəmir xəkəndazı götürərək evin qapısına bərkdən bir neçə dəfə vuraraq blokun pəncərəsinin şüşəsini sındırıb qapını açıb alışqan vermələri üçün ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Daha sonra polis əməkdaşları gəlmiş, lakin sərxoş vəziyyətdə olduğu üçün nalayiq ifadələr işlətməyə davam etmişdir. Polis əməkdaşları onu sakitləşdirsə də, o buna məhəl qoymamış, onlara müqavimət göstərməyə çalışaraq öz hərəkətlərini davam etdirmişdir. Etdiyi hərəkətlərdən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-nin Post-patrul xidməti bölüyü polis nəfəri, polis serjantı X1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 01:40 radələrində Şəki ŞRPŞ-nin Növbətçi Hissəsindən onlara məlumat verərək ünvan 1 ünvana yaxınlaşmaları bildirilmişdir. Onlar həmin binaya getmiş, binanın blokuna daxil olduqda bir nəfər şəxsin ucadan səs-küy saldığını, ucadan nalayiq ifadələr işlətdiyini eşitmişlər. İlk öncə binanın blokuna daxil olan zaman yuxarı mərtəbədə blokun pəncərəsini kiminsə sındırdığını eşitmiş və həmin şüşə sınıqları polis maşınının üzəriə düşmüşdür. Binanın 5-ci mərtəbəsinə çatdıqda bir nəfər şəxsin binanın damına qalxdığını görmüş, bu zaman onun dama qalxmasına mane olmuşlar. Bina sakinləri onlara yaxınlaşaraq həmin şəxsin səs-küy salaraq, ucadan nalayiq ifadələr işlədərək onları narahat etməsini bildirmiş, bu zaman o yenidən, aqressiv şəkildə ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Onu nizamintizama dəvət etsələr də, onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək onlara müqavimət göstərməyə çalışmışaraq onlara təpik atmağa cəhd etmişdir. Həmin şəxs tərəflərindən polis şöbəsinə gətirilmiş, polis şöbəsində həmin şəxsin Şəki şəhər sakini Şəxs olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-nin Post-patrul xidməti bölüyü polis nəfəri, polis baş serjantı X5 digər şahid Şəki ŞRPŞ-nin Post-patrul xidməti bölüyü polis nəfəri, polis serjantı X1 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 30 noyabr 2023-cü il tarixdə gecə saat 01:40 radələrində Şəxs onların evinə gələrək qapını döyüb alışqan istədiyini bildirmişdir. Onun içkili olduğunu görüb insanları narahat etməməsini və artıq gecə olduğunu evə getməsini deyib qapını bağlamışdır. Bundan sonra yenidən qapını blokda olan dəmir xəkəndazdan olan küt aləti götürüb nalayiq ifadələr işlədərək qapını vurmağa başlamışdır. Bundan sonra blokun pəncərəsinin şüşəsini sındırmışdır. Belə olan halda Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi 102 xidmətinə zəng edib polis göndərmələrini xahiş etmişdir. Polis əməkdaşları gələnə kimi sonradan adını bildiyi Şəxs yüksək səslə səs-küy salıb nalayiq ifadələr işlətməklə qapılarını əlində olan xəkəndazla bərkdən vuraraq qapını açmalarını tələb etmişdir. Polis əməkdaşları da gəldikdən sonra da, Şəxs onlara tabe olmaqdan imtina edərək müqavimət göstərib nalayiq ifadələr işlətməkdə davam etmişdir. Həmin vaxt binanın sakinləri də bayıra çıxaraq həmin hadisənin şahidi olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7, gecə saatlarında blokda, səs-küy olduğunu, blokun pəncərəsinin sınması səsini və üzbə üz olan qonşusu Salamov Təbrizin qapısını bərk küt alətlə vurulduğunu və kiminsə ucadan nalayiq ifadələr işlətməsini eşitmişdir. Evdən bloka çıxarkən sonradan adını bildiyi Şəxs polis əməkdaşlarının sakitləşdirdirməyə çalışdığını görmüşdür. Buna baxmayaraq sonuncu nalayiq ifadələrə işlətməyə davam etmişdir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 30 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 02:30-da tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” 30 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman heçnə aşkar edilmişdir. İş materiallarında olan 30 noyabr 2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan fotoşəkillərədən görünür ki, X2 mənzilinin qapısı bərk küt alətin təsiri nəticəsində əzilmişdir. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək, iş materiallarını araşdıraraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatını dinləyərək iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın deyil, cinayətin əlamətləri olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, iş prokurora və təhqiqat orqanına göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 510-cu maddəsinin dipozisiyasından görünür ki, xırda xuliqanlıq dedikdə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Göründüyü kimi xırda xuliqanlıq növündə inzibati xəta tərkibinin obyektiv tərəfi alternativ olan hərəkətlərdən ibarətdir. Şəxs tərəfindən törədilən inzibati xəta o zaman xırda xuliqanlıq kimi qiymətləndiriləcəkdir ki, şəxs hərəkətləri ictimai qaydanı pozmuş olsun, lakin həmin hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud da özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməsin. 30 noyabr 2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokolda Şəxs 30 yanvar 2023-cü il tarixdə Şəki şəhəri, S.Rəhman küçəsində ucadan səs-küy salaraq nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmayaraq inzibati xəta törətdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin məzmunundan göründüyü kimi həmin maddənin tərkibi özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdə ifadə olunur. Lakin işə əlavə olunmuş fotoşəkillərdən aydın olur ki, Şəxs X2 mənzilinin qapısını bərk küt alətlə vuraraq ona maddi ziyan vurmuşdur. Bundan başqa Şəxs bərk küt alətlə Təbriz Salamova və onun ailə üzvlərinə zor tətbiq olunması hədəsini həyata keçirmiş, eyni zamanda ucadan nalayiq ifadələr işlətməklə bina sakinlərinin narhatlığına səbəb olmaqla cəmiyyətə açıq hörmətsizlik etmişdir. Deməli Şəxs əməli ictimai qaydanın pozulması, cəmiyyətə açıqca hörmətsizlik etməsilə bərabər vətəndaşlar üzərində zor tətbiq edilməsi hədəsi ilə, özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmişdir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməllərində cinayət əlamətləri olduğundan, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olduğundan iş materialları əlavə araşdırmanın aparılması üçün müvafiq materiallar baxılması üçün Şəki rayon prokuroruna göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 85, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 30 noyabr 2023-cü il tarixdə tərtib etdiyi inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olduğundan iş materialları əlavə araşdırmanın aparılması üçün Şəki Rayon Prokurorluğuna göndərilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar