Məhkəmə qərarları › İş №3(075)-1126/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1126/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1126/2023 06.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, məhkəmə iclas katibi Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X7 Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxx 1997-ci il tarixdə Şəki rayonu, Qoxmuq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, evli, taksi fəaliyyəti ilə məşğul olan, Şəki rayonu, Qoxmuq kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 06 dekabr 2023-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1419/2022-022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli icra sənədi üzrə borclu X3 4506.42 manat məbləğində borc və 59.40 manat dövlət rüsumu tutularaq tələbkar “Mətanət-A” şirkətinin xeyrinə ödənilməlidir. İcra sənədi 07 dekabr 2022cü ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmiş, lakin icra sənədi icra olunmamışdır. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-89/2023-017 nömrəli, 07 dekabr 2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 4699.63 manat məbləğində borc və 50 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 15 mart 2023-cü ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmiş, lakin icra sənədi icra olunmamışdır. Qaradağ Rayon Məhkəməsinin 1(002)-19/2023 nömrəli, 16 iyun 2023cü il tarixli icra sənədi üzrə borclu Şəxs 5192.66 manat məbləğində borc tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İcra sənədi 04 iyul 2023-cü ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmiş, lakin icra sənədi icra olunmamışdır. Borclu icra sənədləri üzrə tələbləri yerinə yetirmədiyindən borclunun adına nəğd pul vəsaitinin, qiymətli əşyalarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə “Elektron İcra” sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. Həmçinin borclunun evində əmlak vəziyyətinə baxış keçirilmiş, lakin borcluda tələb yönəldiləcək əmlak aşkar olunmamışdır. Borclunun rəsmi iş yeri olmasa da şöbədə olarkən izahatı alınmış, izahatlarında bildirmişdir ki, rəsmi iş yeri olmasa da taksi fəaliyyəti ilə məşğul olur, ayda 600-700 manat qazancı olur, həmçinin ədviyyat satışı ilə məşğul olur, ayda 1000 manat qazancı olur. İcra sənədinin icrası məqsədilə borcluya dəfələrlə xəbərdarlıq edilmiş, lakin borclu edilmiş xəbərdarlıqlara məhəl qoymamışdır. Bütün bu hallarla görünür ki, borclu gəliri olduğu halda icra sənədləri üzrə tələbləri yerinə yetirmir, icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu X1 saat 10:00-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 16:30-da məhkəməyə aparılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, 2023-cü ilin may ayında cəzaçəkmə müəssisəsindən çıxmış, işsiz olmuşdur. Bir müddət sonra avtomobil almış taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Bildirmişdir ki, zərəçəkmiş şəxslər onu aldatmış, onun adına şirkət açmışlar. Maddi imkanı aşağı olduğu üçün icra sənədlərində göstərilən borc məbləğlərini ödəyə bilməmişdir. Hazırda icra sənədlərində göstərilən borclarını birdəfəlik ödəməyə maddi imkanı çatmır. Lakin hər ay hissə hissə ödəməyə söz verir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xaiş etdi. X7 Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş Şəki Kommersiya Məhkəməsi tərəfindən verilmiş 25 oktyabr 2022-ci il tarixli, 2-2(117)-1419/2022 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 4393 manat əsas borc, 50 manat penya, 60 manat mediasiya xərci və 3,42 manat ödənilmiş dövlət rüsumu tutularaq “Mətanət-A” şirkətinə ödənilməlidir. Həmçinin 59,40 manat dövlət rüsumu cavabdeh Şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 07 dekabr 2022-ci il tarixli bildirişdən görünür ki, Şəki Kommersiya Məhkəməsi tərəfindən verilmiş 25 oktyabr 2022-ci il tarixli, 2-2(117)-1419/2022 saylı icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş borclunun məcburi gətirilməsi barədə 15 fevral 2023cü il tarixli qərardan görünür ki, borclu Şəxs məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli, 1(002)-19/2023 saylı icra vərəqəsindən görünür ki, 4700 manat məbləğində maddi ziyan, 300 manat məbləğində mənəvi zərər və 192.66 manat ödənilmiş dövlət rüsumu, cəmi 5192,66 manat məbləğində pul vəsaiti borclu Şəxs tutularaq X4 xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 04 iyul 2023-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli, 1(002)-19/2023 saylı icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Kommersiya Məhkəməsi tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli, 2-2(117)-89/2023 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 4623,4 manat borc, 60 manat mediasiya xərci və 16,23 manat rüsum tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Həmçinin 50 manat dövlət rüsumu cavabdeh Şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 15 mart 2023-cü il tarixli bildirişdən görünür ki, Şəki Kommersiya Məhkəməsi tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli, 2-2(117)-89/2023 saylı icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının aşağı həddində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 06 dekabr 2023cü il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 06 dekabr 2023-cü il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 06 dekabr 2023-cü il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 06 dekabr 2023-cü il tarixdən saat 10:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar