Məhkəmə qərarları › İş №3(075)-113/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-113/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-113/2023 20.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəhmirova Hicran Novruz qızının iştirakı ilə Şəhmirova Hicran Novruz qızının Şəki şəhər-rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında 14 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəhmirova Hicran Novruz qızı 07 iyul 2022-ci il tarixdə Şəki rayonu, Öryət kəndində X2 ilə aralarında yaranan mübahisə zamanı sonuncunu sağlamlığına zərər vurmayan xəsarətlər yetirməklə döymüşdür. Bununla da Şəki şəhər-rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında 14 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli qərarına əsasən o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə olmuşdur. Şəhmirova Hicran Novruz qızı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhər-rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında 14 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəhmirova Hicran Novruz qızı bildirmişdir ki, onun barəsində əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi qərar qəbul edilmişdir. O, qeyd edilən inzibati xətanı törətməmişdir. Ona görə də, barəsində tərtib edilmiş 14 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 avqust 2022-ci il tarixli qərarının surətindən görünür ki, Şəhmirova Hicran Novruz qızının və X1 əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barələrində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunmaları üçün Şəki şəhərrayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 14 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəhmirova Hicran Novruz qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş 14 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Şəhmirova Hicran Novruz qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən (köhnə redaksiyada) inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, hazırkı material üzrə inzibati tənbeh verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, iş materiallarından görünür ki, Şəhmirova Hicran Novruz qızının əməlində cinayət tərkibi olmadığından 17 avqust 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və onun inzibati məsuliyyətə cəlb olunması üçün materialın Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. 14 yanvar 2023-cü il tarixdə isə Şəhmirova Hicran Novruz qızı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərədə tutulmuş inzibati xəta törətməsi əsası ilə MN ******* nömrəli protokol tərtib olunmuş və həmin tarixdə, yəni 14 yanvar 2023-cü il tarixdə onun barəsində MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi inzibati xəta törətmiş Şəhmirova Hicran Novruz qızına inzibati tənbeh verilməsi üçün sonuncu gün 17 noyabr 2022-ci il tarix olmuşdur. Lakin həmin müddət 2 aya yaxın müddət ötürülməklə, yəni 14 yanvar 2023-cü il tarixdə inzibati protokol və həmin tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, Şəhmirova Hicran Novruz qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata, inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəhmirova Hicran Novruz qızının barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərar ləğv edilsin və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar