Məhkəmə qərarları › İş №3(075)-1144/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1144/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1144/2023 13.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki şəhəri, Turan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 13 dekabr 2023-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-140/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs buğdanın dəyəri olan 10710 manat, arpanın dəyəri olan 6000 manat, 16710 manat pul alınaraq tələbkar X4 verilməlidir. İş üzrə ödənilmiş 153,45 manat dövlət rüsumu borclu Şəxs alınaraq tələbkar X4 verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin könüllü icra müddəti ərzində borclu tələbin icrasını təmin etməmişdir. Borclu Şəxs şöbəyə dəvət edilərək borcun ödənilməsi barədə onunla söhbətlər aparılmış, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə olmaqla onun izahatı alınmış, həmçinin rəsmi qaydada xəbərdarlıq edilərək icra sənədi üzrə borcun tam şəkildə ödənilməsi ondan tələb edilmişdir. Lakin borclu izahatında hal-hazırkı tarixə icra sənədi üzrə borc məbləğindən tam şəkildə ödəniş etməyə imkanı olmadığını, qalan borc məbləğinin isə hər ay hissə-hissə olmaqla ödəyə biləcəyini bildirmişdir. Bununla da icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Borclu Şəxs tələbkarın xeyrinə bu günədək cəmi 100 manat ödəniş etmiş və bununla kifayətlənmişdir. Hal-hazırda borclu Şəxs tərəfindən tələbkara ödənilməli borc 16610 manat təşkil edir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, tələbkar Ələddin Həsənovun xeyrinə o 100 manat ödəniş etmişdir. Borcunu ödəmədiyi üçün icra sənədinin məcburi icrası istiqamətində onunla fərdi qaydada söhbətlər aparılmış, borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş və məsuliyyəti izah edilməklə borcun ödənilməsi tələb edilmişdir. Konkret olaraq borcunu tam şəkildə birdəfəlik bağlamağa söz vermir. Lakin hər ay hissə - hissə, yəni 100 manat olmaqla borcunu tələbkara ödəyəcəkdir. Bundan başqa hər ilin iyul ayında o taxıldan əldə etdiyi gəlirdən tələbkara 1500-2000 arası pul ödəyəcəkdir. Eyni zamanda rəsmi işlə təmin olunmaq üçün o, bir neçə yerə müraciət etmişdir. O, bildirir ki, icra sənədinin icrasından boyun qaçırmır. Həmçinin işsiz olduğu üçün bu günədək ödəniş edə bilməmiş, amma qərarı icra etmək istəyir. Ona izah olunmuşdur ki, məhkəmə qərarını icra etmədiyi təqdirdə Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcək. Qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. X6 Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun, zərərçəkmişin izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 13 dekabr 2023cü il tarixdə, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gəlmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 17:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 13 dekabr 2023-cü il tarixdən, saat 10:00-dan, Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 13 dekabr 2023-cü il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini, məhkəmə qətnaməsi qüvvəyə mindiyi tarixdən bu günə qədər hər hansı ödəniş etməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və İXM-nin 31.4-cü maddəsi nəzərə alınmaqla barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 13 dekabr 2023-cü il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar