Məhkəmə qərarları › İş №3(075)-1149/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1149/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1149/2024 07.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, X3 xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qanunsuz olaraq tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Rusiya Federasiyasında olan müddətdə adına bir çox cərimələr gəlmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə o Rusiya Federasıyasında olduğu halda barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə EQ-13013117 nömrəli protokol tərtib edilmiş və qərar qəbul olunmuşdur. Belə ki, o həmin vaxt ölkə ərazisində olmamışdır. Bunu sübut edəcək xarici pasportunda ölkəyə giriş çıxış möhürləri də var. Qərardan şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, qərardan şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş və səlahiyyətli orqan nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə qərardan şikayət vermiş şəxsin və səlahiyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti nəzərdən keçirib, iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 13013117 saylı qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İş materiallarında olmaqla məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayətin dəlilləri ilə razılaşaraq qeyd edir ki, X4 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamışdır. İnzibati xəta haqqında qərarda inzibati xətanın ”Audi A5” minik markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan X4 tərəfindən törədilməsi göstərilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması qərarı qəbul etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında qərarı qəbul etmiş şəxs məhkəmə tərəfindən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməməklə, qəbul edilmiş qərarın hansı inzibati xəta əsasında qəbul edilməsi ilə bağlı məhkəməyə heç bir sübutu da təqdim etməmişdir. X1 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən normativ tələblər pozulmaqla, nəqliyyat vasitəsinin kim tərəfindən idarə edilməsi ilə bağlı xüsusat tam olaraq aydınlaşdırılmadığı müəyyən olunur. Bundan əlavə qeyd edilməlidir ki, qanunvericilik İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq, həmin işlər üzrə faktiki halları hərtərəfli araşdırmaqla qərar qəbul etmək səlahiyyətini məhkəməyə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə etmişdir (İXM-nin 43.1-ci maddəsi, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Qeyd edilən qanunvericilik aktlarını nəzərə alaraq məhkəmə hesab edir ki, İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəbul edilmiş qərardan şikayət verildiyi halda, məhkəmə yalnız iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında şikayət verilmiş qərarın qüvvədə olan qanunvericiliyə uyğun olubolmamasını yoxlayır, müstəqil qaydada həmin inzibati xəta haqqında iş üzrə sübutlar toplamaqla faktiki halları araşdırmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinin də tələbindən də göründüyü kimi inzibati xəta hadisəsinin fotosu həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək saxlanılmalıdır. X2 həmin vaxt törətdiyi inzibati xəta hadisəsinin fotosu, video görüntüsü məhkəməyə təqdim edilməmiş, ümumiyyətlə, X3 həmin vaxt Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X6 oğlunun İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işin yuxarıda qeyd olunan mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları və ziddiyyətli məqamları araşdırılmadığından xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 13013117 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi vəya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 oğlunun Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən qəbul olunmuş 04 fevral 2023-cü il tarixli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar