Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1154/2023 15.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X6, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Şəki rayonu, Təpəcənnət kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, "xxxx" ASC-də elektrik montyoru işləyən, Şəki rayonu, Cəfərabad kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 15 deakbr 2023-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X13 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-63/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 18 iyul 2012-ci il təvəllüdlü X9 və 13 iyul 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün borclu X2 hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 manat aliment tutularaq X7 verilməlidir. Aliment tutulmasının əvvəli 29 avqust 2022-ci il tarixdən hesablanmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərzində borcun ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu barəsində məcburi icra tədbirlərinə başlanılmış və borclu X5 rəsmi xəbərdarlıq göndərilərək ondan icra sənədi üzrə aliment borcunu ödəməsi tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin borclu aliment pulundan heç bir ödəniş etməmişdir. Eyni zamanda borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sisteminə sorğu edilmiş və nəticədə banklarda borcluya məxsus pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. “Elektron İcra” informasiya sistemindən əldə edilən məlumata əsasən borclu Fərahim Bayraməliyevin "xxxx" MMC-də işlədiyi müəyyən edilmiş və xx.xx.2023-cü il tarixində borcluya hesablanan əmək haqqından hər ay 70 % (yetmiş) həcmində tutulması üçün 5101/22 saylı təklif məktubu göndərilmişdir. İcra sənədi üzrə tələbkar X1 rayonu üzrə İcra və Probasiya şöbəsinə müraciət edərək aliment hesablandığı tarixdən ona heç ödəniş edilmədiyini, həmçinin 2264 manat məbləğində aliment borcunun yarandığını bildirmiş və onun barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Bborclunun məcburi gətirilməsi barədə Şəki Rayon Məhkəməsinin 8(075)- 131/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı icra olunması üçün xx.xx.2023-ci il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixində borclu Fərahim Bayraməliyev məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilmişdir. Hazırda icra sənədi üzrə borclunun 2264 manat məbləğində aliment borcu yaranmışdır. İcra sənədi üzrə aliment borcunun ödənilməsi ilə bağlı borclu Fərahim Bayraməliyev rəsmi şəkildə xəbərdarlıq edilməsinə və Şəki rayonu üzrə icra və probasiya şöbəsinə dəvət edilməsinə baxmayaraq borclu icra sənədi üzrə borcun tam ödənilməsini təmin etməmişdir. Borclunun xx.xx.2023-cü il tarixdə Şəki rayonu üzrə icra və probasiya şöbəsində izahatı alınmış, icra sənədi üzrə aliment borcunun tam şəkildə ödənilməsi ondan tələb edilmişdir. Borclu verdiyi izahatında hal-hazırkı tarixdə borc məbləğindən hər ay hissə hissə olmaqla 40 manat ödəniş edə biləcəyini bildirmişdir. Bununla da icra sənədi üzrə tələbin icrası borclu X10 tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir və boyun qaçırmır, qərarı icra etmək istəyir. Hər ay əmək haqqından tutulan 70 % tutulur. Tələbkar razı olacağı halda bütün məbləğin tutularaq alimentin ödənilməsinə yönəldilməsinə razıdır. Hətta maaş kartını belə qarşı tərəfə verlə bilər. Əlavə olaraq da hər ay qardaşı tərəfindən 30-40 manat ödəniş edilə bilər. Qeyd edilənləri nəzərə alaraq, icraata xitam verilməsini xahiş etdi. X23 Vəkil Bürosunun vəkili X15 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, maaşının tam şəkildə icra sənədinin icrasına yönəldilməsinə etirazı olmadığından, icra sənədinin icrasından boyun qaçırmağından, qərəzli olaraq icra sənədini icra etməmə halı olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X12 maaşın tam şəkildə tutularaq ona veriləcəyi halda, həmçinin əlavə olaraq da ödəniş olacağı halda əlavə tələbinin olmadığını, Fərahim Bayraməliyevin həbs edilməsi kimi bir qərəzinin olmadığını bildirərək məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o, barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Lakin tərəflərin izahatı və iş materialları ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Fərahim Bayraməliyevin maaşından hər ay 70 % tutularaq icra sənədini icrasına yönəldilir. X14 maaşının 100 faizinin icra sənədinin icrasına yönəldilməsinə razıdır. Zərərçəkmiş şəxs də Fərahim Bayraməliyevin maaşının 10 faizinin ödənilməsi halında hazırkı vəziyyətdə bir tələbinin olmadığını bildirmişdir. Həmçinin iş materialları ilə Fərahim Bayraməliyevin hər hansı daşınar və ya daşınmaz əmlakının, əlavə gəlir yerinin olması da müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduğuna dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının mümkünsüzlüyünü əsaslandırmalıdır. Həmin imkanların olmadığı və ya tükəndiyi halda isə borclunun barəsində İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə əsaslandırılmış protokol tərtib edilib məhkəməyə müraciət edilə bilər. Məhz bu səbəbdən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra məmurunun protokolu əsaslandırılmış olmalı olduğu nəzərdə tutulmuşdur. Hazırkı protokol isə yuxarıda göstərilən məzmunda əsaslandırılmamışdır. Bununla da icra məmurunun icra sənədinin icrası ilə bağlı qanununda nəzərdə tutulmuş bütün imkanlardan istifadə etməsi öz təsdiqini tapmamışdır. Belə vəziyyətdə məhkəmə onun icra sənədinin qərəzli olaraq icra etməməsinə şübhə ilə yanaşır və hesab edir ki, hazırkı vəziyyətdə borclunun əməlində qərəzlilik yoxdur. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-1154/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1154/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver