Məhkəmə qərarları › İş №3(075)-1158/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1158/2023

19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1158/2023 19.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikirət oğlunun katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxx 1984-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək material ilə birlikdə baxılması üçün 19 dekabr 2023-cü il tarixdə Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X4 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində Şəki şəhəri, Salma Mümtaz küçəsində ucadan nalayiq ifadələr işlədərək Şəki şəhər-rayon polis şöbəsi Dövlət X10 əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, mülkiyyətində olan “Ford Tranzit” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə Şəki şəhəri Salman Mümtaz küçəsində hərəkətdə olarkən Şəki şəhər DYPB əməkdaşları tərəfindən saxlamışlar. Avtomobili saxladıqdan sonra maşından düşüb Yol Polis əməkdaşları tərəfə irəliləmiş və onun sənədlərinin olub omadığı soruşulduqda sənədlərinin qaydasında olduğunu bildirmişdir. Bundan sonra Yol Polis əməkdaşı başqa maşın saxladığından və ondan heç bir sənəd tələb etmədiyindən avtomaşına minib yoluna davam etməyə başlamışdır. Daha sonra həmin polis əməkdaşları onun maşınının ötüb keçib getmişdir. əki şəhəri Güyümlər adlanan ərazidə həmin polis əməkdaşları onu yenidən saxlamışlar. Bu zaman avtomobildə əlavə arxa şüşədə pərdə olduğunu buna görə də avtomobili duracağa aparmalı olduqlarını bildirdilər. Bundan sonra birlikdə X13 Şöbəsinə getmişlər. Avtomobilini duracağa yerləşdirib özünü isə poisə tabe olmaması bəhanəsi ilə Şəki ŞRPŞ-nə gətirmişlər. O, ucadan nalayiq ifadələr işlətməməklə polis əməkdaşlarına hər hansı tabesizlik göstərməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki şəhər-rayon X7 X10 baş inspektoru X6 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şəki şəhəri Salman Mümtaz küçəsində xidmətdə olarkən Şəxs məxsus “Ford Tranzit” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilldə əlavə pərdələrin quraşdırılması səbəbi ilə saxla işarəsi vermişlər. Bu zaman Şəxs tabesizlik göstərib Avtomobili sürərək uzaqlaşmağa başladı. Həmin avtomobilin arxasıilə gedərək bir müddət sürdükdən sonra saxlamışlar. Bundan sonra avtomobilə əlavə avadanlıq quraşdırdığı üçün X13 Şöbəsinin duracağına gətirmişlər. Sürücü Şəxs DYPŞ-nin həyətində olarkən ucadan nalayiq ifadələr işlətdiyindən barəsində qanuni tədbir görülməsi üçün Şəki Şəhər –Rayon Polis Şöbəsinə gətirərək polis şöbəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki şəhər-rayon X7 X10 inspektoru X2 şahid X6 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəslərində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli 18 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki Şəxs xx.xx.2023-cü il tarixdə polisin qanuni tələbinə tabe olmamışdır. iş materiallarında olan MN ******* nömrəli 18 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə ucadan nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-13-109/1-32851/23 nömrəli raportdan görünür ki, “Ford Tranzit” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilldə əlavə avadanlığın quraşdırılması səbəbindən saxlanılmış, sənədləri yoxlanıldıqdan sonra duracağa yerləşdirilmək üçün DYPB-nə dəvət etmişlər, DYPB-nin həyətində olarkən sürücü Şəxs ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Şəxs nizam intizama dəvət etsələr də sürücü polisin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyindən polis əməkdaşları tərəfindən tutularaq Şəki şəhər-rayon polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan 18 dekabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 342.2.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 510-cu maddəsinin dipozisiyasından görünür ki, xırda xuliqanlıq dedikdə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Polis haqqında qanununun 20-ci maddəsinə əsasən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının aşağıdakı hüquqları vardır: Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda və qaydada nəqliyyat vasitəsini saxlamaq, onu idarə edən şəxsin sürücülük hüququna dair sənədlərini və daşınan yükün sənədlərini yoxlamaq; nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş olub-olmadığını müəyyənləşdirmək üçün texniki vasitələrdən istifadə etmək və ya həmin şəxsin tibbi müayinəsini təşkil etmək; qanunla müəyyənləşdirilmiş hallarda və qaydada nəqliyyat vasitəsini idarə edən şəxsi və nəqliyyat vasitəsini yol hərəkətində iştirakdan kənarlaşdırmaq; yol hərəkəti qaydalarını pozanlardan, yol-nəqliyyat hadisəsinin iştirakçılarından və şahidlərindən izahat almaq və zəruri hallarda onları polisə çağırmaq; yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbeh tədbirləri tətbiq etmək, sürücülük hüququndan məhrum etmək barədə materialları məhkəməyə göndərmək; yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edilmədikdə yollarda təmir-tikinti və digər işlərin görülməsini məhdudlaşdırmaq və ya qadağan etmək; təbii fəlakətlər zamanı, habelə qəza təhlükəsinin aradan qaldırılması ilə əlaqədar yol hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək; texniki vəziyyəti müəyyənləşdirmiş tələblərə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək; nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə olan sərnişinlərin cinayət törətdiyi və ya törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumatı olduqda, habelə nəqliyyat vasitəsinin idarə olunması ilə cinayət törədilməsinə real təhlükə yarandıqda nəqliyyat vasitəsini təqib etmək. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ucadan nalayiq ifadələr işlətməsi və polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar