Məhkəmə qərarları › İş №3(075)-1167/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1167/2023

25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1167/2023 25.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxx 2003-cü il tarixdə Qax rayonuda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Qax rayonu, Qax şəhəri, X13 küçəsi, döngə 1, ev 6 qeydiyyatda olmaqla həmin ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək material ilə birlikdə baxılması üçün 25 dekabr 2023-cü il tarixdə Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X5 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Şəki ŞRPŞ-nin DYPBnin inspektorularının qanuni tələbinə tabe olmayaraq avtomobili təhvil verməkdən imtina etmişdir. Belə ki, avtomobilin qabaq yan şüşələrinin tünd olması səbəbindən YPX əməkdaşları tərəfindən avtomobil saxlanılmış, cərimə meydançasına gətirilmiş, lakin cərimə meydançasında avtomobilin təhvil verilməsi barədə akta imza etməkdən boyun qaçırmışdır. Avtomobili orada qoyaraq çıxıb getmək istəmişdir. Bununla da o, İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə 13:00 radələrində Şəki şəhəri Salman Mümtaz kücəsi ilə etibarnamə ilə istifadə etdiyi **-KA-*** dövlət qeydiyat nişanlı VAZ 2107 markalı avtomobillə hərəkət edərkən yol patrul xidmətinin əməkdaşları saxla işarəsi bildirmişdir və o, maşını saxlamışdır. Yol patrul inspektoru özünü təqdim etmiş və idarə etdiyi avtomobilin şüşələrinin qadağan olmasını izah etmiş, ona avtomobilin duracağa getməli olduğunu söyləmiş və duracağa birlikdə getmişlər. Duracaqda olan zaman yol patrul xidməti əməkdaşları ila mübahisə olmuşdur. Belə ki, ona akta imza etməli olduğu bildirilmiş, lakin o, imza etməkdən imtina etmişdir. Bu səbəbdən də o, Şəki rayon polis şöbəsinə dəvət edilmişdir. Şöbədə ona qayda pozuntusu törətdiyi bildirilmiş və barəsində protokol tərtib edilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki şəhər-rayon X8 X10 inspektoru X6 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olan zaman Şəki şəhəri, S.Mümtaz küçəsində hərəkət edən **-KA-*** dövlət qeydiyyat nişanlı Vaz 2107 markalı nəqliyat vasitəsinin qabaq yan şüşələrinin qanunla müəyyən edilmiş həddən tünd olduğunu görərək ona saxla işarəsi vermişlər. YPX-nin inspektoru polis baş serlantı Bəhman Tanrıverdiyev ona yaxınlaşaraq maşınındakı olan qanunla qadağan olunan şüşənin olmasını ona izah edərək, maşını cərimə meydançasına aparacaqlarını bildirmişdir. Lakin sürücü cərimə meydançasına getməkdən boyun qaçırsa da, onlar sürücüyə tabe olmasını və maşını sürməsini tələb etmişlər. Cərimə meydaçasına gəldikdən sonra həmin sürücüyə maşını təhvil verməsini xahiş etmişlər, lakin sürücü onların sözlərinə məhəl qoymayaraq maşını təfil verməkdən boyun qaçırmışdır. Belə ki, maşının təhvil verilməsi barədə aktı imzalamaqdan boyun qaçırmışdır. Onlar həmin sürücünü dəfələrcə qanuna dəvət etsələr də sürücü onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Daha sonra onlar həmin sürücünü YPX-nin nəqliyyat vasitəsinə əyləşdirərək Şəki ŞRPŞ-yə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki şəhər-rayon X8 X10 inspektoru polis baş serjant X1 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Şəki şəhəri, S.Mümtaz küçəsində DYPB-nin YPX inspektoru, polis baş serjantı Tural Mamedovla birlikdə xidmətdə olduğu zaman Vaz 2107 markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq yan şüşələrinin normativ tələblərə uyğun olmadığını müşahidə etmişlər. Avtomobil saxlanılmış, sənədlərə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, avtomobildə konstruksiya dəyişiklikləri var. Onlar sürücüyə konstruksiya dəyişiklikləri edildiyi üçün avtomobilin müvəqqəti duracağa yerləşdiriləcəyini bildirdilər. Duracağa gəldikdən sonra sürücü onların qanuni tələblərinə tabe olmayaraq avtomobili təhvil verməkdən imtina etdi. Belə ki, duracaq aktına imza etməkdən imtina etdi. Bu səbəbdən onun polis şöbəsinə dəvət etdik. Polis şöbəsində həmin sürücünün barəsində müvafiq tədbir görüldü. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Şəki şəhəri Salman Mümtaz küçəsi ilə etibarnamə ilə istifadə etdiyi **-KA-*** dövlət qeydiyat nişanlı VAZ 2107 markalı avtomobillə hərəkət edərkən yol patrul xidmətinin əməkdaşları saxla işarəsi bildirmiş və Şəxs maşını saxlamışdır. Yol patrul inspektoru özünü təqdim etmiş və idarə etdiyi avtomobilin şüşələrinin qadağan olduğunu bildirmişdir. Onlara avtomobilin duracağa getməli olduğu bildirilmişdir. Onlar birlikdə duracağa getmişlər. Duracaqda olan zaman yol patrul xidməti əməkdaşları ilə mübahisə olmuşdur. Belə ki, YPX əməkdaşları Toğrula akta imza etməli olduğunu bildirmişlər, lakin Toğrul akta imza etməkdən boyun qaçırmışdır. Bu səbəbdən də onları polis şöbəsinə aparmışlar. Bütün bu hadisələr olan vaxt o, Toğrulun yanında olmuşdur. Çünki avtomobili polis əməkdaşları saxlayan zaman o, maşında olmuşdur. Məhkəmə iş materiallarında olan sənədlərə və proses iştirakçılarının və şahidlərin izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərardaddan görünür ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Şəki Şəhər-rayon məhkəməsinə göndərilsin. İş materiallarında olan MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Şəki ŞRPŞ-nin DYPBnin inspektorularının qanuni tələbinə tabe olmayaraq avtomobili təhvil verməkdən imtina etmişdir. Bununla da o, İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materillarında olan TP ******* qərardan görünür ki, xx.xx.20223-cu il tarixli Şəki şəhər DYPB-nin inspektoru polis baş serjantı X2 12:42-də Vaz 2107 minik markalı **-KA- *** dövlət qeydiyyat nişanlı naqliyyat vasitəsini idarə edən Şəxs barəsində İXP5923461 protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Polis haqqında qanunun 20-ci maddəsinə əsasən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının aşağıdakı hüquqları vardır: Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda və qaydada nəqliyyat vasitəsini saxlamaq, onu idarə edən şəxsin sürücülük hüququna dair sənədlərini və daşınan yükün sənədlərini yoxlamaq; nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş olub-olmadığını müəyyənləşdirmək üçün texniki vasitələrdən istifadə etmək və ya həmin şəxsin tibbi müayinəsini təşkil etmək; qanunla müəyyənləşdirilmiş hallarda və qaydada nəqliyyat vasitəsini idarə edən şəxsi və nəqliyyat vasitəsini yol hərəkətində iştirakdan kənarlaşdırmaq; yol hərəkəti qaydalarını pozanlardan, yol-nəqliyyat hadisəsinin iştirakçılarından və şahidlərindən izahat almaq və zəruri hallarda onları polisə çağırmaq; yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbeh tədbirləri tətbiq etmək, sürücülük hüququndan məhrum etmək barədə materialları məhkəməyə göndərmək; yol hərəkətinin təhlükəsizliyi qaydalarına əməl edilmədikdə yollarda təmir-tikinti və digər işlərin görülməsini məhdudlaşdırmaq və ya qadağan etmək; təbii fəlakətlər zamanı, habelə qəza təhlükəsinin aradan qaldırılması ilə əlaqədar yol hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək; texniki vəziyyəti müəyyənləşdirmiş tələblərə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək; nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə olan sərnişinlərin cinayət törətdiyi və ya törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumatı olduqda, habelə nəqliyyat vasitəsinin idarə olunması ilə cinayət törədilməsinə real təhlükə yarandıqda nəqliyyat vasitəsini təqib etmək. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Yol-patrul Xidməti haqqında Təlimatın 8.12-ci bəndinə əsasən qanunla müəyyən olunmuş hallarda yol hərəkətindən kənarlaşdırılaraq DYP-nin ən yaxın mühafizə olunan duracağına gətirilmiş nəqliyyat vasitəsinin saxlanılması biri protokola əlavə edilən, digəri isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilən iki nüsxədə olan “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə akt”la rəsmiləşdirilir (Təlimata 19 nömrəli əlavə). Aktın surəti duracaqda saxlanılır. Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya inzibati xəta törətmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Belə nəqliyyat vasitələrinin duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Təlimata 19 nömrəli əlavə olan “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə akt”dan görünür ki, “əgər nəqliyyat vasitəsinin sahibi (təhvil verən şəxs) akta imza etməsə, bu halda iki hal şahidinin iştirakı ilə aktda müvafiq qeyd aparılmalıdır”. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, Şəki rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşının tələbi ilə avtomobilin duracağa yerləşdirildikdən sonra avtomobilin təhvil verilməsi barədə aktın Şəxs tərəfindən imzalamaqdan imtina edilməsi, qanunvericiliyin normasından da göründüyü kimi polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamaq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar