Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1186/2024 28.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, Nəsirova Sayalı Elşad qızının katibliyi, X1 iştirakı ilə, X8 tərəfindən Azərbaycan Respublikası FHN-nin X14 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin barəsində çıxardığı 14 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası FHN-nin X14 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin barəsində tərtib etdiyi 14 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 01 avqust 2005-ci il tarixdən Şəki rayonu Aran kənd uşaq bağçasında müdir vəzifəsində işləyir. Azərbaycan Respublikası FHN-nin X14 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi tərəfindən rəhbərlik etdiyi bağçada yoxlama aparılmış və müəssisənin elektrik avadanlıqlarının mütəxəssis tərəfindən yoxlanılmayaraq müvafiq aktın tərtib olunmaması, eləcə də yanğın təhlükəsizliyi norma və qaydaları tələblərinin yerinə yetirilməməsi əsas götürülərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən barəsində 100 (yüz) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə 14 iyun 2024-cü il tarixli MN ******* nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası FHN-nin X14 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin MN ******* nömrəli, 14 iyun 2024-cü il tarixli icra sənədi əsasında Şəki rayon İcra və probasiya şöbəsinin icra məmuru Vidadi Əhmədov tərəfindən barəsində xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra məmurunun qərarı 30 oktyabr 2024-cü il tarixdə ona rəsmi qaydada verilmişdir. O, həmin qərarla qətiyyən razılaşmır və hesab edir ki, barəsində qəbul edilmiş inzibati cərimə tənbeh növünün tətbiq edilməsinə dair Azərbaycan Respublikası FHN-nin X14 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin 14 iyun 2024-cü il tarixli MN ******* nömrəli qərarı qanunsuz və əsassızdır. Belə ki, Aran kənd uşaq bağçasının binası Aran kənd ümumi orta məktəbi ilə birlikdə eyni inzibati binada yerləşir və həmin bina 1991-ci ildə istifadəyə verilmişdir. Həmin vaxtdan hazırki dövrədək binanın daxilindəri elektrik xətlərində yanğın təhlükəsizliyi ilə bağlı heç bir problemlər yaranmamışdır. Aran kənd uşaq bağçasının binası və ümumiyyətlə Aran kəndi bu günədək təbii qazla təmin olunmadığı üçün bağçada müasir standartlara cavab verən isitmə avadanlığı quraşdırılmayıb. Məhz bu səbəbdən də məcburdular ki, qış aylarında uşaqların istiliyinin təmin olunması üçün odun peçi və ya elektrik qızdırıcılarından istifadə etsinlər. İstifadələrində olan elektrik qızdırıcıları da inventar kimi rayon təhsil idarəsi tərəfindən verilmişdir. X12 İdarəsinin nümayəndəsinin barəsində qəbul etdiyi qərarı ona münasibətdə olmalı deyil. Çünki uşaqların istiliyinin təmin olunması üçün Aran kənd uşaq bağçasında rayon təhsil idarəsi tərəfindən verilən elektrik qızdırıcısından istifadə olunmasında onun heç bir təqsiri yoxdur. Qanunvericiliyə əsasən keçirilən yoxlamanın nəticəsinə dair qeyd olunanların yerinə yetirilməsinə görə məsuliyyət daşımalı olan şəxs mən deyildir. Belə ki, bağça müdiri kimi onun vəzifə səlahiyyətlərini müəyyənləşdirən heç bir normativ hüquqi aktda, o cümlədən “Təhsil Haqqında” Azərbaycan Respublikasının Qanununda bu kimi tələblər yoxdur. Belə olan halda hesab edir ki, Aran kənd uşaq bağçasının müdiri kimi Azərbaycan Respublikası İXM-də nəzərdə tutulan inzibati hüquq pozmanın subyekti o deyil və onun əməlində İXMnin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən ona 100 (yüz) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə Azərbaycan Respublikası FHN-nin X14 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin 14 iyun 2024-cü il tarixli, MN ******* nömrəli saylı qərarı ona rəsmi qaydada verilməmiş, 100 (yüz) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə qərardan məlumatı yalnız 30 oktyabr 2024-cü il tarixdə, yəni Şəki rayon icra və probasiya şöbəsinin icra məmuru Vidadi Əhmədov tərəfindən barəsində qəbul olunan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar ünvanıma gələndən sonra olmuşdur. Bundan sonra o, Azərbaycan Respublikası FHN-nin X14 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinə müraciət etmişdir ki, barəsində çıxarılmış qərarın surətini ona versinlər ki, həmin qərarı məhkəmə qaydasında mübahisələndirsin. Lakin bütün cəhdlərinə baxmayaraq idarənin nümayəndəsi Vüsal müəllim qararın surətini ona verməkdən imtina etmiş və bildirmişdir ki, həmin qərarı sosial şəbəkə (whatsapp) üzərindən mobil telefona göndərəcək və ərizədə qərarı 22 noyabr 2024-cü il tarixində məhz sosial şəbəkə (whatsapp) üzərindən almasını, eləcə də şikayət vermə müddəti axımının həmin tarixdən hesablanmasını qeyd etsin. O, qərarı alandan 3 gün sonra, yəni prosessual müddəti ötürmədən mübahisələndirmiş və inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə 14 iyun 2024-cü il tarixli, MN ******* nömrəli qərarın ona nə vaxt təqdim olunmasını məhkəmə baxışı zamanı bir daha mobil telefonunda göstərəcəkdir. Onun aylıq əmək haqqısı 448 manatdır, ailə üzvləri 6 nəfərdir, əri heç yerdə işləmir, ailələrinin dolanacağını təmin edən demək olar ki, tək odur və bu səbəbdən də hazırki şikayətlə bu gün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi X8 şikayət ərizəsinin məzmununa uyğun izahat şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası FHN-nin X14 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası FHN-nin X14 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası FHN-nin X14 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və hazırki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 İXM-nin 518.1-ci maddəsinin tələblərini pozduğu üçün barəsində 100 manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarından görünür ki, X8 barəsində qəbul edilmiş 14 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda obyektin elektrik avadanlıqlarının mütəxəssis tərəfindən yoxlanılıb akt tərtib edilməməsi əsası ilə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmiş, faktiki olaraq X8 barəsində İXM-nin 518.1-ci maddəsilə inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Halbuki Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin görə inzibati məsuliyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, X3 rayonu Aran kəndinin uşaq bağçasının müdiri vəzifəsində işləyir. O, İXM-nin 518.1-ci maddəsilə obyektin elektrik avadanlıqlarının mütəxəssis tərəfindən yoxlanılıb akt tərtib edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, bu da tamamilə qanunsuz və əsassızdır. Halbuki qanunvericiliyə əsasən X8 həmin yanğın mühafizəsi tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşımalı olan şəxs deyildir. Belə ki, Şəki rayonu Aran kəndinin uşaq bağçasının müdirinin vəzifə səlahiyyətlərini müəyyənləşdirən heç bir normativ hüquqi aktda, o cümlədən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X2 təhsil müəssisəsinin müdiri üçün obyektin elektrik avadanlıqlarının mütəxəssis tərəfindən yoxlanılıb akt tərtib edilməsi tələbləri yerinə yetirməli olması müəyyən edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası FHN-nin X14 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin rəisi, polkovnikleytenant Azad Cavadov xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında X4 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, şikayətçi X8 tərəfindən inzibati xətanın törədilməsi inkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməməklə, tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. Qanun normasının mənasına görə şəxsin Azərbaycan Respublikası İXM-nin hansısa maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilməklə onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanır. Həmçinin Azərbaycan Respublikası İXM-nin 76.21-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut növü kimi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəki rayonu Aran kənd uşaq bağçasının müdiri X8 hazırki iş üzrə Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin subyekti deyildir, onun əməlində həmin İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. İşdə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut da yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X4 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi təsdiq edilməmişdir. Qeyd olunanları ümumiləşdirib, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayəti əsaslı olduğundan təmin edilməli, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməsi ilə bağlı Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin rəisi X9 14 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X5 barəsində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X12 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin 14 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X5 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-1186/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1186/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver