Məhkəmə qərarları › İş №3(075)-120/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-120/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-120/2025 18.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Şəki rayonu, Cumay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Cumakənd kəndində pasport qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3 (075)-812/2023 nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərar üzrə icra sənədi Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icraatındadır. Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarını qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsi əsası ilə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 3(075)-812/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 1500 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Hal-hazırkı tarixədək icra sənədi üzrə borclu Şəxs icra sənədləri üzrə ödənilməli olan borcdan ödəniş etməmiş və Şəki Rayon Məhkəməsinin 3(075)-812/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 1500 manat məbləğində borcu mövcuddur. Qeyd olunan icra sənədi üzrə müvafiq olaraq xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədi üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün dəfələrlə xəbərdarlıqlar edilmişdir. Lakin icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. Borclu Şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün xx.xx.2023-cü il tarixində borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gələn borclu Şəxs verdiyi izahatında hal-hazırda borc məbləğini ödəyə bilməyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs icra sənədi üzrə ödənilməli inzibati cərimə məbləğini qanunla müəyyən edilmiş müddətdə qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədindən məlumatı olmamışdır. Ancaq icra şöbəsinə gətirildikdən sonra icra sənədlərindən məlumatı olmuşdur. Hazırda cərimə borcundan 500 manat məbləğdə ödəniş edəcəkdir. Qalan məbləği də hissə-hissə ödəyəcəkdir. Ailəlidir, himayəsində 3 azyaşlı uşağı vardır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. X5 Vəkil Bürosunun vəkili X4 izahatında Şəxs əməlində hər hansı qərəz olmadığını, həmçinin Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərar gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmədiyinə görə onun barəsində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Həmin protokolda Şəxs inzibati cərimə məbləğindən hər hansı ödəniş etmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirə salmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.8-ci maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı məcburi icraya yönəldilir. Həmin Məcəllənin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. Həmin Məcəllənin 150.10-cu maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin inzibati tənbehə yönəldilə bilən həcmdə əmlakı və ya gəlirləri bu Məcəllənin 150.9cu maddəsində göstərilən müddətlərdə aşkar edildikdə, bu Məcəllənin 529.1 və ya 529.2ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmir və məcburi icra tədbirləri davam etdirilir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3 (075)-812/2023 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş və icraya yönəldilmişdir. Həmin qərar icraya yönəldikdən sonra Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Şəxs məhkəmənin icraya yönəldilmiş qərarını icra etmədiyinə görə onun barəsində Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(075)-812/2023 nömrəli qərarı üzrə icraata başlanıldıqdan 1 il 2 aydan artıq müddət keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin məcburi icraya yönəldilmiş qərarı 15 gün müddətində icra olunmadıqda, icra məmuru İXMnin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərməli idi. Hazırki halda İXM-in 150.9-cu maddəsində nəzərdə tutulmuş müddətlər pozulmuş və nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti 4 ay nəzərdə tutulmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib olunarkən İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan hətta 1 illik müddət belə ötürülmüşdür. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6-cı və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 28 mart 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 150.9 və 529.1-ci maddələrinə uyğun olaraq, müvafiq inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib edilmədikdə və nəticədə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdə, həmin Məcəllənin 38.1, 53 və 109.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilir. X7 Məcəlləsinin 529.1 və ya 529.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilə bilmədikdə onun barəsində qəbul edilmiş inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilir. Şəxsin inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur. Hazırki vəziyyətdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz və ona görə də məcburi icra tədbirləri davam etdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, hazırda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53 və 105-ci maddələrinin tələbləri baxımından Şəxs inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi və Şəxs inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Şəxs barəsində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında işin icraatına, inzibati məsuliyyətə cəlb etmək üçün qanunla müəyyən edilmiş müddət keçdiyindən xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar