Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-1211/2024 19.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 5 avqust 1987-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-də satıcı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 27 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 27 noyabr 2024-cü il tarixdə, saat 905-də İXM-nin 329.1 və 333.1-ci maddələrinin tələbləri pozulmuşdur. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X5 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı X4 izahat verərək bildirdi ki, 27 noyabr 2024-cü il tarixdə, saat 9 radələrində xidmətdə olduqları müddətdə, sürücü təhlükəsizlik kəmərini bağlamadığı üçün işarə edib “MİTSUBİSHİ AİRTREK MİNİK” markalı, 90KH892 dövlət qeydiyyat nişanlı avtomobili saxlatmışdır. Özünü təqdim edib yaxınlaşan zaman sürücüdən kəskin spirt qoxusu gəlmişdir. Bu səbəbdən sürücünün sərxoşluq vəziyyətini alkotestr vasitəsilə yoxlamış, sərxoşluq vəziyyəti 0,3 promil olmuş, sürücü etiraz edib ümumiyyətlə spirtli işki qəbul etmədiyini bildirmiş, alkotestrin yoxlanış nəticəsini göstərən sənədi tələb etmişdir. Alkotestrin daxilindən nəticəni göstərən kağız daşıyıcı çıxmadığı və sürücü narazı qalıb əlavə yoxlanış tələb etdiyi üçün o sürücünü Oğuz rayonunda fəaliyyət göstərən Narkoloq həkimin yoxlanışına aparmışdır. Narkoloq sürücünü yoxlamış, sərxoşluq vəziyyəti 0,3 promil olmuşdur. Sürücü yenə də razılaşmamış, yenidən yoxlanmasını istəmiş, həkim narkoloq təkrarən sürücünü alkotestr vasitəsilə bir də yoxlamış, yenə də eyni nəticə müəyyən edilmişdir. Həkim narkoloq bu barədə müayinə aktı tərtib etmiş, sürücüyə elan etmiş, lakin sürücü narazı qaldığı üçün akta imza etməmişdir. O, müayinə aktını təhvil almışdır. Baş verənlər onun tərəfindən mobil telefonla çəkiliş aparılmaqla qeydə alınmışdır. Sürücü narazı qaldığı üçün qan analizi verəcəyini bildirib, özü yoxlamadan keçmək üçün getmişdir. Sonradan, təxminən 8-9 saat sonra sərxoşluqdan ayıq vəziyyətdə qayıdıb gəlmiş, saxlanılmış avtomobilini təhvil götürüb getmiş, barəsində toplanmış material aidiyyəti üzrə tədbir görülməsi üçün göndərilmişdir. O, tərtib etdiyi inzibati xəta haqqında protokolun əsaslı olduğunu qeyd edib, qanuna müvafiq qərar qəbul edlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 27 noyabr 2024-cü il tarixdə, saat 9 radələrində, idarə etdiyi “MİTSUBİSHİ AİRTREK MİNİK” markalı, 90KH892 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Avtomobili idarə edərkən təhlükəsizlik kəmərini bağlı olmuşdur. Lakin polis əməkdaşı ona yaxınlaşıb sərxoş olduğunu deyib yoxlanmasını təklif etmişdir. O sərxoş olmadığı, spirtli içki qəbul etmədiyinə arxayın olduğu üçün yoxlamadan keçməyə etirazı olmamışdır. Alkotestr vasitəsilə yoxlanılarkən aparat onun sərxoşluq vəziyyətinin 0,3 promil olduğunu göstərmiş, lakin alkotestrin daxilindən həmin nəticə kağız daşıyıcıda çıxmamışdır. O spirtli içki qəbul etməyi üçün yoxlamanın nəticəsindən narazı qaldığını bildirib yoxlama nəticəsini göstərən alkotestrin sənədinin verilməsini, alkotestrin standartlaşma tələblərinə uyğunluğunu göstərən sertifikatın göstərilməsini və yenidən həkim müayinəsindən keçməyi tələb etmişdir. Tələb etdiyi həmin sənədlər ona verilməyib göstərilməsə də yenidən müayinədən keçmək üçün Oğuz rayonuna narkoloq həkimin yanına aparılmışdır. Narkoloq həkim də onu özündə olan alkotestr vasitəsilə yoxlamış, elektron cihaz sərxoşluq vəziyyətinin 0,3 promil olduğunu göstərmişdir. O, spirtli içki qəbul etmədiyinə əmin olduğunu deyib təkrar yoxlanmasını tələb etmiş, təkrar yoxlamanın da nəticəsi eyni ilə 0,3 promil olmuşdur. Baş verənlər polis əməkdaşı tərəfindən mobil telefonla çəkiliş aparılmaqla qeydə alınmışdır. O, narazı qaldığı üçün qanının labarotoriyada yoxlanılmasını tələb etmiş, həkim narkoloq həmin yoxlamanın keçirilməsinin ona aid və belə şərait və imkanın olmadığını bildirmişdir. O, başqa yerdə qanından nümunə götürülməklə yoxlamadan keçəcəyini demiş, həkim və polis əməkdaşı etiraz etməmiş, lakin özünün gedib müayinə olunmasını, Mingəçevir şəhərində də bunun mümkünlüyünü demişlər. O, Mingəçevir şəhərinə gedib yoxlanması üçün həkimə müraciət etmiş, lakin bunun üçün məhkəmədən məktub gətirib təqdim etməsini istəmişlər. Artıq xeyli müddət keçdiyi və geç olduğu üçün o qayıtmış, müraciət edib avtomobilini dayanacaqdan götürmüşdür. Əgər sərxoş olmuşdursa avtomobilin ona qaytarılmalı olmadığını düşünmüşdür. Göstərilən hala görə və spirtli içki qəbul etmədiyinə arxayın olduğu üçün barəsində tərtib edilmiş protokoldan şikayət etmişdir. Hazırda da protokolun ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda o, həkim narkoloqun istifadəsində olan alkotestrin də standartlaşma tələblərinə cavab verən yoxlamadan keçməsini təsdiq edən sənədin ona verilməyib uzaqdan nümayiş etdirildiyi üçün surətinin məhkəmə tərəfindən götürülüb, yoxlama keçirilən cihaza aid olduğuna da baxmaqla materiala əlavə edilməsini istəmişdir. O, yoxlamanın keçirildiyi elektron cihazlarda sərxoşluq vəziyyətini göstərən ekrana özü baxıb nəticəni görsə də, həkimin müayinə keçirdiyi cihazın da daxilindən nəticə kağız daşıyıcıya çıxarılıb ona təqdim edilmədiyi və spirtli içki qəbul etmədiyinə arxayın olduğu üçün inzibati xəta haqqında protokolu əsassız hesab etmiş, ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş həkim narkoloq X3 izahatında bildirdi ki, o, müayinəyə təqdim edilmiş sürücü Şəxs səhər saat 945-də birinci şəxs olaraq sərxoşluq vəziyyətini istifadəsində olan A-025 Dinqo tipli alkotester vasitəsilə yoxlamış, sürüçünün sərxoşluq vəziyyəti 0,3 promil olmuşdur. Sürücü özü də nəticəni cihazın monitorunda müşahidə etmiş, lakin narazı qalıb yenidən yoxlanmasını istəmişdir. Təkrar yoxlanan zaman da eyni nəticə alınmış, buna baxmayaraq sürücü razılaşmamış, alkotesterdə qəbz çıxarılıb ona verilməsini tələb etmişdir. Sürücüyə istifadə olunan alkotesterdən nəticəni göstərən qəbz çıxmasının mümkünsüz, həmin alkotestrin belə imkanı olmadığı, nəticəni yalnız onun tərtib etdiyi müayinə aktına qeyd edib, imza və möhürlə təsdiq edib verəcəyini, onun da tanış olub münasibətini bildirb imza etməsi təklif olunmuşdur. Sürücü isə narazı qalıb imza etməmiş, lakin o, protokolla sürücünü tanış etdiyindən akta qeydini etmişdir. Sürücü alkotesterin standartlaşma yoxlamasından keçirilməsinə dair sertifikatı tələb etmiş, o, sertifikatın olduğunu bildirib sürücüyə göstərmişdir. O, qeyd olunan sertifikatın mövcudluğunu deyib, surətini məhkəmə təqdim edəcəyini bildirmişdir. Eyni zamanda sürücü qanından nümunə götürüb yoxlanılmasını istəmiş, o belə bir imkanı olmadığını söyləyib, başqa istədiyi yerdə gedib yoxlana biləcəyini, Mingəçevir şəhərində də mümkünlüyünü demişdir. O, müayinə keçirdiyi alkotesterin yararlılıq sertifikanının surətini məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan X1 Hüquqi Şəxs”in “Ölçmə vasitələrinin yoxlanılması haqqında” R№026716, ÖVY№155077 nömrəli Şəhadətnamənin surətindən görünür ki, “Oğuz rayon Mərkəzi Xəstəxanası” phş müəssisəsinə təhkim edilmiş A-025 tipli Alkotester ölşmə cihazı xx.xx.2024-cü il tarixdə yoxlamadan keçmişdir, Holoqram №009833 nömrə ilə yoxlanılan ölçmə vasitəsi təsdiq olunur, Bütöv ölşmələr “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin milli etalonları ilə reallaşdırılan Beynəlxalq Sistemin (Sİ) yuğun vahidləri ilə izlənilir. Növbəti yoxlama tarixi xx.xx.2025-ci ildir. - Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.1-ci maddələrinin tələblərini pozmuşdur. - Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 27 noyabr 2024-cü il tarixli, 612 saylı aktda göstərilir ki, həmin gün saat 945-də müayinə zamanı Şəxs 0,3 promil olan yüngül dərəcə alkoqol sərxoşluğu müəyyən olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi Şəki şəhərrayon Polis Şöbəsindən daxil olmuş material, tərəflərin izahatı ilə təsdiq olunmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş 27 noyanr 2024-cü il tarixli, 612 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktda Şəxs yungül dərəcəli sərxoş olması öz təsdiqini tapmış, lakin o, həmin nəticənin doğru olmadığını, şübhəli olduğunun mötəbər və ya hər hansı dəlillərlə əsaslandıra bilməmiş, yalnız özünün spirtli içki qəbul etmədiyinə arxayın olduğunu, özü gözü ilə alkotesterin manitorunda nəticəni görsə də alkotesterdən nəticəni əks etdirən kağız daşıyıcı çıxmadığı üçün yoxlamanın nəticəsinin düzgün hesab edilməli olmadığını göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində 2 azyaşlı uşağın olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, şərh olunanlara əsasən məhkəmə Şəxs Azərbaycan Respublikasının İXMnin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, inzibati tənbehin məqsədlərini, işin hallarını və onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə yanaşı, həmçinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilsin. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №3(075)-1211/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-1211/2024
19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver