Məhkəmə qərarları › İş №3(075)-129/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-129/2022

07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-129/2022 07.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, X1 iştirakı ilə X1 Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin 30 noyabr 2021-ci il tarixli, EXP-1214825 nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, 30 noyabr 2021-ci il tarixli, EXP-1214825 nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayət ərizəsində göstərmişdir ki, o, 30 noyabr 2021-ci il tarixdə Suraxanı rayonu Günəşli qəsəbəsində açıq havada olarkən bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq şəxsiyyət vəsiqəsini ondan istəmişdir. O da öz şəxsiyyət vəsiqəsini təqdim etmiş, maskasının qaydasında olduğunu, heç bir qayda pozuntusu etmədiyini və nə səbəbə şəxsiyyət vəsiqəsini istədiyini soruşmuşdur. Polis nəfəri əvvəllər barəsində İXM-nin 211.2ci maddəsi ilə protokol olduğunu bildirmiş və şəxsiyyət vəsiqəsinin şəklini çəkib vəsiqəni ona qaytarmışdır. Lakin həmin hal onu narahat etdiyindən “asanpay.az” saytına daxil olmuş və COVİD19-la bağlı ona cərimənin tətbiq edildiyini görmüşdür. Lakin onun barəsində tərtib olunmuş COVİD19-la bağlı protokoldan məlumatı olmamışdır. Ona heç bir sənəd təqdim olunmamışdır. Göründüyü kimi qanunvericiliyin tələbləri pozularaq barəsində olan həmin inzibati xəta haqqında işə baxılarkən o, inzibati işə baxılma yeri və vaxtı barədə məlumatlandırılmamış, barəsində olan inzibati xəta haqqında işə onun iştirakı olmadan və ona məlumat verilmədən baxılmışdır. Göründüyü kimi törədildiyi bildirilən inzibati xəta hadisəsinin törədilməsində qanunla müyyən edilmiş qaydada hər hansı bir təqsiri və qarşılıqlı əlaqəsi olmadan barəsində əsassız və qanunsuz qərar qəbul edilmişdir. Buna görə də həmin qərardan şikayət etməli olmuşdur. Məhkəmə iclasında X3 ərizəsinin təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin polis sahə inspektoru X4 tərtib etdiyi 30 noyabr 2021-ci il tarixli, EXP-1214825 nömrəli inzibati xəta haqqında protokol və onun əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəis müavini X7 tərtib etdiyi 30 noyabr 2021-ci il tarixli, EPQ-1199551 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X8 30 noyabr 2021-ci il tarixdə Bakı şəhərində qoruyucu tibbi maskadan il ərzində təkrarən istifadə etməyərək karantin rejimi qaydalarını pozması əsası ilə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin inzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqqında qərarda X2 qaydalarını hansı şəkildə, harada pozması konkret olaraq qeyd edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin polis əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati xəta haqqında qərarla razı olub-olmadığı da qeyd edilməmiş, ümumiyyətlə X5 iştirakı təmin edilməmişdir. Məhkəmə tərəfindən məhkəmə iclasları bir neçə dəfə təxirə salınmaqla, X5 barəsində qeyd edilən protokolun tərtib edilməsi üçün əsas olmuş sənədlərin, sübutların, əgər bunlar yazılı sübutlardırsa, təsdiq edilmiş surətlərinin (izahat, fotoşəkil, videogörüntü və sair) məhkəməyə göndərilməsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə sorğular göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən məhkəmənin məktubları cavablandırılmamış və həmin inzibati xətanın törədilməsinin xüsusi texniki avadanlıqlar vasitəsilə qeyd alınması barədə hər hansı foto və ya video görüntülər, vardırsa, şikayətçinin izahatı təqdim edilməmiş, həmçinin protokol hər hansı digər bir sübutla əsaslandırılmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 29 oktyabr 2021-ci il tarixli qərarına əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 yanvar saat 06:00-dək uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə 29 may 2020-ci il tarixli qərarının 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1.5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Həmin Qərarın 3-cü maddəsinə əsasən bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyriyoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Yoluxucu xəstəliklərin immunoprofilaktikası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər. Yoluxucu və parazitar xəstəlik mənbələrində karantin-təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin polis sahə inspektoru X4 tərtib etdiyi 30 noyabr 2021-ci il tarixli, EXP-1214825 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 30 noyabr 2021-ci il tarixli, EPQ-1199551 nömrəli inzibati tənbeh vermə haqqında qərarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 tərəfindən 30 noyabr 2021-ci il tarixdə Bakı şəhərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinin tələblərinin pozulduğu göstərilmişdir. X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə protokolda onun həmin protokolla razılaşıb-razılaşmadığı barədə qeydlər aparılmamışdır. X3 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəis müavini X10 30 noyabr 2021-ci il tarixli, EXP-1214825 nömrəli inzibati xəta haqqında protokola istinad etməklə X5 200 manat məbləğində inzibati cərimə edilməsinə dair qərar qəbul etmişdir. Qanunvericiliyin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bundan başqa inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinin də tələbindən də göründüyü kimi inzibati xəta hadisəsinin fotosu həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək saxlanılmalıdır. Lakin məlumat verilməsinə baxmayaraq X5 həmin vaxt törətdiyi inzibati xəta hadisəsinin fotosu, videogörüntüsü məhkəməyə təqdim edilməmiş, ümumiyyətlə, X5 həmin vaxt Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokolu və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin polis sahə inspektoru X6 tərəfindən tərtib edilmiş 30 noyabr 2021-ci il tarixli, EXP-1214825 nömrəli inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş 30 noyabr 2021-ci il tarixli, EPQ-1199551 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin polis sahə inspektoru X6 tərəfindən tərtib edilmiş 30 noyabr 2021-ci il tarixli, EXP-1214825 nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəis müavini X10 tərəfindən qəbul edilmiş 30 noyabr 2021-ci il tarixli, EPQ-1199551 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar