Məhkəmə qərarları › İş №3(075)-134/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-134/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-134/2025 14.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Şəki ŞRPŞ xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat inzibati cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında həmin qərardan narazı qalan X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməktə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilməsinə dair Şəki Rayon Polis Şöbəsinin MN seriyalı ******* nömrəli, 14 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və bərəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Şəki Rayonu Cəfərabad kəndində yaşayır, yaşadığı evin 500 metr radiusunda digər yaşayış evləri yoxdur. 14 fevral 2025-ci il tarixində Şəki Rayon Polis Şöbəsinin əməkdaşları onun həyətinə yaxınlaşaraq, onun yanında olan sahənin təmiz saxlanılmadığını ona bildirdilər. Onlar əllərində olan sənəddə qeydiyyat apardılar, ancaq bu sənədin mahiyyətini ona izah etmədilər. Həmin sənəddə qeydiyyat apararkən polis əməkdaşları onun tərəfindən məişət tullantılarının atıldığını yazdılar, lakin o, buna etiraz etmişdir. Çünkü polis əməkdaşlarının məişət tullantıları kimi qeyd etdikləri əslində inək peyni, ağac yongarı və samanın qarışığından hazırlanmış vermikompost adlanan üzvi gübrədir. O, qeyd olunan sənəddə həmin üzvi gübrəni xalq arasında tanınan adıyla “mal peyni” kimi yazmışdır. Bilindiyi kimi, məişət tullantıları ətraf mühitin çirklənməsinə səbəb olur, lakin üzvi gübrələr isə əksinə ətraf mühiti qoruyur, torpağı və bununla da ətraf mühiti canlandırır. Daha sonra polis əməkdaşları ona yalnız şifahi xəbərdarlıq edərək, heç bir rəsmi sənəd təqdim etmədən ərazidən uzaqlaşıb getdilər. 14 fevral 2025-ci il tarixində axşam saatlarında o, İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli protokolun yazılması və 300 manat cərimə olunması barədə “ASAN Pay” vasitəsilə SMS bildirişi göndərildi. Bundan sonra ona aydın oldu ki, Şəki Rayon Polis Şöbəsinin əməkdaşları Azərbaycan Respublikası İXM-nin 266.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi bəhanəsi ilə barəsində 14 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişlər. Lakin bu protokol və onun 300 manat cərimə olunması qanunvericilik müddəalarına zidd və əsassızdır. JN-126A saylı 2001-ci tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Şəki Rayon Cəfərabad kəndində 0,62 ha torpaq sahəsi mərhum atası X3 mülkiyyətinə verilmiş və fərdi yaşayış evləri də həmin torpaq sahəsində yerləşir. Həmçinin, Respublika Dövlət Arxivinin Şəki Filialının 06 iyul 2009-cu il tarixli 778 nömrəli arayışına əsasən ailə tərkibi böyük olduğu üçün mərhum atası X7 Rayon Cəfərabad kəndində 0,62 ha torpaq sahəsi yanında ev tikmək üçün əlavə olaraq 0,08 sotluk həyətyanı torpaq sahəsi verilmişdir. Əslində, o, vermikompost adlanan üzvi gübrəni qeyd olunan 0,08 sotluk torpaq sahəsinin ərazisində bir tərəfə yığmışdır. Göründüyü kimi, o, məişət tullantıları atmamış, vermikompost adlanan üzvi gübrəni ailələrinə ayrılmış 0,08 sotluk torpaq sahəsində saxlamışdır. Onun barəsində protokol tərtib edilərkən, polis əməkdaşları tərəfindən inzibati xəta haqqında iş üzrə icraat zamanı hüquqları və vəzifələri ona izah edilməmiş, bununla da İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinin tələbləri pozulmuşdur. Eyni zamanda, inzibati xəta haqqında protokolun surətini ona verməyərək İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinin müddəalarına əməl edilməmişdir. Həmçinin, polis əməkdaşları protokolun məzmunu barəsində ona öz mülahizələrini təqdim etmək hüququnun həyata keçirməsinin qarşısını almış, bununla da İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinin tələblərini pozmuşlar. Yuxarıda qeyd olunanlara baxmayaraq, Şəki Rayon Polis Şöbəsinin MN seriyalı ******* nömrəli, 14 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarına əsasən o, Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməktə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Şəki Rayon Polis Şöbəsi onu işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməmiş, işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmamış və bununla da tnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Həmçinin, Şəki Rayon Polis Şöbəsi onun inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqlarını həyata keçirməsinin qarşısını almış və bununla da İnzibati Xətalar Məcəlləsinin 61.1.1-61.1.5-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Eyni zamanda Şəki Rayon Polis Şöbəsi işə onun və ya müdafiəçisinin iştirakı ilə baxmamaqla, İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 65.1-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Şəki Rayon Polis Şöbəsi tərəfindən MN seriyalı ******* nömrəli, 14 fevral 2025-ci il tarixli protokol üzrə qərarı ona təqdim olunmamışdır. Odur ki, Şəki Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsinə istinad edilərək MN seriyalı ******* nömrəli, 14 fevral 2025-ci il tarixli protokol üzrə qərarı qəbul edilməsi tamamilə əsassızdır. Məhkəmə iclasında şikayətçi X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati tənbeh vermə haqqıda qərar qəbul etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqıda qərar qəbul etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, şikayətçinin və səlahiyyətli orqanın izahatına məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 15:10 radələrində yaşadığı evinin qarşısına məişət tullantıları ataraq İXM-nin 266.3-cü maddəsinin tələblərini pozduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. - xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-nin 266.3-cü maddəsinin tələblərini pozduğu üçün barəsində 300 manat məbləğdə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Fotoşəkillərdən görünür ki, X4 tərəfindən yol kənarına məişət tullantıları yığılmışdır. “Tullantılar haqqında” Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinin 10-cu bəndinə əsasən tullantılar - qanunvericiliyin müddəalarına müvafıq olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyalar hesab edilir. Həmin Qanunun 1-ci maddəsinin 12-ci bəndinə əsasən tullantıların yığılması (toplanması) - tullantıların sonradan istifadə edilməsi, utilizasiyası və ya basdırılması (məhv edilməsi) məqsədilə icazə verilmiş yerlərdə müvəqqəti yerləşdirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. İş materiallarından və ərizəçinin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, X1 qanunvericiliyin tələblərini pozaraq tutumlardan (urnalardan) kənar yerdə məişət tullantıları yığıb, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında X4 tullantı yığılan ərazinin mülkiyyətində olduğu ərazi olmasını bildirsə də, məhkəmə hesab edir ki, şəxsin mülkiyyətində olan ərazidə də, tutumlardan (urnalardan) kənar yerdə məişət tullantıları yığılması qanuna ziddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X1 onun əməllərində pozuntuların olmadığını vurğulasa da, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X4 tərəfindən İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati tənbeh vermə haqqında qərar və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Odur ki, X2 şikayətində qeyd olunan 14 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olması ilə bağlı hallar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X2 barəsində tərtib edilmiş 14 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4, 135.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar