Məhkəmə qərarları › İş №3(075)-151/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-151/2021

29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-151/2021 29.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X1 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X3 ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarından şikayət verilmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X3 ərizəsini onunla əsaslandırmışdır ki, Şəki ŞRPŞ-nin xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə edilmişdir. Həmin qərarda qeyd edilir ki, vətəndaş X3 xx xxxxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində Sarabski küçəsində yerləşən təkər təmiri sexində idarə etdiyi maşını təmir etdirərkən karantin rejimi qaydalarını pozmuşdur. O, həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, o, heç bir karantin qaydalarını pozmamışdır. Eyni zamanda onu da qeyd edir ki, həmin vaxt etiraz etmiş və hansı karantin qaydasını pozduğunu soruşduqda ona heç bir sübut təqdim edilməmişdir. Bundan başqa protokolun surəti də ona təqdim edilməmişdir. Belə olduqda araşdırma aparılmadan qərar qəbul edilə bilməz. Göründüyü kimi Şəki ŞRPŞ tərəfindən heç bir obyektiv araşdırma aparılmadan barəsində əsassız və qanunsuz qərar qəbul edilmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, şikayət əsaslı deyildir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx xxxxxx 2020-ci il tarixdə, saat 12:30 radələrində Şəki şəhəri, Sarabski küçəsində yerləşən təkər təmiri sexində idarə etdiyi maşınını təmir etdirərkən karantin rejimi qaydalarını pozmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsini pozduğuna görə təqsirli bilinmiş və 200 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş X1 xx xxxxxx 2020-ci il tarixli izahatından görünür ki, X3 xx xxxxxx 2020-ci il tarixdə, saat 12 radələrində Şəki şəhəri, Sarabski küçəsində yerləşən təkər təmiri sexində idarə etdiyi maşınını təmir etdirərkən karantin rejimi qaydalarını pozduğunu etiraf etmiş, bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxxxx 2020-ci il tarixli, 450 nömrəli qərarına əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılmışdır. Həmin qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılması qərara alınmışdır. Fəaliyyətinə icazə verilən sahələr bunlardır: 1. hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti; 2. fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti; 3. səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri; 4. kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti; 5. fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti; 6. apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti; 7. kütləvi informasiya vasitələrinin fəaliyyəti; 8. mühafizə xidmətləri. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyriyoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Yoluxucu xəstəliklərin immunoprofilaktikası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər. Yoluxucu və parazitar xəstəlik mənbələrində karantin-təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Göründüyü kimi şikayətçi X3 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmişdir. Belə ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar fəaliyyətinə icazə verilən sahələrin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən konkret müəyyən edilmişdir. Fəaliyyətinə icazə verilən sahələr içərisində avtomobil və onun hissələrinin təmiri nəzərdə tutulmamışdır. X3 xx xxxxxx 2020ci il tarixdə Şəki şəhəri, Sarabski küçəsində yerləşən təkər təmiri sexində idarə etdiyi maşınını təmir etdirməklə xüsusi karantin rejimi qaydalarının tələblərini pozmuşdur. Bu hal iş materiallarına əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmış, X3 özü də xx xxxxxx 2020ci il tarixli izahatında törətdiyi inzibati xətanı etiraf etmişdir. Göstərilən əsaslarla məhkəmə X1 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsi təmin olunmasın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar