Məhkəmə qərarları › İş №3(075)-162/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-162/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-162/2025 21.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki Rayon Prokurorunun köçəkçisi, stajor X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şəki Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında icraat üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki Rayon Prokuroru Baş Ədliyyə müşaviri X4 tərəfindən hüquqi şəxs Şəxs MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda qeyd edilir ki, hüquqi şəxs Şəxs MMC-ni təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - təsisçisi və qanuni təmsilçisi X2 tərəfindən 2019-2025-ci illər ərzində mikro sahibkarlıq subyekti olaraq MMC-nin işçilərinin əmək haqlarının və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini özündə əks etdirən əmək haqqı cədvəllərini, tabelləri və digər ilkin uçot sənədlərinin tərtib edilməsini təmin etməyərək “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunu aparmamışdır. Bununla da hüquqi şəxs tərəfindən İXM-in 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Şəki Rayon Prokurorunun köçəkçisi, stajor X8 izahat verərək bildirdi ki, hüquqi şəxs Şəxs MMC-ni təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - təsisçisi və qanuni təmsilçisi X2 tərəfindən 2019-2025-ci illər ərzində mikro sahibkarlıq subyekti olaraq MMCnin işçilərinin əmək haqlarının və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini özündə əks etdirən əmək haqqı cədvəllərini, tabelləri və digər ilkin uçot sənədlərinin tərtib edilməsini təmin etməyərək “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunu aparmamışdır. Bununla da X2 inzibati xəta törətdiyinə görə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar X2, X9 və X6 izahatları və hadisə yerinə baxış protokolu ilə təsdiq olunur. 25 fevral 2025-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Şəxs təsisçisi və qanuni təmsilçisi X1 MMC-də işlədiyi bütün dövr ərzində mühasibat uçotunu aparmadığı, uçot sənədlərinin (əmək haqqı cədvəlləri, tabellər və sair) mövcud olmadığı müəyyən edilmişdir. Hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qanuni və əsaslıdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X2 izahat verərək bildirdi ki, Şəxsnin 2019-cu il tarixdə təsis etmiş, hazırda da təsisçisidir, indiyə kimi direktoru olmamışdır. Özü faktiki olaraq direktor kimi Mərkəzin işini idarə edir. Mərkəzin binası icarə müqaviləsi ilə onun istifadəsindədir. İlqar Mirzəyevlə aralarında icarə müqaviləsi vardır. xx.xx.2019-cu il tarixdən Şəxs fəaliyyət göstərir. Hazırda Mərkəzdə 4 nəfər işçisi var. X7, Fərid Məmmədov, loqoped Pərvanə Xasməmmədova, reseption üzrə mütəxəssis Elnarə Bəkirova direktoru olduğu mərkəzdə fəaliyyət göstərirlər. Mərkəz olaraq psixoloji, loqoped, psixopedaqoq sahələri üzrə həm azyaşlılara, həm də 3 yaşından yuxarı olan bütün şəxslərə qeyd etdiyi sahələr üzrə xidmət göstərirlər. Digər psixoloq və pedaqoqlar ali təhsilli mütəxəssisdir. Onlar fəaliyyətlərində dərman yazmırlar, yalnız təlimlər keçirlər, psixoloji və nitqində qüsur olarsa, loqopedik xidmət göstərirlər. Şəxs ünvan 1 ünvanında yerləşir. Loqopedik xidmətdə artikulyasiya aparatı, dil masajı, loqopedik dərslərdən nəfəs məşqləri, kiçik və böyük moterika hərəkətləri olur. Səs qoyuluşları, dil hərəkətləri, dil gimnastikası və sair proseduralar onların mərkəzdə loqopedləri tərəfindən azyaşlılara və böyüklərə etdirilir. Bildirmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı əsassız hesab edir. Belə ki, o, sadə vergi ödəyicidir. Mərkəzdə kassadan istifadə olunmur. Buna görə də kassa kitabı mövcud deyil. Vegi ilə bağlı çeklər vardır. Müqavilədə iş saatları sərbəstdir. Əməkdaşları mərkəzdə əlavə iş yeri kimi işləyirlər. Rəsmi tabel tərtib eləmir. Özünü nəzarəti üçün tabel tərtib edib, müalicə üçün müraciət edən olanda əməkdaşları çağırır. Hesab edir ki, onun əməllərində inzibati xəta tərkibi yoxdur. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC barəsində İXM-nin 462.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. - Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs MMC-də nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, xüsusi razılıq tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan məşğul olan şəxslərin aşkar edilməsi məsələsi üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək operativ vergi nəzarəti həyata keçirilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında icraat materiallarından göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC 2019- 2025-ci illər ərzində mikro sahibkarlıq subyekti olaraq MMC-nin işçilərinin əmək haqlarının və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini özündə əks etdirən əmək haqqı cədvəllərini, tabelləri və digər ilkin uçot sənədlərinin tərtib edilməsini təmin etməyərək “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunu aparmadığına görə inzibati məsuliyyətə cəlb olunması məqsədilə barəsində İXM-nin 462.1-ci maddəsi ilə icraat başlanılmışdır. Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsində “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə də məsuliyyət nəzərdə tutulmuşdur. Lakin inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərarı qəbul etmiş orqan tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi tərəfindən inzibati xətanın törədilməsi inkar edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qəbul etmiş orqanın üzərinə düşür. Lakin inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qəbul etmiş orqan heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göründüyü kimi hazırkı işdə inzibati xəta hadisəsinin baş verməsi və Şəxs MMC-nin inzibati xəta törətməsi barədə təqsiri sübut olunmadığına görə barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar