Məhkəmə qərarları › İş №3(075)-165/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-165/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-165/2024 19.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1974-cü il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, evli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş 30 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2325/2019 saylı, 31 iyul 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs cəmi 30872 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Sözügedən borc borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol 30 noyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş, Şəki Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 3(075)-1120/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməsi qərar alınmışdır. Şəki Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 3(075)-1120/2023 saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən 12 dekabr 2023-cü il tarixdə apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 3(107)-359/2023 saylı qərarı ilə barəsində həmin qərar qəbul edilmiş şəxs Şəxs tərəfindən verilmiş şikayət təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 3(075)-1120/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 3(075)-1120/2023 saylı qərarından tələbkar Zərərçəkmiş şəxs tərəfindən 02 fevral 2024-cü il tarixdə apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 3(107)-55/2024 saylı qərarı ilə tələbkar Zərərçəkmiş şəxs şikayətinin qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 3(075)-1120/2023 nömrəli qərarının ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materialları Şəki Rayon Məhkəməsinə daxil olmuş, iş üzrə məhkəmə baxış iclası 14 mart 2024-cü il tarixə, saat 12:20-ə təyin edilmiş, 14 mart 2024-cü il tarixdə məhkəmə iclası keçirilmiş, daha sonra bu günə, yəni 19 mart 2024-cü il tarixə, saat 12:00-a təyin edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2325/2019 saylı, 31 iyul 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs cəmi 30872 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər məhkəməyə göndərilmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Borclu Şəxs izahatlarında, həmçinin xx.xx.2023-cü il tarixli izahatında mövcud borcunu qazancı, maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini, gələcəkdə hissə-hissə ödəyəcəyini bildirmişdir. Bildirmişdir ki, borclu tərəfindən icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs 3000 manat məbləğdə pul vəsaiti nəğd olaraq ödənilmiş, pul vəsaiti tələbkar tərəfindən qəbul edilmişdir. Növbəti ödənişlər borclu tərəfindən tələbkara ödənilməsi üçün, tələbkarın bank hesabı olmadığından, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin depozit hesabına aparılmış, borclu tərəfindən cəmi 2300 manat pul ödənilmişdir. Ümumilikdə isə borclu tərəfindən tələbkarın xeyrinə 5300 manat pul ödənilmişdir. Bundan başqa 18 mart 2024-cü il tarixdə borclu tərəfindən 300 manat məbləğdə tələbkara ödəniş edilmişdir. İcra sənədi üzrə qalan borc məbləğləri ödənilməmiş qalmışdır. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)- 2325/2019 nömrəli, 31 iyul 2019-cu il tarixli icra sənədinə əsasən ondan cəmi 30872 manat pul alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar olaraq icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs 3000 manat məbləğdə pul vəsaiti nəğd olaraq ödənilmiş, pul vəsaiti tələbkar tərəfindən qəbul edilmişdir. Növbəti ödənişlər Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin depozit hesabına aparılmışdır. Bundan başqa tələbkara ödənilməmiş borcundan 2300 manat pul ödənilmişdir. Ümumilikdə isə tələbkarın xeyrinə 5300 manat pul ödənilmişdir. Həmçinin 18 mart 2024-cü il tarixdə 300 manat məbləğdə tələbkara ödəniş edilmişdir. Maddi imkanı aşağı olduğu üçün borcunu tam olaraq ödəyə bilmir. Qalan borcunu da ayda 300 – 500 manat məbləğlərdə hissə-hissə ödəyəcəkdir. Törətmiş olduğu əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X4 izahat verərək bildirmişdir ki, borclu qərəzli olaraq icra sənədlərinin icrasında yayınmır. Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə diqqətə çatdırır ki, Şəxs borcunu bağlaya bildiyi halda, bu günə kimi borcundan ödəniş etməyən, qərarı üzürsüz səbəbdən icra etməyəcəyi təqdirdə inzibatı və cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdar olunmuş, icra tədbirləri nəticəsində borcundan az məbləğdə ödəniş etmiş, ödənilməmiş borcu isə yüksək məbləğ təşkil etmişdir. Dəfələrlə borcunun ödənilməsi tələb olunsa da müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmış Şəxs barəsində təkrarən cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədinə nail olması nəticəsinə gəlməsi ədalətli deyildir. Məhkəmə hesab edir ki, Şəxs icra məmurunun xəbərdarlıqlarına məhəl qoymamasını, bu günkü günə qədər borcundan əhəmiyyətli ödəniş etməməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 19 mart 2023-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar