Məhkəmə qərarları › İş №3(075)-166/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-166/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-166/2024 18.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1983-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, alli təhsilli, evli, Şəki şəhəri, A.Məmmədov küç, 1/13 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş 29 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-863/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola 1 nömrəli əlavədə qeyd edilmişdir ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-863/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilmişdir: Cavabdeh "xxxx" MMC xx.xx.2022-ci il tarixli AVR-ELPHR saylı alqı-satqı müqaviləsi üzrə ümumi borc məbləği olan 17846,59 manatın 9000 manat hissəsində xx.xx.2023-cü il tarixədək, qalıq qalan 8846,59 manat məbləği isə12 ay müddətinə hər ay 737,22 manat olmaqla xx.xx.2024-cü il tarixə kimi "xxxx" QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. İcra sənədi xx.xx.2023-cü ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər göndərilmişdir. Lakin borclu cəmiyyətin rəhbəri, öhdəlik götürmüş şəxs tərəfindən könüllü icra müddəti ərzində və ondan sonrakı tələbin icrası təmin edilməmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının, əmlakının olub-olmaması barədə “Elektron İcra” sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. Aşkar edilmiş bank hesablarında olan pul vəsaitlərinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilərək banklara göndərilmiş, lakin banklardan pul vəsaitinin olması barədə məlumat verilməmişdir. Borclu cəmiyyətin rəhbəri, öhdəlik götürmüş şəxs bir neçə dəfə şöbəyə çağırılmış, cəmiyyətin borcunun ödənilməsi tələb olunmuş, lakin cəmiyyətin rəhbəri Şəxs cəmiyyətin gəliri olduğu halda borcu ödəməmiş, hər dəfə borcu ödəyəcəyini bildirsə də, heç bir ödəniş etməmiş, müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borcun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Cəmiyyətin gəlirinin olub-olmaması barədə cəmiyyətin rəhbəri dəqiq məlumat verməmiş, lakin 11 saylı Ərazi Vergilər Baş idarəsinin verdiyi məlumata görə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək cəmiyyətin 5290,97 manat dövriyyəsi olmuş, 1015,14 manat vergi ödəmişdir. Buradan da görünür ki, cəmiyyətin gəliri olmuş, lakin cəmiyyətin rəhbəri Şəxs cəmiyyətin borcundan heç bir ödəniş etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 protokola əlavəyə uyğun izahat verərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, qeyd olunan icra sənədi barədə məlumatı var. İcraata başlamaq haqqında qərar və bildirişi almışdır, şikayəti olmayıb. İcra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməyinin səbəbi, cəmiyyətin borcu ödəyəcək qədər gəliri olmadığından borcu ödəyə bilməmişdir. İcra sənədi üzrə bu günədək heç bir ödəniş etməmişdir. Hazırda borcu ödəyə bilmir. Pul gözləyir. Qısa zamanda borcunu ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri fiziki şəxslər üçün məcburi olmasına baxmayaraq, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-863/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-nin rəhbəri Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni qüvvəyə minmiş qərarın icrasına laqeyd münasibət bəsləməklə bu qərarı icra etməmiş və bununla da icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan aktı icra edilməyərək kağız üzərində qalmışdır. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Məhkəmə iclasında da Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, eyni zamanda onun əmlak vəziyyətini, həmçinin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında vəzifəli şəxslərə ancaq cərimə cəzasının tətbiq edilməsinin nəzərdə tutulmasını nəzərə alaraq onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar