Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-171/2022 19.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, X1, Şəki rayonu, Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X4 iştirakı ilə, X1 21 fevral 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin qərar əsasında tətbiq edilmiş 50 (əlli manat) məbləğində inzibati cərimənin silinməsi barədə şikayət ərzəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Yol Patrul Xidməti tərəfindən yazılmış 21 fevral 2022-ci il tarixli, TP-4863270 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, həmin qərar əsasında tətbiq edilmiş 50 (əlli) manat məbləğində cərimənin silinməsi və barəsində olan inzibati işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 21 fevral 2022-ci il tarixdə saat təxminən 12:00-01:00 arasında “Mersedes Benz 200” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olan zaman A.Məmmədov küçəsində ** YP *** dövlət qeydiyyat nişanlı YPX avtomobili tərəfindən saxlanılmışdır. Polis inspektoru ona avtomobilinin arxa qabarit işıqlarından birinin yanmamasını irad bildirərək barəsində protokol tərtib etmək istəmişdir. Bu zaman o, polis əməkdaşına etirazını bildirmiş, yaxınlıqda olan avtomobil təmir məntəqəsində işləyən tanışını çağıraraq mövcud problemin yerində aradan qaldıracağını bildirmişdir. Ancaq polis inspektoru etiraz etmiş və xidmətdə olduğu üçün gözləmək istəməmişdir. Daha sonra özü nasazlığı aradan qaldırmağa çalışmış və avtomobilin işığı yanmışdır. Lakin polis əməkdaşı ona məhəl qoymayaraq barəsində İXM-nin 342.5-ci maddəsi ilə protokol tərtib etmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş qərara əsassız və qanunsuzdur. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki rayonu, Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X7 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 21 fevral 2022-ci il tarixdə təxminən saat 12:00 radələrində ** YP *** dövlət qeydiyyat nişanlı YPX avtomobilində xidmətdə olduğu zaman “Mersedes Benz 200” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa qabarit işıqlarının yanmamasını gördüyü üçün tərəfindən saxlanılmışdır. Yerə düşüb özünü təqdim etmiş və sürücüyə arxa qabarıt işıqlarının hər ikisinin yanmamasını qeyd edərək bunun inzabati xəta olmasını sürücünün diqqətinə çatdırmışdır. Sürücü ona həmin nasazlığın aradan qaldırılmalı olmasını bildirmiş və dərhal aradan qaldıracağını ona demişdir. Lakin sürücü nə qədər çalışsa da işiqlardakı nasazlığı aradan qaldıra bilməmişdir. Bundan sonra sürücü ona yaxın üsta olan dostu olduğunu və ona zəng edərək gəlib nasazlığı aradan qaldıra biləcəyini demişdir. Lakin o özü xidmətdə olduğundan sürücüyə bununla bağlı 10 dəqiqə vaxt verə biləcəyini demişdir. Lakin sürücü heç kəsə zəng vurmamış və beləliklə də onun barəsində məlum qərar qəbul etmişdir. Bildirmişdir ki, həmin vaxt sürücü onun 44 dəqiqə vaxtını almış və həmin müddət ərzində avtomobilindəki nasazlığı aradan qaldıra bilməmişdir. Həmçinin hiylə işlədərək avtomobilin açarlarının qəza düyməsini gizlicə basmaqla güya arxa qabarit işıqlarının yanması görüntüsü yaratmağa çalışmışdır. Hesab edir ki, tərtib etmiş olduğu qərar əsaslıdır. Ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşdə olan sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 şikayəti əsaslı deyildir. İşdə olan 21 fevral 2022-ci il tarixli, TP-4863270 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-nin 342.5-ci maddəsinin tələblərini pozduğuna görə 50 manat məbləğində cərimə edilmişdir. Şəki rayonu, Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X7 tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilmiş sözügedən hadisə lentə alınmış diskindən görünür ki, Şəki rayonu, Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X7 xidməti avtomobillə Şəki şəhəri, A.Məmmədov küçəsində xidmət aparan zaman “Mersedes Benz 200” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa qabarit işıqları yanmamış və o, İXM-nin 342.5-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, İXM-nin 342.5-ci maddəsində öz əksini tapmış “belə nasazlığın aradan qaldırılması mümkün olmayan” ifadəsi həmin an üçün aradan qaldırılmalı olması kimi şərh olunmalıdır. Lakin sürücü həmin vaxtda avtomobilində olan qeyd olunan nasazlığı aradan qaldıra bilməmişdir. Bundan başqa sürücünün məhkəmə iclasında “maşın ustası olan yaxın dostu olan şəxs tərəfindən qeyd edilən nasazlığın aradan qaldırılmalı” ola bilməsi ehtimalına məhkəmə şübhə ilə yanaşır. Belə ki, həmin anda gecə saat 00:30 radələri olmuş, həmin vaxt hər hansı avtomobil təmiri sexinin işləməsi və ya ustanın oyaq olub-olmaması inandırıcı görsənmir. Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə əsasən Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Şikayətçi məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinin tələblərini pozmadığını bildirir. Həmçinin nasazlığı yerində həll etdiyini vurğulasa da hadisənin video görüntüsündə bu hal öz əksini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati iş üzrə X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X3 İXM-nin 342.5-ci maddəsinin tələblərini pozması iş materiallarına əlavə edilmiş sənədlərlə, həmçinin məhkəməyə təqdim edilmiş CD diskdəki görüntü ilə tam təsdiq edilir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X3 barəsində qəbul olunmuş 21 fevral 2022-ci il tarixli, TP-4863270 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X3 Şəki rayonu YPX tərəfindən barəsində qəbul edilmiş 21 fevral 2022-ci il tarixli, TP-4863270 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və protokol əsasında yazılmış 50 manat cərimənin ləğv edilməsi barədə ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X3 21 fevral 2022-ci il tarixli, TP-4863270 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, həmin qərar əsasında tətbiq edilmiş 50 (əlli) manat məbləğində cərimənin silinməsi və barəsində olan inzibati işə xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov.
Məhkəmə qərarları › İş №3(075)-171/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-171/2022
19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver