Məhkəmə qərarları › İş №3(075)-174/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-174/2023

27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-174/2023 27.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin Sarıca PB-nin, polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxx 1979-cu il tarixdə Şəki rayonu, Şəki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əlilliyi olmayan, orta təhsilli, evli, işləməyən, Şəki rayonu, Aydınbulaq kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-nin Sarıca PB-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin Sarıca PB-nin, polis sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib edilmiş 27 fevral 2023-cü il tarixli İnzibati xəta haqqında Protokolda göstərilmişdir ki, Şəxs 27 fevral 2023-ci il tarixdə, saat 13:20-də Şəki rayonu, Aydınbulaq kəndi ərazisində ünvansız nalayiq söyüşlər söymüş və onu nizam iltizama dəvət edən polis əməkdaşılarının qanuni tələblərinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXMnin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin Sarıca PB-nin, polis sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 27 fevral 2023-cü il tarixdə, saat 13:20 radələrində polis baş serjantı Ceyhun Məmmədov və polis serjantı İslam Məmmədli birlikdə xidmətdə olduqları zaman bir nəfər şəxsin kəndin giriş hissəsində yerləşən marketin qarşısında ucadan nalayiq ifadələr işlətdiyini görmüşlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxsə nalayiq ifadələr işlətməməyini və ictimai qaydaları pozmamasını bildirdilər. Lakin həmin şəxs polis əməkdaşlarına “sizə nə var kimi söyürəm, gedin işinizlə məşğul olun, mən istədiyimi edərəm” ifadəsini işlədərək polis əməkdaşlarına qarşı kobudluq etmişdir. Polis əməkdaşları həmin şəxsi dəfələrlə nizam-iltizaman, ictimai qaydalara əməl etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də, həmin şəxs qəsdən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe omayaraq daha da aqresiv şəkildə öz hərəkətlərini davam etdirməklə ətrafdakı vətəndaşların diqqətini özünə cəlb etməyə çalışmışdır. Bundan sonra həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün Şəki ŞRPŞ-nin Sarıca PB-nə gətirmişlər. Polis bölməsində həmin şəxsin Şəki rayonu Aydınbulaq kənd sakini Şəxs olması müəyyən olmuşdur. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 27 fevral 2023-cü il tarixdə onun yaşadığı evdə komunal borclarını ödəyə bilmədiyi, maddi imkanı aşağı olduğu üçün əsəbləşmiş və ünvan 1 ünvansız söyüşlər söymüşdür. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq, onu sakitləşdirməyə çalışmışlar. Bundan sonra polis əməkdaşları onu polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz edərək, getməkdən imtina etmişdir. Daha sonra polis əməkdaşları onu xidməti avtomobillərinə əyləşdirərək, polis bölməsinə aparmışlar. Əməlindən peşman olduğunu bildirmişdir. Bir daha bu gür əməllərə yol verməyəcəyinə söz verir. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 27 fevral 2023-cü il tarixdə saat 13:20 radələrində Şəki rayonu Aydınbulaq kəndi ərazisində polis serjantı İslam Məmmədli ilə birlikdə xidmətdə olduqları zaman bir nəfər şəxsin kəndin giriş hissəsind yerləşən marketin qarşısında ucadan nalayiq ifadələr işlətdiyini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsə nalayiq ifadələr işlətməməsini, ictimai qaydaları pozmamasını bildirmişlər. Lakin həmin şəxs onlara “sizə nə var mən istədiyimi edərəm” ifadəsini işlədərək onlara qarşı kobudluq etmişdir. Onlar həmin şəxsi nizam-iltizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də, həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq, öz hərəkətlərini davam etdirməklə ətrafdakı vətəndaşların diqqətini özünə cəlb etməyə çalışmışdır. Onlar həmin şəxsi barəsində qanuni tədbirlər görülməsi üçün Şəki ŞRPŞ-nin Sarıca PB-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis serjantı X4 şahid X2 ilə oxşar məzmunda ifadə vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs sərxoş halda polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə, qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səs-küy salmış, ətrafdakıların diqqətini özünə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 27 fevral 2023-cü il saat 13:40-dan hesab edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar