Məhkəmə qərarları › İş №3(075)-183/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-183/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-183/2024 06.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, X2 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: X2 şikayət ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ-16187590 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 3(001)- 1218/2024 saylı qərardadı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 3(001)- 1218/2024 saylı qərardadı onunla əsaslandırılmışdır ki, qanunvericilik səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət vermə qaydasını fiziki şəxsə münasibətdə fiziki şəxsin yaşayış yeri, hüquqi şəxsə münasibətdə isə hüquqi şəxsin ünvanının olduğu yer üzrə müəyyən etsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydalara əsasən veriləməlidir. Sözügedən material üzrə törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi Şəki rayonu ərazisində baş vermişdir. Digər tərəfdən qeyd edilməlidir ki, X2 tərəfindən işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmasına dair vəsatət verilməmişdir. Qeyd olunanlara əsasən, sözügedən materialın aidiyyəti üzrə göndərilməsi qənaətinə gəlinmişdir. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, aidiyyət məsələsinin həll edilməsi üçün inzibati iş Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində işə baxılarkən aidiyyətin mübahisələndirilməsinə dair norma nəzərdə tutulmadığından, yəni bu məsələ İXM ilə tənzimlənmədiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli qərarına istinad etməklə, aidiyyət məsələsi mübahisələndirilə bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında göstərilmişdir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 77.1-ci maddəsinə əsasən, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 4 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İXM-nin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İşin faktiki halları ilə müəyyən olunur ki, inzibati xəta hadisəsi Qaraməryəm-İsmayıllı- Şəki yolunun 118-ci km-də Şəki istiqamətində törədilmiş, barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxs X2 ünvan 1 ünvanında qeydiyyatdadır. İnzibati tənbeh vermə haqqında qərarı isə Azərbaycan Respublikası DİN BDYPİ qəbul etmişdir. İnzibati Xətalar Məcəlləsində fiziki şəxsin yaşadığı yer üzrə şikayətin verilməsi imkanının nəzərdə tutulması məhz fiziki şəxsin məhkəməyə müraciət etməsini asanlaşdırmaqdan ibarətdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan baş vermiş inzibati xətanın Şəki rayonu ərazisində törədilməsi müəyyən edilmədiyi kimi, şikayətçinin məhkəməyə müraciəti də vəsatət kimi qəbul edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN BDYPİ polis polkovnik leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati təbeh vermə haqqında qərarından verilmiş şikayətə Şəki Rayon Məhkəməsində baxılmalı deyil. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 118 maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə dair material aidiyyət məsələsinin həll edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar