Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-191/2024 11.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Şəki ŞRPŞ-nin Sarıca polis bölməsinin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, 30 avqust 1997-ci il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, evli, işləməyən, əlilliyi olmayan, Şəki rayonu Kiçik Dəhnə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki ŞRPŞ Sarıca polis bölməsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 10 mart 2024-cü il tarixli İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs 19 fevral 2024-cü il tarixdə, Şəki Rayon Mərkəzi Xəstəxanasında sərxoş vəziyyətdə səs-küy salaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Şəki ŞRPŞ-nin Sarıca polis bölməsinin sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs yaşadığı evdə spirtli içki qəbul etmiş, daha sonra evin otağının qapısının şüşəsini yumruqla vurub sındırmışdır. Onu yaxın qohumları Şəki RMX-na gətirmişlər. Oraya başqa xəstə üçün gedən polis əməkdaşları psixiatriyadan gələn xəstənin o olub-olmadığını soruşduqda, Şəxs aqressiv şəkildə cavab verərək, nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları dəfələrlə onu nizam-intizama dəvət etsələr də o, tabesizlik göstərmiş, qoluna tikiş vurulduqdan sonra xəstəxananın həyətinə çıxaraq yenə də qışqırmış, söyüş söymüşdür. Yaxın qohumları onu maşına otuzduraraq oradan uzaqlaşdırmışlar. Protokolun gec tərtib edilməsinin səbəbi isə Şəxs xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasına getməsi və xx.xx.2024-cü il tarixdə geri qayıtması olmuşdur. Qeyd edilənlərə əsasən Şəxs İXM-nin hər iki maddəsi ilə təqsirli bilinərək ona inzibati həbs verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra qapıya vurması səbəbindən əli kəsilmişdir. Bu səbəbdən o, anası, nənəsi, Qonşusu Fuad və Mehman adlı qohumu ilə Şəki RMX Acil şöbəsinə gəlmişlər. Sarğı otağında onun qolunu tikən zaman bir polis leytenantı və bir serjant içəri girərək, içkili halda dəlixanadan qaçan şəxsin o olub-olmadığını soruşmuşlar. O, içkili olduğu üçün bu söz ona çox pis təsir etmiş, o də onlara kobud formada otaqdan çıxmalarını bildirmişdir. Ona qolu tikilən vaxt izahat verməli olduğunu bildirdilər. Serjantla aralarında mübahisə yarandı. Səs-küy oldu. Polis onun sarğılı qolunu qatlamış, o isə başı ilə onu itələmişdir. Sonra xəstəxananın həyətində qışqır-bağır salmışdır. Hadisə xx.xx.2024-cü il tarixdə olmuşdur. Həmin günə bileti olduğu üçün Bakı şəhərindən hava limanından Rusiya Federasiyasına getmişdir. Həkimlərə qarşı hər-hansı bir söyüş söyməmişdir, lakin qışqırmışdır. Polis serjantı onun əli tikiləndən sonra birbaşa əlini qatlamışdır. Həkimi təhqir etməsi məsələsini xatırlamır. Ola bilsin ki, həmin vaxt polislər onu nizam-intizama çağırıblar, lakin o xatırlamır. O, xırda xuliqanlıq əməlini törətdiyini etiraf edir, lakin polisə tabe olmama ilə bağlı hər hansı hərəkəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, o, Elmar və Fərahim Şəki RMX-nın Acil şöbəsində xidmət aparırlar. O, mühafizə polisidir. xx.xx.2024cü il tarixdə iki nəfər tikiş üçün gəlmişdi. Birincini tikdilər o yuxarı qalxdı. Sonra Şəxs gəldi. Səs olduğu üçün onlar sarğı otağına girmişlər. Girəndə görmüşlər ki, onun əlini tikən Adil həkimlə mübahisə edir. Onunla birlikdə anası, əmisi və sürücü də gəlmişdir. Ona dəfələrlə bildirmişdir ki, camaat var, səs-küy salma, lakin tabesizlik göstərirdi. Koridora çıxıb söyüş söyməyə başlamışdır. Müxtəlif otaqlara gismişdir. Həmin vaxt xəstəxanada qadınlar, uşaqlar var idi. Hər kəs baxırdı. Onu arxadan tutmuşdur. Bu vaxt ona kəllə atmış və paqonunu cırmışdır. Qohumları paqonu yerdən götürüb ona vermişlər. Sonra xəstəxananın həyətində söyüş söyməyə və qışqırmağa başlamışdır. Daha sonra onu maşına mindirib oradan uzaqlaşdırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, xx.xx.2024cü il tarixdə Şəki RMX-da Fərahim və Təvəkküllə birlikdə xidmətdə olarkən təxminən saat 01:0 radələrində Şəxs xəsarətlə xəstəxanaya gəlmişdi. Səs olduğu üçün onlar otağa girmişlər. Adil həkimlə mübahisə edirdilər. Təvəkkül onu sakitləşdirməyə çalışırdı. Lakin o, aqressivlik göstərərək söyüş söyməyə və qışqırmağa davam edirdi. Daha sonra koridorda söyüş söyüb qışqırmağa başladı. Təvəkkül onu arxadan tutanda o, təvəkkülə kəllə atdı. Hətta Təvəkkülün poqonunu da çırdı. Dəfələrlə onu nizam-intizama dəvət etsələr də o, tabesizlik göstərdi. Sonra xəstəxananın həyətində də söyüş söydü və onu maşına mindirərək oradan uzaqlaşdılar. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, xx.xx.2024cü il tarixdə gecə saat təxminən 01:00 radələrində Şəki RMX-na digər polislərlə birlikdə gəlmişdi. O, polis maşınını sürürdü. Sarğı otağında səs-küy olduğunu gördü. O da otağa girdi. Şəxs dəfələrlə sakit olmasını bildirsələr də o sakitləşmədi. Təvəkkülün formasını cırdı, ona kəllə atdı. Koridorda qışqırıb söyüş söyürdü. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 13:25-də tutulmuş, 14:15-də buraxılmışdır. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman 50 rus rublu, 1 ədəd alışqan, 1 qutu siqaret aşkar edilərək götürülmüşdür. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs nalayiq ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səs-küy salmış, ictimai qaydanı pozmuşdur. Hər nə qədər o, özünü xırda xuliqanlıqda təqsirli bilib, polisin qanuni tələbinə tabe olmamada təqsirli bilməsə də məhkəmənin ona polis tərəfindən səs-küy salan zaman, söyüş söyən zaman bu etməməli olması ilə bağlı hər hansı iradlarının olubolmaması barədə suallara yadımda deyil, xatırlamıram şəklində cavablar vermişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində ona inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 11 mart 2024-cü il saat 17:30-dan hesablansın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-191/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-191/2024
11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver