Məhkəmə qərarları › İş №3(075)-198/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-198/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-198/2025 29.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 iştirakı ilə, X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 26927232 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayət ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, EQ26927232 nömrəli inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati icraata xitam verilərək cərimənin hesabımdan silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixində Şəki şəhəri, Sabit Rəhman küçəsində yol hərəkəti qaydalarını pozmadığı halda, İXM-nin 327.1-ci maddəsinə əsasən 40 AZN məbləğində cərimə olunmuşdur. X6 60-cı maddəsinə əsasən, stop xətti olmadıqda sürücü svetoforun yolun hərəkət hissəsi ilə kəsişmə xəttində dayanmalıdır. O, maşınla hərəkət zamanı svetoforun yolun hərəkət hissəsi ilə kəsişmə xəttini keçməmiş və yol hərəkəti qaydalarını pozmamışdır. Qeyd olunan yolayrıcında stop xətti aydın şəkildə görünmədiyi üçün, demək olar ki, xəttin yox vəziyyətində olması səbəbindən maşınına tətbiq edilən cərimən haqsızdır. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli EQ 26927232 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan fotoşəkillərdən görünür ki, X5 idarə etdiyi “Mercedes Benz 200” markalı, **- NL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini işıqforda qırmızı işıq yanan zaman stop xəttini keçərək saxlamış, yol nişanlarının tələblərinə riayət etməmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. X1 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş fotoşəkillərə baxış keçirilmiş və həmin fotoşəkillərdən görünür ki, X5 idarə etdiyi “Mercedes Benz 200” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili işıqforun stop xəttini keçərək saxlamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, şikayətçi şikayət ərixəsində stop xəttinin görünmədiyini bildirsə də, işdə olan fotoşəkillərdən görünür ki, həmin yerdə işıqforunun stop xətti görüləcək dərəcədə mövcuddur. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, görə qırx manat məbləğində cərimə edilir. X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 idarə etdiyi “Mercedes Benz 200” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə yol nişanlarının tələblərini pozmamasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksi olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 qeyd olunan xətanı törətməsi fotoşəkillərlə müəyyən olunur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun şikayəti iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar sübutlarla öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, X1nun şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Məhkəmə X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 26927232 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar